MEMİ-lər – tələbat, ya təhlükə mənbəyi?

16:46 28.01.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Hər il, təxminən, 100 milyard paltar istehsal olunur, lakin bu miqdarın 85%-i elə həmin il tullantı kimi atılır. Bundan başqa, xeyriyyə təşkilatlarına verilən paltarların yalnız 10%-i ehtiyacı olanlara çatdırılır. Bu da sirr deyil ki, Qərb ölkələrinin geyim zibillikləri daha çox inkişaf etməmiş ölkələrdə yığılır. Dəbin təbiətə vurduğu ziyan həddindən artıq istehsal olunan və zibilə atılan paltarlar ilə də məhdudlaşmır. Bu yerdə "second hand"  geyim alqı-satqısı həm insanların, həm də təbiətin köməyinə çatır. İkinci əl paltarlar almağın üstünlüyü onları israf etməməkdədir.

Hesabatlara görə, yaxın 10 ildə ABŞ-da ikinci əl geyim bazarı indikindən üç dəfə çox olacaq. Hazırda ölkəmizdə də ikinci əl paltar ticarəti geniş yayılıb.

Elə isə gəlin görək, bizdə bu sahəyə maraq hansı səviyyədədir? Kimlər ikinci əl paltarlar alır? Bu geyimlər haradan gətirilir və hansı şəraitdə təmizlənir?

Hafta.az-ın əməkdaşı mövzunu araşdırmaq məqsədilə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “MEMİ”lərə üz tutdu.

Məsələ ilə bağlı bir neçə ikinci əl geyim dükanının satıcıları ilə ayaqüstü söhbət apardıq. Demək olar, bütün həmsöhbətlərimiz paltarların Avropa ölkələrindən gətirildiyini, həmçinin xüsusi məhlullarla dezinfeksiya olunduğunu bildirdilər.

Nəzərinizə çatdıraq ki, belə mağazaların qapılarına "Avropadan gətirilmiş paltarlar ucuz qiymətlərlə", “Brend paltarlar 25% endirimlə” kimi yazılar yazılmışdı. İlk olaraq elə ucuz qiymət yazılı etiketlər, təzə kimi görünən məhsulları axtardıqş “MEMİ”lər dəbdəbəli mağazalardan çox fərqlidir. Bu məkanların qaranlıq vitrinlərində müştərilərə təklif olunan paltarları gözə daha xoş göstərmək üçün heç bir ticarət hiyləsi edilmirdi. Sıx asılmış paltarların bəziləri kənardan rəngi solmuş, tozlanmış görüntü verirdi.

İkinci əl geyimlərlə bağlı bizləri maraqlandıran bütün suallara həmsöhbətimiz Sevinc xanım aydınlıq gətirdi. O, nə az, nə çox, düz – 10 ildir çörəyini ikinci əl geyimlərdən çıxarır.

Satıcının sözlərinə görə, tez-tez  mağazada  məhsullara 25% endirim edilir. Özəl günlərdə, əsasən də  Ramazan və  Qurban bayramlarında bir də mövsümün sonlarına doğru 50% endirimlər də olur:

“Burada satılan hər şey Avropa ölkələrindən, Belçika və Hollandiyadan gətirilən brend məhsullardır.10 ilə yaxındır, başqa-başqa yerlərdə “MEMİ”lərdə çalışmışam. Son 4 ildə isə burada işləyirəm. Əvvəlki illərə nisbətən hazırda bizdə alver elə də yaxşı getmir. Yan-yörədə o qədər “MEMİ” açılıb ki, hər kəs öz evinə yaxın olana üz tutur. Əvvəllər  satış çox yaxşı idi. “Nərimanov” metro stansiyasının  yaxınlığında 1-2 “MEMİ” var idisə, indi bu say 10-dan çoxdur. Bu səbəbdən də satışların azalması mənə normal gəlir. Fikrimcə, “MEMİ”lərə tələbat var ki, sayları bu qədər çoxalıb”.

İnsanlar düşünür ki, “paltar ikinci əldirsə, qiyməti ucuzdur”. İndi “MEMİ”lərdə 25 manatdan aşağı heç nə tapmaq olmur. Bu hədd, hətta 700-800 manata qədər yüksəlir.

“Belə ikinci əl geyim dükanlarında dollar qalxmamışdan – təxminən, 7-8 il bundan əvvəl 50-60 qəpiyə, 1 manata paltar satılırdısa, indi ən ucuz məhsul 20-25 manatdan başlayır. Bütün hallarda Bakıda bu qiymətə brend mal tapmaq qeyri-mümkündür. Üstəlik, geyimlər təmiz və keyfiyyətli olur. Yuyulduqdan sonra belə rəngi dəyişmir və tiftiklənmir. Özüm də bütün pal-paltarımı buradan alıram”.

Söhbət zamanı məlum oldu ki, buradan alış-veriş edənlər arasında müəllimlər, həkimlər, vəkillər və başqaları da var. Niyə də olmasın? İndiyə qədər dünyaca məşhur aktrisa və sənətçilərin bəzilərinin ikinci əl geyimlərinə üstünlük verdikləri haqqında az məlumat oxumamışıq:

“Haradasa 10 il əvvəl işə təzə başlayanda öz-özümə deyirdim ki, “Kim gəlib buradan alver edər? Başqasının paltarını alıb geyinər?”. Daha sonra gördüm ki, heç də elə deyil. Həkimlər, müəllimlər, hüquqşünaslar var ki, “MEMİ”nin daimi müştərilərinə çevriliblər. Qadınlar həmişə geyinib-kecinməyi sevən olublar. Qazancı elə də yüksək olmayan insanlarhansısa brend paltar mağazasından 70 manata 1 dənə köynək alıb geyinməkdənsə, həmin pula buradan 3-4 məhsul almağı daha üstün tutur. Mən heç vaxt burada satılan hansısa paltardan narazılıq edən müştəri görməmişəm. Deyirlər ki, “İkinci əl ayaqqabı almaq təhlükəlidir, adama xəstəlik keçirər”. İnandırım sizi, bu günə qədər  satdığım bütün ayaqqabılar alıcıları razı salıb. Onsuz da bu məhsullar Avropada xüsusi dərmanlarla dezinfeksiya edilib, təmizlənib. Ola bilsin bir çoxu yuyulmayıb, ancaq bakteriyalardan təmizləndiyinə əminəm”.

Biz söhbət edərkən müştərilərin öz aralarında pıçıldaşmasını da eşidirik. Deyəsən, kiməsə hədiyyə alırlar. Elə hey bir-birlərinə “Bu ayaqqabı yaxşıdır, görəsən, ayağına olacaq?”, “Səncə bəyənər?” kimi suallar verirdilər.

Qayıdaq paltarların keyfiyyəti məsələsinə... Təəssüflər olsun ki, mövzuda satıcılarla mütəxəssilərin rəyləri bir-birinə ziddir. Ekspertlərin fikrincə, bu zaman insanlar, hətta Azərbaycan üçün tanış olmayan infeksiyalara yoluxa bilərlər.

Müsahibimiz Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ikinci əl mallar bütün dünyada istehlakçı hüquqlarını pozan ciddi məsələlərdən biridir. Burada avtomobillər və evlər ilk sıralarda dayanır. İkinci əl geyimlərlə bağlı şikayətlər ildən-ilə azalır:

“Avropa ölkələrində ikinci əl paltarların hansı şəraitdə toplanmasına öz gözlərimlə şahid olmuşam. Müxtəlif müqavilələr əsasında belə paltarlar həm də Azərbaycana gətirilir. Həmin paltarlar alış qiymətindən 15-20 dəfə baha satılır. Apardığımız araşdırmalara görə, həmin paltarların içərisində 5 yaşından kiçik uşaqlar üçün geyimlər olmamalıdır. Biz isə görürük ki, bu yaş kateqoriyası üçün geyimlər satışda mövcuddur. Belə məhsullar başqa ölkələrə xas olan dəri xəstəliklərinin ölkəmizə gəlməsinə səbəb olan ilkin amillər sırasındadır”.

Ekspertin sözlərinə görə, daxil olan şikayətlərin əksəriyyəti alınan paltarların qaytarılması və dəyişdirilməsi ilə bağlıdır. E.Hüseynov daha sonra vətəndaşlara satıcının təmizlik vədlərinə inanmamağı tövsiyə etdi. O bildirdi ki, ikinci əl geyim alan hər kəs onu  yuduqdan və ütülədikdən sonra istifadə etməlidir.

Oxunma sayı 55