Misirdə polislər etiraz edir

15:15 27.10.2011
Yazını böyüt
Yazını kiçilt
Misirdə 12 minə yaxın polis əməkdaşı bazar ertəsindən bəri ümummilli etiraz aksiyası keçirir. Onlar maaşlarının iki dəfə artırılması və polis rəhbərliyinin dəyişdirilməsini tələb edirlər. “Associated Press“ bildirir ki, dünən Misir DİN-nin binası qarşısında 3 minə yaxın polis mitinq keçirib. Onlar hərbi tribunallarda sıravi polislərə qarşı aparılan işlərin dayandırılmasını, DİN-nin sabiq başçısı və hazırda həbsdə olan Həbib əl Ədlinin dönəmində polis rəisləri olmuş şəxslərin işdən qovulmasını istəyirlər. Polislər ölkədəki bütün əsas yolları və polis idarələrini bağlayıblar. Qahirədəki beynəlxalq hava limanı, kurortlar, həbsxanalardakı polislər də etiraz aksiyasına qatılıblar. Hurqada şəhərində isə yüzlərlə polis Misir Təhlükəsizlik Xidmətinin yerli idarəsinin binasına girib. Onlar binadakı otaqları alt-üst edəndən sonra ikinci qata, rəisin otağına qalxıblar. İdarənin rəisi arxa qapıdan qaçıb. Hökumətin bu məsələyə mövqeyinin necə olacağı hələlik bəlli deyil. Artıq Misir rəhbərliyinin çıxış yolları axtardığı vurğulanır.