Millət vəkilləri karantin qaydalarına necə əməl edir? – SORĞU

16:56 10.07.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi Milli Məclisin yaz sessiyası başa çatıb. Deputatlar fəaliyyətini başa vurublar. Bəs indiki sərt karantin dönəmində onlar istirahət edə bilirlərmi? Rayonlara, seçiciləri ilə görüşə və ya istirahətə getmələri üçün heç bir maneə yoxdur ki?

Millət vəkilləri ilə əlaqə saxlayıb suallarımızı onlara ünvanladıq.

Millət vəkili Nəsib Məhəməliyev hafta.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, deputatların hərəkət məhdudiyyəti yoxdur:

“Pandemiya şəraitində hər bir vətəndaş kimi deputatlar da çalışırlar ki, karantin rejiminin qaydalarına uyğun həyatlarını qursunlar. Təbii ki, rayonlarda oluruq. Seçicilərlə onlayn formada, sosial şəbəkələr, videogörüşlər, köməkçilər vasitəsi ilə daim əlaqədəyik. Yaz sessiyası başa çatdı. Milli Məclisin bu sessiyadakı fəaliyyəti kifayət qədər məhsuldar keçdi. Qeyri-ənənəvi şəraitdə çalışdıq. Koronavirus pandemiyası ümumbəşəri bəladır. Deputatlar da çalışdılar ki, qanunvericilik baxımından karantin rejiminin qaydalarına uyğun qanunların təkmilləşdirilməsi ilə bağlı operativ dəyişikliklər, əlavələr olunması ilə bağlı kifayət qədər məhsuldar işlər aparılsın və buna nail olundu. O ki, qaldı istirahətə... indi inanmıram ki, hansısa deputat xarici ölkələrə istirahətə getməklə bağlı düşünsün. Çünki hər şey zamana uyğun həyata keçirilməlidir. Zamanla harmoniya təşkil olunmalıdır. Dünyada koronavirusa yoluxanların sayı getdikcə daha çox artır. Hətta ən inkişaf etmiş ölkələrdə belə bunun tam olaraq öhdəsindən gələ bilmirlər. Bununla bağlı vaksin hələ icad olunmayıb. Ona görə də təcrid olunma məsələsi aktual olaraq qalır. Ölkəmizdə hər gün 500-600 civarında yoluxma halları baş verir. Belə olan halda inanmıram ki, hansısa millət vəkili istirahətlə bağlı planlar qursun. Sadəcə olaraq özünütəcrid şəraitində yaşayırıq. Ailəmizi, yaxınlarımızı qorumağa çalışırıq. Dövlətin səhiyyə yükünü artırmamaq üçün qaydalara əməl edirik. Sosial şəbəkələrin, jurnalistlərin vasitəsi ilə təbliğat işləri aparırıq”.

Millət vəkili Azər Badamov da deyib ki, millət vəkillərinin rayonlara gediş-gəlişinə qanunla hər hansı qadağa qoyulmayıb:

“Millət vəkilləri rayonlara, deputat seçildikləri dairələrə getməlidirlər. Oradakı vəziyyətlə maraqlanmalıdırlar. Ona görə də respublika ərazisində millət vəkillərinin hərəkətinə hər hansı məhdudiyyət qoyulmayıb. Bu düzgün addımdır. Çünki millət vəkillərinə çoxlu müraciətlər olur. Seçiciləri qəbul edirlər. O cümlədən mən də rayonda insanlarla görüşürəm. Qəbul keçirirəm. Onları düşündürən məsələlərə yardımçı olmağa çalışıram. Seçildiyim dairədə icra edilən layihələrlə tanış oluram. Bunlar vacib məsələlərdir. Elə məsələlər var ki, ölkədə sərt karantin rejimi tətbiq olunsa da, həmin məsələlər gündəlik həyat tərzinə uyğun davam etməlidir. Millət vəkili də bu işlərdə yaxından iştirak etməlidir. Mən də artıq rayondayam”.

Millət vəkili Kamran Bayramov neçə vaxtdır seçildiyi dairələrə səfər etmək istəyir amma mövcud vəziyyətlə əlaqədar olaraq ehtiyat edir:

“Karantin rejiminin qaydalarına uyğun olaraq seçicilərlə onlayn görüşlər keçiririk. Onları virtual olaraq dinləyirik. Bu həftə videokonfrans vasitəsi ilə iki görüş keçirdim. Bundan sonra daha tez-tez videokonfranslar, görüşlər keçirməyi planlaşdırıram. Elə bir vəziyyətdir ki, biz millət vəkilləri olaraq digər insanlara da nümunə olmalıyıq. İnsanlarda təsəvvür yaranmasın ki, biz karantin qaydalarını pozuruq. Seçicilərlə görüşmək, onların qapısını döymək, birbaşa təmasda olmaq indiki şəraitdə təhlükəli ola bilər. Çünki pandemiya hələ ki, mövcuddu, təhlükə var. Seçicilərimizin sağlamlığını, özümüzün, doğmalarımızın səhhətini qorumaq daha vacibdir. Ona görə də birbaşa təmasla görüşü videokonfranslarla əvəzləmişik. Karantin qaydaları seçicilərlə birbaşa görüşə imkan vermir. İstirahətlə bağlı da planlarımız yoxdur. Özümüzü təcrid edərək sağlamlığımızı qorumağa, dövlətimizin qoyduğu qaydalara əməl etməyə çalışırıq. Hazırkı dönəmdə istirahət də mənasız görünür. Çünki ölkədəki və dünyadakı durum göz qabağındadır. Prosesləri izləməliyik. Belə bir məqamda istirahətdən öncə müəyyən təbliğatlar aparmağı özümüzə borc bilirik”.

Oxunma sayı 4045
Siyasət rubrikasından digər xəbərlər