Mirzə Cəlilin nəticəsi oğlu ilə Bakıya gəldi - Günün təzadları

18:48 18.11.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Görkəmli Azərbaycan yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluzadənin (Miirzə Cəlil) nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri ilk dəfə Azərbaycana gəldilər. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, onları Bakıya AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dəvət edib. Martin və Pşemislav Cavanşiri Fəxri xiyabanda babaları C.Məmmədquluzadənin məzarını ziyarət ediblər. Qeyd edək ki, Mirzə Cəlil şəcərəsinin ilk dəfədir doğma Vətənə gələn nümayəndələri Azərbaycan Milli Kitabxanasının və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə ölkədə C.Məmmədquluzadəyə həsr edilən elmi-mədəni tədbirlərə qatılacaqlar. Uzun illərdir böyük Azərbaycan yazıçısı C.Məmmədquluzadənin çoxşaxəli irsini tədqiq edən akademik İ.Həbibbəyli ədibin nəsil şəcərəsini araşdırıb müəyyənləşdirmək işi ilə məşğuldur. O, ilk dəfə 1992-ci ildə Tehran şəhərində Mirzə Cəlilin 1941-ci ildə ölkədən çıxmış oğlu Ənvər Məmmədquluzadənin (1911-1979) övladları Midhət Cavanşiri və İren Cavanşiri ilə görüşüb və onlarla əlaqələr yaradıb. Həmçinin 1998-ci ildə Parisdə Ənvər Məmmədquluzadənin Azərbaycan Tibb Universitetinin məzunu Məhin Dadipurla nikahından olan qızı Mehri xanım Səqqətçiya ilə də görüşərək, onunla da əlaqə qurub.

 

Bakıda şadlıq sarayında bəy və gəlin zəhərləndi

Bakıda toyda kütləvi zəhərlənmə baş verdi.  Hafta.az yazır ki, Oxu.az-ın verdiyi xəbərə görə, hadisə “Şahənşah” şadlıq sarayında qeydə alınıb. Noyabrın 13-də baş tutan toydan sonra qonaqlarda mədə pozuntusu, qızdırma, ishal və qusma halı baş verib. Qonaqlarla yanaşı, bəy və gəlində də bu hallar müşahidə olunub. Qeyd edək ki, zəhərlənənlər arasında uşaqlar da olub.

 

Avstraliyada yumurta boyda dolu yağdı

Avstraliyanın Kvinslend şəhərində toyuq yumurtası ölçüsündə dolu yağdı. Hafta.az Musavat.com-a istinadla  xəbər verir ki, "7News" telekanalının məlumatına görə, dolu avtomobillərin, evlərin və müəssisələrin şüşələrini sındırıb. "The Watchers" portalı isə bildirib ki, "nəhəng dolu və dağıdıcı küləklər" haqqında xəbərdarlıq Qrimpi şəhərindən Brisbenin cənub hissəsinə qədər yaşayış məntəqələrinə aid edilib. Belə hadisələrlə Kvinslend ştatının cənubunda Sanşayn-Kostaların rayonununda sakinləri qarşılaşıblar. Bu halda sürəti saniyədə 16 metrə qədər çatan güclü külək ştatın başqa rayonlarında da qeydə alınıb. “ABC” telekanalı öz növbəsində bildirib ki, güclü külək ölkənin cənub-şərqində demək olar, 20 min evi  elektriksiz qoyub.

 

Honkonqda polis etirazçılara ox atdı

Qəzəbli Honkonq etirazçıları polis tərəfindən oxa tutuldu. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə,  polisə “Molotov Kokteyli” atan nümayişçilər arasında ox yarası alanlar da olub. Yolları barrikadalardan azad etməyə çalışan adi vətəndaşlarla da etirazçılar arasında qarşıdurma yaşanıb. Etirazçılara gözyaşardıcı qaz və su fışqırdan toplarla hücum edən polis kərpic və dəmir parçaları “yağışı ilə” ilə qarşılıq alıb. Bazar günü Honq Konq Politexnik Universitetinin (PolyU) qarşısında şiddətli küçə döyüşü olub. Etirazçılar onlara ox atan şəxsin foto və video görüntülərini yayıb. Eyni zamanda, ox yarası alan media nümayəndəsi də kadrlarda özünə yer alıb.

 

Azərbaycan futbolçusu İspaniya klubunda qol vurdu

Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov İspaniya "Albasete"sinin heyətində ilk qolunu vurdu. Hafta.az xəbər verir ki, "Report"un məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi II Liqanın XVI turunda "Saraqosa" ilə səfər oyununda fərqlənib. Start heyətində yer alan İsrafilov 90+4-cü dəqiqədə qələbə topuna imza atıb - 1:0. Onun qolla nəticələnən zərbəsi baxımlı alınıb.

Qeyd edək ki, Eddi İsrafilov Azərbaycan millisinin Uelsə 0:2 hesabı ilə uduzduğu AVRO-2020-nin seçmə matçında iştirak etməyib. O, Slovakiya ilə son qarşılaşmanın hazırlıqlarına qoşulacaq.

 

Mingəçevir Mərkəzi Xəstəxanasında yanğın oldu

Fövqəladə Hallar Nazirliyi (FHN) bazar ertəsi Mingəçevir şəhərində Şəhər Mərkəzi Xəstəxanasında baş verən yanğınla bağlı məlumat yaydı. Hafta.az yazır ki, APA-nın FHN-nin saytına istinadla verdiyi xəbərə görə, Mingəçevir şəhərində Şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi beşmərtəbəli binanın birinci mərtəbəsində sahəsi 2 m² olan sanitar qovşağın lambirindən ibarət tavanı 1 m² sahədə yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.