Məsuliyyətsiz direktorlar və təhsil şöbələrinin müdirləri barədə ciddi addımlar atılacaq - Nazir müavini

14:47 12.12.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Orta məktəblərdə psixoloqların diaqnostik qiymətləndirilməsi dekabrın sonuna qədər keçiriləcək".

Hafta.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, diaqnostik qiymətləndirmədə təxminən 3000-ə yaxın psixoloqun iştirakı arzuolunandır: "Amma qeydiyyat artıq bitmək üzrədir. Qeyd edim ki, ölkə üzrə əlavə 800 psixoloqa ehtiyacımız var. Ümumtəhsil məktəblərində 2 mindən artıq psixoloq fəaliyyət göstərir. Hazırki diaqnostik qiymətləndirmə psixoloqların peşəkar səviyyəsini, eyni zamanda sahə üzrə ixtisas biliklərini müəyyənləşdirmək məqsədilə keçirilir. Diaqnostik qiymətləndirmədən sonra psixoloqların əmək haqqının artımı məsələsi tərəfimizdən müzakirə olunan vacib məsələlərdən olacaq".

“6 günlük dərs olan orta məktəblərdə Yeni ildə neçə gün bayram tətili olması hələ müəyyən edilməyib”. Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, hələlik bu məsələ ilə bağlı nazirlik qərar verməyib: "Hələlik həmin vaxta bir müddət var. Təhsil Nazirliyindən bu barədə məlumat veriləcək. Dərs günlərinin tənzimlənməsi ilə bağlı nazirlik məktəblərə məlumat verəcək".

"Məktəb direktoru həm təsərrüfata rəhbərlik edir, həm də gənc nəslin təlim-tərbiyəsi prosesinə cavabdehlik daşıyır". Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, direktor öz fəaliyyətini ölkə qanunlarına uyğun qurur: "Hər hansı direktor işlədiyi müəssisədən asılı olmayaraq idarəetmə qanunlarına istinad etmirsə, qanunun və mövcud qaydaların tələblərini pozursa, Təhsil Nazirliyi bu barədə qanunvericiliyə uyğun şəkildə müvafiq addımlar – intizam, hətta işdən kənarlaşdırma tədbirləri də həyata keçirir".

 Nazir müavini bildirib ki, məktəb böyük müəssisədir və burada məktəbdaxili münasibətləri idarə etmək asan deyil: "Amma məktəb direktoru üzərinə düşən məsuliyyəti başa düşür. Təhsil Nazirliyinin də ümumtəhsil məktəbini idarə etməsinə nəzarətini yaxşı bilir. Təhsil Nazirliyi ciddi şəkildə məktəblərin idarə olunmasına nəzarət edir. Düşünürəm ki, hər bir məktəb direktoru məsuliyyətini yaxşı dərk etməlidir. İstər şagirdlərinin sağlamlığının, təhlükəsizliyinin, istərsə də sağlam psixoloji mühitin yaradılmasının, məktəb-valideyn münasibətlərinin vacibliyini başa düşüb işini bu müstəvidə qurmalıdır. Bizim də tələbimiz bundan ibarətdir. Səmərəli fəaliyyət göstərən direktorlarımız çoxdur. Amma nöqsanlara yol verən direktorları da cəzalandırmaqdan çəkinmirik. Bundan sonra da nöqsanlara yol verən direktorla bağlı məlumat daxil olarsa, bununla bağlı müvafiq addımlar atılacaq".

"Bu gün təhsil sahəsində bizi narahat edən əsas məsələlər təhsil ictimaiyyəti ilə müzakirə olunur. Bu müzakirələrin içərisində şagirdlərim dərsə davamiyyəti də diqqətimizi çəkən aktual məsələlərdəndir". Məhəbbət Vəliyeva bildirib. Onun sözlərinə görə, bu dərs ilindən etibarən Təhsil Nazirliyi tərəfindən elektron şagird yerdəyişməsi sistemi fəaliyyətə başlayıb: "Həmin sistemdə oxuduğu məktəbdən asılı olmayaraq başqa məktəbə keçid edən şagird haqqında məlumatı görürük. Təbii ki, mərkəzi məktəblərdən ucqar məktəblərə gedən şagirdlərin dərsə davamiyyətinə yerli təhsil idarəetmə orqanı nəzarət edir. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən yerli təhsil idarəetmə orqanlarına, təhsil şöbələrinin müdirlərinə, o cümlədən məktəb rəhbərlərinə ciddi şəkildə tapşırıq verilib ki, məktəblərdə xüsusən də 10-11-ci siniflərə qəbul olan şagirdlərin dərsə davamiyyəti məsələsi xüsusi nəzarətə götürülsün. Şagird və valideynlərlə bu barədə söhbətlər aparılsın".

M.Vəliyeva bildirib ki, Təhsil Nazirliyi şagirdlərin dərsə davamiyyətinin zəif olduğu məktəblərdə məsuliyyətsiz yanaşan direktor və təhsil şöbələrinin müdirləri barədə ciddi addımlar atacaq.

“Gürcüstanda Azərbaycandilli məktəblər fəaliyyət göstərir. Təhsil Nazirliyi həmin məktəblərdə şagirdlərin dərsliklərlə təmin olunmasını öz üzərinə götürüb”.Məhəbbət Vəliyeva deyib.

Nazir müavini qeyd edib ki, həmin məktəblərdə kadr təyinatı məsələsi də Təhsil Nazirliyinin diqqətindədir.