Məscid imamlarına aylıq təqaüd veriləcək

09:25 16.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstanda məscid imamlarına təqaüdün verilməsinə başlanılıb.

Hafta.az-ın yazdığına görə, bu barədə Qırğızıstan Müsəlmanları Dini İdarəsi məlumat yayıb.

Təqaüd dini işçilərin güzəranını yaxşılaşdırmaq və dini sektoru gücləndirmək üçün verilir. İlkin mərhələdə imamlar ayda 8 min som (92 dollara yaxın) alacaqlar.

“Bu gün biz tarixi bir qərarın şahidi olduq. İmam təkcə namaz qılan şəxs deyil, həm də cəmiyyətin mənəvi keşikçisi, milli şüuru oyandıran rəhbərdir. Onun sözləri millətin mənəvi simasını formalaşdırır, nəsihətləri sülhü qoruyur, baxışı gənclərə yol göstərir. İmama şərait yaratsaq, o, bütün cəmiyyətin şüurunun formalaşmasına kömək edər. İmamı dəstəkləsək, o, xalqın imanını düzgün istiqamətə yönəldər”, - deyən Qırğızıstanın müftisi Əbdüləziz Qori Zakirov bildirib ki, bu addım ölkənin gələcəyinin mənəvi bünövrəsidir.

Təqaüdlər ölkədəki bütün məscidlərdə rəsmi qeydiyyatdan keçmiş imamlara ödənilir. Qırğızıstan Müsəlmanları Dini İdarəsi bunun onların ianə və xarici yardımdan asılılığını azaldacağını bildirib.

Proqramın başlandığını ilk dəfə 2024-cü ilin dekabrında keçirilən III Xalq Qurultayında prezident Sadir Japarov elan edib. O zaman o, 2025-ci ilin mart ayından başlayaraq imamların ayda 8 min som maaş almağa başlayacağını, ilin sonuna kimi isə ödənişlərin məbləğinin 20,02 min soma (225 dollar) yüksələcəyini bildirmişdi.

Daha sonra “Kabar” xəbər agentliyinə müsahibə verən prezident bu məqsədlər üçün dövlət büdcəsindən heç bir vəsaitin xərclənməyəcəyini açıqlayıb.