“Mən hər iki peşəmi sevirəm” - ƏDƏBİ DÜŞÜNCƏ

11:40 15.10.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

 Səhətimlə əlaqədar olaraq Sabunçu rayonunun Bakıxanov qəsəbəsində fəaliyyət göstərən Bakı şəhər 11 saylı Poliklinikaya getdim. 208 saylı həkim otağına daxil olanda  xəstələri səmimi qarşılayan Məlahət Hümmətqızını gördüm, amma bir terapevt- həkim kimi orada çalışdığını görəndə gözlərimə inanmadım. Mən onu yazıçı-şair kimi tanıyırdım. İlk baxışdan xəyallarım məni yaxın keçmişə, 1993-cü illərə apardı. O illərdə Məlahət Hümmətqızının imzası mənə tanış idi. “Xalq”, “Azərbaycan gəncləri” və digər mərkəzi qəzetlərdə onun bir-birindən gözəl məqalələri, hekayə və şeirləri çap olunurdu.  “Xalq qəzeti”ndə Məlahət xanımın “Bir palatadan düşüncələr”adlı məqaləsini oxumuşdum, çox təsirli yazı idi.

Elə bu səbəbdən, “Ədəbi düşüncə” rubrikasının budəfəki qonağı AYB-nin üzvü, terapevt -həkim, yazıçı-şair Məlahət Hümmətqızıdır.

Məlahət Hümmətqızı (Məlahət İsayeva) 1972-ci ildə Bakı şəhərində doğulub, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində fəaliyyət göstərən Bakı şəhər 80 saylı tam orta məktəbi bitirib. 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. 1997-ci ildə adıçəkilən universiteti əla qiymətlərlə bitirərək, terapevt ixtisasına yiyələnib. İnternaturanı 3 saylı Şəhər Klinikasında keçirib.   Şəhər Səhiyyə İdarəsinin təyinatı ilə Bakı şəhər 11 saylı Poliklinikada terapevt-həkim kimi fəaliyyətə başlayıb. Gələn pasiyentlər və onunla bir yerdə çalışan həkimlər, tibb bacıları Məlahət xanımın qayğıkeşliyindən, peşəkar həkim kimi fəaliyyətindən razı qaldıqlarını bildirdilər.

- Məlahət xanım, biz sizi yazşıçı-şair və jurnalist kimi tanıyırdıq. Necə oldu ki, həkimlik sənətini seçdiniz?

- Uşaqlıq illərindən böyük arzularla yaşamışam. Həqiqətən, arzum jurnalist olmaq idi. Ona görə ki, ana babam Məhəmməd İbrahimli gözəl yazar, şair olub. Şirvan elində elə bir məclis olmazdı ki, babamı ora dəvət etməsinlər. Babam şirin söhbəti və şeirləri ilə məclisləri rövnəqləndirərdi. Anam gözəl hekayələr yazardı. Onun hekayələrini oxuduqca,  ədəbiyyata, jurnalistikaya marağım daha da artırdı. Yeri gəlmişkən deyim ki, istedad bizdə nəsilliklədir. Məktəb illərindən hekayə və şeirlər yazmağa başladım. Orta məktəbdə dərs əlaçısı idim. Ədəbiyyata xüsusi maraq göstərirdim. İnşa yazılar üzrə məktəblərarası keçirilən Bakı şəhəri və respublika turlarının həmişə qalibi olardım. Amma arzum ürəyimdə qaldı. Xatırladım ki, bir polis zabiti kimi, Azərbaycan polisinin şərəfini qoruyan atam məni çox istəyirdi. Açığını deyim ki, valideynlərim ailədə çox mehriban olublar. Atam anama bir dəfə də olsun güldən ağır söz deməyib. Eləcə də anam bir dəfə də olsun, atamın sözündən çıxmayıb. Çox mehriban ailə olmuşuq. Məni çox istəyən atamın arzusu ağ xalat geyimində həkim kimi görmək idi. Onun arzusunu həyata keçirib, həkimlik sənətini seçdim. Amma heç də peşman deyiləm. Hər dəfə xalatımı əynimə geyinəndə onu öpürəm.

- Nədən?

- Bir həkim kimi insanların sağlamlığı keşiyində dururam. Xalatımı ona görə öpürəm ki, mən həkiməm – şərəfli bir peşə sahibiyəm. Neçə-neçə insanı müalicə edib onları həyata qaytarıram. Mənim üçün bundan da şərəfli nə ola bilər axı? Həkimlik də bir peşədir. Peşəmi çox sevirəm. Atama minnətdaram ki, bu peşəni mənə sevdirdi.

- Sizcə, həkim necə olmalıdır? Axı həkim “Hippokrat” andına and içir. Bu gün həkimlər bu anda sadiq qalaq bilirlərmi?

- Hər bir insanın qəlbi, vicdanı var. Gərək hər vaxt qəlbini duyub, vicdanını görə biləsən. İnsan qəlbi bir güzgüdür. Hər dəfə evdən çıxıb, işə gələndə qəlbimin güzgüsünə baxıb özümü görürəm. Mən heç vaxt sənətimə xəyanət etməmişəm və etmərəm də. Həmişə “Hippokrat” andına sadiq qalmışıq. Həkimlik çox ağır peşədir. İnsan həyatı ilə çalışır. Xəstələrin taleyi onların əlində olur. Həkim sənətinin vurğunu olmalıdır. Böyük ümidlərlə yanına gələn xəstələrə şəfa verməlidir.  Biz bir həkim kimi təkcə poliklinikada oturub xəstələrə baxmırıq, hətta evlərə, çağırışlara gedirik. Biz Təcili Yardım Stansiyasının həkimləri ilə birgə işləyirik. Onlar cağırışa gedir, xəstələrə ilk yardım göstərdikdən sonra, poliklinikaya bu barədə məlumat verirlər. Biz isə gedib həmin xəstələri müayinə edib, tam sağalana kimi müalicəsini davam etdiririk.

- Bəs yaradıcılığa nə vaxtdan başlamısınız?

- Ədəbiyyata 1993-cü illərindən gəldim. Hələ 3-cü kursda oxuyanda Sabir həkim bizə daxili xəstəliklərdən dərs deyərdi. O, mənim istedadımı görüb yaradıcılığıma cığır açdı. Xatırladım ki, Sabir həkim 5 saylı şəhər kliniki xəstəxanasında müalicə alan bir xəstəsi “Xalq qəzeti”nin müxbiri Qalibə Eynullayeva ilə məni tanış edib dedi ki, tələbəmin gözəl istedadı var, zəhmət olmasa, onun hekayə və şeirlərinə baxasınız. Bir neçə şeir və hekayələrimi aparıb Qalibə xanıma təqdim etdi. Yazılarım onun çox xoşuna gəldiyindən, aparıb işlədiyi “Xalq” və digər mərkəzi qəzetlərdə çap elətdirdi. Bir sözlə, məni bir yazıçı və şair kimi ictimaiyyətə tanıtdı. Bu günə kimi üç – “Atasız dünya”,”Tənha yuva” şeirlər və “Qız anası” adlı hekayələrdən ibarət olan kitablarım işıq üzü görüb.

 - Bəs İki peşəni çiyninizdə necə daşıyırsınız?

- Hər iki peşə ilə yola getməyi bacarıram və hər ikisini də sevirəm. Hərdən şairlik peşəm həkimlik sənətimə kömək edir. Həkim sənətini mükəmməl bilməklə yanaşı, həm də gözəl şair və psixoloq olmalıdır. Bəzən yanımıza elə ümidsiz xəstələr gəlir ki, onları dinlədikcə qəlbim göynəyir. Bu məqamda həkimlik təcrübəmlə yanaşı, şairliyim də köməklik edir. Xəstələr bizə tək xəstəliyindən yox, həm də dərdlərindən, problemlərindən də danışırlar. Onları dinləyib məsləhərlər veririk. Arada şeirlər deyib, könüllərini alıb, qəlblərinə yol tapıram.

- Məlahət xanım bu yazar bolluğu içində özünü görə bilirmi?

- Ədəbiyyat çox ağır sahədir. Gərək ədəbi mühitdə bir yazar kimi özünü görə biləsən. Ona görə də güclü istedadın olmalıdır. İstedadının gücünə arxalanıb yazmalısan. Əgər oxucun varsa, demək, ədəbi mühitdə görünürsən. Mənim kifayət qədər oxucum var.

- Bir qrup gənc yazarımız var ki,  onlar özlərindənqabaqkı nəsilləri bəyənmirlər. Siz necə?

- İstedadı insana Tanrı bəxş edir. Hərəyə müəyyən ölçüdə. Hər bir dövrün özünün yazarı olub. Həmin yazarlar zaman-zaman ədəbiyyatı yaradıblar. Bütün Dünya ədəbiyyatının bünövrəsini dahi Nizami qoyub. Biz onu sevməyə bilmərik. Eləcə də Füzuli, Nəsimi, Sabir, Səməd Vurğun. Bəxtiyar Vahabzadə və başqaları. Adlarını çəkdiyimiz və çəkmədiyimiz keçmişdən üzübəri gələn yazarlarımız damla-damla yığışıb böyük bir ümman yaradıblar. Onları oxuyub,  mütaliə etməsəydim, gəlib bu səviyyəyə çatmazdım, bir yazıçı-şair kimi yetişib Məlahət  Hümmətqızı ola bilməzdim. O cür gənclər, mən deyərdim ki, çox yanlış fikirdədilər.  Görünür, ədəbiyyatımıza kölgə salan bir qrup istedadsızın toruna düşüb. O cür düşünməkdənsə, gözəl bir əsər yazıb ortalığa qoysaydılar, daha yaxşı olardı. Söz düşmüşkən deyim ki, bu gün ədəbiyyatımızda müəyyən boşluq var. Televiziya kanallarında yersiz seriallara baxmaqdan artıq doymuşuq. Bu gün ən yararlı sahələrdən biri də həkim peşəsidir. Təəssüflər olsun ki, həkim taleyi, xəstə-həkim münasibətlərinə çağdaş ədəbiyyatımızda az yer verilir. Ümumiyyətlə, bu sahədən yazan yoxdur. İslam Səfərlinin “Göz həkimi” tamaşası neçə illərdir, keçib hələ də öz aktuallığını saxlayır. Qarabağ hadisələri zamanı  tələbə yoldaşlarımızla Qanköçürmə İnstitutuna gedib, dəfələrlə qan verərdik. Eləcə də 1 saylı Şəhər Kliniki Xəstəxanasında yatan yaralı əsgərlərimizə həkimlərlə bərabər, biz tələbələr də ilk tibbi yardım göstərərdik. Yaralarını yuyardıq, sarğılarını dəyişərdik.  Söz düşmüşkən deyim ki, o vaxtlar işıq yox idi. Şam işığında xəstələrə tibbi yardım edərdik. “Bir palatadan düşüncələr” adlı yazdığım məqaləm də elə xəstəxanada yatan 4 nəfər döyüşçünün həyatından bəhs edir. Biz döyüşçülərimizin keçirdiyi ağrıları hiss edirdik. Onlarla bərabər bu ağrıları yaşayırdıq, onların qəhrəmanlıqları, döyüş şücaətləri ilə fəxr edərdik. O dövrdə Vətənə məhəbbət, Vətənə sevgi vardı. Elə bu sevgi ilə də çalışardıq, yazıb-yardardıq. Şeirimin bir bəndi ilə fikrimi tamamlamaq istəyirəm:

Günləri günlərə düz calayanda,

Görürəm ömürdən çox illər keçib.

Ömrümün ən gözəl şirin çağını,

Gözyaşlı günlərim tək silib keçib.