Rusiyanın Voloqda vilayətinin Nyuksen rayonunun bələdiyyə sədri Yuliya Şevtsova 19 yaşlı qızının sosial şəbəkələrdə yayılan videoda işlətdiyi ifadələrə görə vəzifəsindən uzaqlaşdırılıb. Gənc qızın videoda mübahisə etdiyi şəxsə "Sən kimsən, ağlını itirmisən? Bilirsən kimin qızıyam - anam kimdir? Bələdiyyə sədridir! Səni müharibəyə göndərəcəyik, elə göndərəcəyik ki, ağlını itirəcəksən" sözləri böyük reaksiya yardıb.
Hafta.az-ın yazdığına görə, hadisəyə ictimai reaksiyalar artdıqca, Rusiya Təhlükəsiz İnternet Liqasının prezidenti Yekaterina Mizulina Şevtsovanın istefa verməsinin “ən yaxşısı” olacağını bildirib. Şevtsova üzrxahlıq videosunda qızının “sadəcə uşaq” olduğunu və səhvindən peşman olduğunu bildirsə də, istefa verməkdən imtina edib. Bununla belə, Voloqda qubernatoru Georgi Filimonov Şevtsovanı vəzifəsindən azad etmək qərarına gəldiyini elan edərək, "Belə bəyanatlar müqəddəs və həssas bir məsələni lağa qoyur. Bu vəziyyət bizim regional administrasiyamızın dəyər və prinsipləri ilə bir araya sığmır" deyib.
Filimonov qərarın “sərt, lakin ədalətli” olduğunu deyib və Şevtsovaya qızının təhsili ilə yaxından maraqlanmağı, onu tibb bacısı kurslarına yönəltməyi və könüllü olaraq cəbhə xəttində yerləşən hərbi hospitallarda işləməsini tövsiyə edib.