Milyonlarla dollarlıq villalar yanıb kül oldu – Günün təzadları

18:54 11.09.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Londonda “Vuster Park” yaxınlığındakı villaların yerləşdiyi ərazidə güclü yanğın oldu. Hafta.az xəbər verir ki, bu haqda Redaktor.az məlumat yayıb. Yanğın nəticəsində dəyəri milyonlarla dollar olan mülklər külə dönüb. Əraziyə cəlb edilən yüzlərlə yanğınsöndürənin səyi nəticəsində alovun yayılmasının qarşısı alınıb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır. Qeyd edək ki, “Vuster Park” yaxınlığında məşhur şəxslərin mülkləri yerləşir.

 

Aşura günündə Baykonura müsəlman kosmonavtlar gəldi

Birləşmiş Ərəb Əmirliklərinin ilk  kosmonavtları: Həzza əl-Mənsuri və onun dublyoru Sultan əl-Neyadi dünən- 10 sentyabr 2019-cu ildə, müsəlmanların Aşura gününü yaşadığı bir tarixdə Qazaxıstanın Baykonur şəhərinə gəliblər. Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki, Məhəmməd bin Rəşidin Kosmik Tədqiqatlar Mərkəzindən verilən məlumata görə, kosmonavtlar Beynəlxalq Kosmik Stansiyada(BKS) sentyabrın 25-də kosmosa uçmazdan öncə iki həftə müddətində karantində qalacaqlar.  Karantin mərhələsi kosmik uçuşların və BKS-dəki elmi təcrübələrin uğuru üçün çox vacibdir.  Bu, yoluxucu xəstəlik törədicilərindən uzaq, təmiz  bir mühitdə kosmonavtların təhlükəsizliyinə və sağlamlığına zəmanət verir. Rusiya Federal Tibbi-Bioloji Agentliyi kosmodromdakı bütün əşya və binaların, o cümlədən yaşayış otaqları və nəqliyyat vasitələrinin sterilliyi üçün məsuliyyət daşıyır və uçuş gününədək bütün lazımi tədbirləri görür. Xatırladaq ki, ərəb kosmonavtların uçuşa buraxılışı üçün hazırlıq 3 sentyabr 2018-ci ildə başlanıb. Müsəlmanlar bir il ərzində rus dilini öyrənmək də daxil olmaqla bir çox sınaq və testlərdən keçməli olublar. Ümumi təlim saatlarının sayı 1400-ü ötüb.

 

Tanınmış Azərbaycan futbolçususunun evi soyuldu

Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olundu. Hafta.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumiilikdə 60 min manatlıq) oğurlanıb. Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

Neftçalada 5 çobanı ildırım vurdu, biri həlak oldu

Neftçalada çobanları ildırım vurdu. Hafta.az-ın yazdığına görə, “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Tatarməhlə kəndindəki obada baş verib. Obada çoban işləyən 1991-ci il təvəllüdlü Gərayev Vaqif Azər oğlunu ildırım vurub. İlkin məlumata görə, çöldə qoyun otaran çobanlar 5 nəfər olublar. İldırım aralarına düşdüyündən zərbədən hamısı yerə yıxılıb. Digər dörd nəfər bir neçə dəqiqədən sonra ayağa qalxıb. Lakin V.Gərayevin vəziyyəti ağır olduğundan o, Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilk tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq V. Gərayev xəstəxanada keçinib. V.Gərayev əslən Şamaxı rayonundandır.

 

Xızıda ana və qızını eyni anda avtomobil vurdu

Xızı rayonunun Giləzi kəndində piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, 1986-cı il təvəllüdlü Əliyeva Aysel Əbdul qızı və onun qızı 2009-cu il təvəllüdlü Əliyeva Leyla Namiq qızı yolu keçərkən hər ikisini avtomobil vurub. Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

 

Azərbaycanda qatar təkərlərinin oğrusu da tapıldı

Tağıyev qəsəbəsində 48 qatar təkəri oğurlanmasına cəhd edildi. Hafta.az yazır ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 9-da H.Z.Tağıyev qəsəbəsində dəmir yolu stansiyasından 48 ədəd qatar təkərini oğurlamağa cəhd göstərən Qubadlı rayon sakini M.Orucov Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.