Milli Ordu haqqında ilk Qanunu Şikar Şikarovla birgə hazırladıq - Sabiq nazir müavini

13:19 26.06.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günüdür. Bununla əlaqədar 1991-ci ilin payızından, yəni müstəqilliyimizin bərpasından sonra Milli Ordumuzun formalaşmasında önəmli rol oynamış müdafiə nazirinin sabiq müavini, polkovnik Mehman Səlimovla hafa.az üçün qısa telefon söhbəti etdik.

– Mehman müəllim, bilirik ki, 1991-ci ilin, demək olar ki, sonunadək sovet ordusunda xidmət etmisiniz. 1989-cu ildən Gəncədə, 1990-cı ildən isə Bakıda olmusunuz. Həmin illər Qarabağda qondarılmış münaqişə, artıq tədricən silahlı qarşıdurma müstəvisinə keçməkdə idi. Siz, yəqin ki, bir Azərbaycan türk zabiti kimi belə bir məqamda xalqımıza ordunun nə dərəcədə vacib olduğunu düşünürdünüz. Aydındır ki, həmin vaxt hələ SSRİ mövcud olduğundan, Azərbaycan bu imperiyanın tərkibində olmaqla Moskvaya tabe idi və ölkəmizin ayrıca ordu qurması mümkün deyildi. Sovet ordusu isə təəssüf ki, torpaqlarımızı erməni işğalından qorumaq üçün zəruri tədbirlər görmür, əksinə, bir çox məqamlarda erməni yaraqlılarına dəstək verirdi. O vaxtlar Qarabağın və digər torpaqlarımızın müdafiəsi üçün nə edə bilirdiniz?

– Bakıya 1990-cı ilin sentyabrında gəldim və diviziya komandirinin siyasi işlər üzrə müavini işləməyə başladım.  O dövrdə xalq fəalları ilə birgə müxtəlif yollarla hərbi hissələrin anbarlarından silah əldə edib Qarabağa yollamağa çalışırdıq. Bəzən bunu imkanlı soydaşlarımızın topladığı maliyyə hesabına da edirdik... Diviziya komandiri Antonovla razılaşırdıq. Pulu ona sonradan Azərbaycan Müdafiə Nazirliyində məsul vəzifələrdə olmuş o zaman  diviziyada kəşfiyyat taborunun qərargah rəisi işləyən Mudrak verirdi. Komandirlə şərikinə işləyirdilər. Məsələn, danışırdıq ki, gecə saat 3-də Üçtəpə poliqonundakı anbardan maşın çıxacaq. Anbarın mühafizəsindəki əsgərlərlə yalançı döyüş imitasiyası yaradıb onları tərksilah edirdik. Sonra da silah-sursatı maşınlara yığıb Şuşa, Laçın, Qubadlı, Kəlbəcərə və s. daşıyırdıq...

– 1991-ci ilin payızında, artıq Milli Ordumuzun yaradılması haqda qərar verildikdən sonra, yəqin ki, siz də bu işdə fəal iştirak etdiniz?

– Bəli, təbii ki. Əlimdən gələni etdim... 1991-ci il yayında - artıq  ovaxtkı prezident Ayaz Mütəllibov Milli Ordu yaradılması haqda qeyri-rəsmi qərar verəndən sonra Ali Sovetin sədri rəhmətlik Elmira Qafarova köməkçisi Cahangir Nəcəfovla birgə diviziyaya gəldi, komandirlə görüşdülər. Onlarla xeyli söhbət etdik. Bir müddət sonra Cahangir müəllim məni görüşə çağırdı və dedi ki,  Elmira xanım xahiş edir ki,  Milli Ordunun yaranması haqqında qanunun hazırlanmasında bizə kömək etsin.  Məmnuniyyətlə razılşadım. 1991-ci ilin  avqustunda məzuniyyətə çıxdım və parlament binasının 11-ci mərtəbəsində mənə verilmiş otaqda işləməyə başladım. O zaman Ali Sovetdə hüquq şöbəsinin müdiri işləyən Şahin Əliyevin rəhbərliyi ilə İlqar Qurbanov, Niyazi Səfərov adlı əməkdaşlar da mənə kömək edirdilər. Sonradan ilk Müdafiə nazirimiz general  Valeh Bərşadlı Şikar Şikarovu da mənə dəstək vermək üçün göndərdi... Bildiyiniz kimi, Şikar Şikarov 1992-ci ilin iyununda şəhid oldu və Milli Qəhrəman adına layiq görüldü…

Xülasə, qanunu hazırladıq. İndi, bunu parlamentdə təqdim etmək lazım idi. Hələ sovet diviziyasında işləyirdim və belə işlərimə görə məni işdən qova bilərdilər. Ancaq  risk etmək qərarına gəldim. Və  oktyabrın 9-da özüm Silahlı Qüvvələr haqqında ilk qanunu Ali Sovetdə müzakirəyə çıxardım və nəhayət, həmin qanun qəbul olundu. Qanunun müzakirəsi zamanı maraqlı bir məqam oldu.  General Timoşenko deputat idi. Birdən ayağa qalxdı ki, "Siz nə ordu yaradacaqsınız, siz nə bilirsiniz ki, ordu nədir? Sadəcə, bir misal gətirəcəyəm. Silahlı Qüvvələr haqqında Qanun qəbul edirsiniz, amma bilmirsiniz ki, həmin qanundan öncə Hərbi And qəbul olunmalıdır"... Gördüm ki, bunu eşidən kimi Elmira xanım bir az pərt oldu.  Dedim ki,  Elmira xanım, Timoşenkonun iradı düzdür, Hərbi Andımız da hazırdır, lakin kabinetdə qalıb, fasilədən sonra deputatlara çatdırarıq. Cəmi 40-45 dəqiqəlik fasilə ərzində yenə də adını çəkdiyim hüquqşünaslarla birgə Hərbi Andı tərcümə edib Azərbaycan Dövlətinə və ordusuna uyğun şəkildə  hazırladıq və dərhal çoxaldıb zaldakı bütün deputatların masalarına qoyduq.  Beləliklə, Silahlı Qüvvələr haqqında Qanun qəbul edildi və Milli Ordumuzun təməli rəsmən qoyulmağa başlandı. Bundan sonra diviziyada komandanlıq məni separatçılıqda ittiham etdi və barəmdə cinayət işi qaldırıldı. Artıq məni sovet zabiti kimi hərbi trubunala verməyə hazırlaşırdılar. Bundan xəbər tutan rəhmətlik Elmira Qafarova diviziyaya gəldi və komandir Antonovla söhbət edib  mənim həbs olunmağımın qarşısını aldı...

Oxunma sayı 240