Meymunçiçəyi virusu pandemiya səviyyəsində qloballaşmayacaq – Həkim

18:28 23.05.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyasını geridə qoyub, həyatımızı normallaşdırmağa çalışarkən yeni virus adı eşitməyə yəqin ki hələ  heç kim hazır deyil. Ancaq təəssüflər olsun ki, reallıq fərqlidir. Bu dəfə virusun adı “meymunçiçəyi”dir və indiyə qədər ona 11 ölkənin 80 vətəndaşında rast gəlinib. Virus vəhşi heyvanların bədənlərində olur. Meymunçiçəyi adlansa da, əslində daha çox gəmiricilərdə müşahidə edilir.

Fərziyyələrə görə, Qərbi və ya Mərkəzi Afrikanın tropik meşələrində gəzən biri yoluxmuş heyvanla təmasda olub və xəstəlik ona da keçib.

Başqa bir söyləntidə isə, meymunçiçəyinin əslində bioloji silah olduğu deyilir.

Sözügedən virusa yoluxan  şəxsin dərisində maye ilə dolu qabarcıqlar əmələ gəlir, sonra onlar qabıqlanır.

İnsanlara yoluxaraq təbii yaşayış yerindən çıxan virus daha sonra yayılmaqda çətinlik çəkir.  Xəstəliyin digər fərdlərə də keçməsi üçün uzun və sıx əlaqə lazımdır. Bu səbəbdən epidemiya dar çərçivəyə malikdir və öz-özünə yox olur.

Daha əvvəl də bir neçə yoluxma halı müəyyən edilmişdi. İndiysə vəziyyət bir qədər fərqlidir.  İlk dəfə olaraq virus Qərbi və ya Mərkəzi Afrika ilə əlaqəsi olmayan insanlarda aşkar edilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, qarşıdan gələn yay mövsümündə “meymun çiçəyi” xəstəliyinin yayılma təhlükəsi var. Həmçinin deyilib ki, virusla bağlı xüsusi peyvənd yoxdur, lakin adi çiçək peyvəndi də “meymun çiçəyi” xəstəliyinə qarşı 85 % effektivdir.

Eyni zamanda, ÜST-nin Avropa ofisi yay aylarında keçirilən festivalların və digər kütləvi tədbirlərin “meymun çiçəyi” virusunun yayılmasını artıracağından ehtiyat edir.

Ölkəmizdə virus təhlükəsi ilə bağlı Hafta.az-a açıqlama verən həkim-infeksionist Mərdan Əliyev söylədi ki, hazırda meymunçiçəyi virusunun pandemiya səviyyəsində qloballaşacağı ehtimalı yoxdur. Belə ki, xəstəlik əsasən meymunlar arasında populyardır. İnsanlara yoluxma qabiliyyəti isə çox aşağıdır:

“Koronavirusda  xəstə insanla qısamüddətli təmas da kifayət idi ki yoluxma baş versin. Meymunçiçəyində isə uzun müddət yaxın kontaktda olmaq lazımdır ki, tənəffüs yolu vasitəsilə yoluxma baş versin”.

Həkim onu da vurğuladı ki, meymunçiçəyi heç də yeni növ virus deyil. 1950-ci illərdə tapılan xəstəlikdir. Onun xarakteristikası, gen quruluşu tibb elminə məlumdur və peyvəndi var:

“Böyük ehtimalla bir müddət sonra xəstəlik yox olacaq. Ona yoluxma isə Afrika ölkələrində demək olar hər il qeydə alınır. İndi onun alimləri narahat etməsinin əsas səbəbi bir neçə ölkədə eyni vaxtda aşkar edilməsi və bəzi yoluxma hallarının mənşəyinin müəmmalı olmasıdır”.

İnfeksionistin sözlərinə görə, Böyük Britaniyada homoseksuallar arasında yoluxma faktı qeydə alınıb. Bu da, meymunçiçəyinin insanlara cinsi yolla yoluxduğu faktını doğrulayır.

Qeyd edək ki, 1970-ci ildən bəri 10 Afrika ölkəsində epidemiyalar baş verib. Afrikadan kənarda ilk yoluxma 2003-cü ildə ABŞ-da qeydə alınıb. 2017-ci ildə Nigeriyada “Meymun çiçəyi”nə şübhəli 172 hadisə qeydə alınıb, xəstələrin 75 faizi 21-40 yaş arası kişilər olub. 2021-ci ildə isə Konqoda bu xəstəlikdən 24 nəfər dünyasını dəyişib.

Oxunma sayı 106