Mistik Malayala musiqisi bakılıları heyran etdi

21:47 31.08.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Keralolsavam 2019” milli bayramları çərçivəsində Hindistandan Bakıya təşrif buyurmuş folklor qrupu konsert proqramı ilə çıxış edib. Tədbir Bakı Malayala Assosiasiyasının təşkilatçılığı ilə reallaşdırılıb.

Tədbirin açılış mərasimində çıxış edən Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna çoxmillətli və çoxmədəniyyətli ölkəsinin zəngin irsinin bir parçası olan Malayala incəsənəti, folkloru barədə qısa məlumat verib, seyrinə toplaşdığımız musiqi qrupundan söz açıb.

Milli Məclisdə Azərbaycan-Hindistan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Rüfət Quliyev də ölkələrimiz arasında hər bir sahədə əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, bu müstəvidə mədəniyyət və incəsənətin xüsusi əhəmiyyət daşıdığını deyib.   

Daha sonra Kerala musiqiçilərinin ifasında xalq və klassik sənət nümunələrini özündə əxz etdirən maraqlı səhnəciklər nümayiş olunub. Klassik musiqinin sədaları altında oynanılan səhnəciklər qonaqların xəyalını keçmişin sehrli əfsanə və zəngin ənənələrinin ağuşuna atmışdı.

Proqram boyunca 9 nömrə ilə çıxış edən qrup hər birimizdə hind-Malayala incəsənəti barədə fikir formalaşdıra bildi. Baraban və digər tipik Kerala musiqi alətlərinin ifasında təqdim edilən “Keli”dən sonra  Keralanın qədim incəsənətini özündə əks etdirən, eyni zamanda klassik hind musiqisi ilə ahəngdə olan “Kathakali” səhnəcəyi xüsusi diqqət çəkdi. Daha sonra nağara və digər zərb alətləri ilə müşayiət olunan “Fayambaka”, Malabar bölgəsinin məşhur ritual sənət forması olan “Zeyyam”, yaşıl makiyajla və rəmgarəng geyimli Kerala rəqsi “Ottan Zullal” (Ottan Zullal, Kolam Zullal və Sarpam Zullal Keralanın ən ekzotik üçlüyüdür), eyni zamanda “Kujalpaattu”, “Aştapafi”, “Pançavaadiam” və “Çenda melam/şingaarimelam” adlı musiqi nömrələri ifa edildi.

Sonra süfrə arxasında qonaqlara Kerala milli mətbəxinin təamları təqdim olundu.

Maraq üçün bir az da Kerala haqda məlumatlarla tanış olaq:

Kerala Hindistanın ucqar cənub-qərb hissəsində yerləşən ştatdır. Ərazisi 38863 kvadratkilometr, əhalisinin sayı 36 milyon nəfərdir. Əhalisi əsasən Malayala dilində danışır. Ştat 1956-cı il noyabrın 1-də yaradılıb.

Kerala ştatı çoxmillətli və inzibati mənada çoxbölgülü Hindistanda bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Məsələn, bu ştat Hindistanda və dünyada seçki yolu ilə yerli rəhbərliyə gəlmiş sosialistlərin idarə etdiyi yeganə ərazidir. Keralada yazıb-oxuma baxımından savadlılıq səviyyəsi 94 faizə yaxındır ki, belə yüksək nailiyyətinə görə ştat Hindistanda ilk pillədə qərarlaşıb. Eyni zamanda, Kerala yaşam keyfiyyətinin ən yüksək olduğu ştatdır. Əhalisinin böyük qismi xristian olan Kerala, Hindistan ştatları arasında cinayət hadisələri ən az qeydə alınan bölgədir. Kerala həmçinin ölkənin bütün digər bölgələri ilə müqayisədə yoxsullarının sayının çox az və dolayısı ilə dilənçilərin də daha az olması ilə seçilir. Kerala həmçinin, Hindistanın ən çox diqqət çəkən turizm bölgələrindən biridir.

Fərqli mədəniyyəti, incəsənəti, mətbəxi-məişəti, adət-ənənələri ilə seçilən Keralada çox sayda festivallar qeyd edilməkdədir. Bunlarda “Onam” “avqust-sentyabr ayları), “Vişu” (apreldə), “Thrissur Pooram” (apreldə), “Zeyyam” (aprel-dekabr aylarında), Kerala qayıq festivalı (iyul- sentyab), “Attukal Pongala” (fevral- mart), Məbəd festivalları (fevraldan mayadək), “Makaravilakku” (yanvar) və sairi qeyd edə bilərik.