Millimiz Ermənistana qalib gəlib Avropa üçüncüsü oldu - 27 ildən sonra

17:10 02.11.2019 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt
Bu gün Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında kişi və qadın şahmatçılardan ibarət milli komandalarımız son tura çıxıblar.
 
Hafta.az xəbər verir ki, kişi millimiz Sloveniya, qadınlarımız isə Ermənistanla qarşılaşıblar. Hər iki yığma görüşlərini qələbə ilə başa vurublar. 
 
Qadınların mübarizəsində Günay Məmmədzadə Lilit Mkrtçyan üzərində qələbə qazanıb. Digər şahmatçılarımız isə rəqibləri ilə heç-heçə etdiklərindən millimiz yekunda qalib gəlib - 2,5:1,5.
 
Bununla da qadınlardan ibarət Azərbaycan millisi 27 illik fasilədən sonra ilk dəfə Avropa çempionatında 3-cü yeri tutaraq bürünc medal qazanıb.
 
Qeyd edək ki, qadın millimiz indiyədək ən böyük nailiyyətinə 1992-ci ildə imza atıb. Həmin vaxt da şahmatçılarımız Avropa çempionatında bürünc medal qazanmışdı.
 
Kişi şahmatçılardan ibarət Azərbaycan yığması isə sonuncu turda Sloveniyanı məğlub edib. Eltac Səfərli və Arkadi Naydiç rəqibləri ilə heç-heçə ediblər. Rauf Məmmədovla Qədir Hüseynov isə görüşlərini qələbə ilə yekunlaşdırıblar. Amma bu, kişi şahmatçılardan ibarət yığmamızın AÇ-də mükafatçılar sırasına düşməsi üçün yetərli olmayıb.
 

Sloveniya - AZƏRBAYCAN 1:3
Luka Leniç - Arkadi Naydiç 1/2:1/2
Yurd Borisek - Rauf Məmmədov 0:1
Matey Şebenik - Qədir Hüseynov 0:1
Yan Skubelj - Eltac Səfərli 1/2:1/2

AZƏRBAYCAN - Ermənistan 2,5:1,5
Günay Məmmədzadə - Lilit Mkrtçyan 1:0
Xanım Balacayeva - Elina Danielyan 1/2:1/2
Ülviyyə Fətəliyeva - Mariya Qevorqyan 1/2:1/2
Gülnar Məmmədova - Anna Sarqsyan 1/2:1/2