Moldova Qaqauziyanın muxtariyyətini addım-addım silir

09:15 16.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moldovanın cənubundakı Qaqauziya Muxtar Vilayətində mərkəzi hökumətlə regional hakimiyyət orqanları arasında artan gərginlik bölgənin muxtar statusunun gələcəyi ilə bağlı narahatlıqları artırır. Qaqauziya prezidenti Yevgeniya Qutsulun həbsi və konstitusiya islahatları bölgədə siyasi gərginliyi bir az da yüksəldib.

Hafta.az-ın yazdığına görə, Qaqauziya prezidenti Yevqeniya Qutsul martın 25-də seçki kampaniyasının maliyyələşdirilməsində qanunsuzluqlar ittihamı ilə həbs edilib. Qutsul ittihamları rədd edib və onun həbsinin Qaqauziyanın muxtariyyətini zəiflətməyə yönəlmiş siyasi addım olduğunu bildirib. Qutsul Moldova hökumətinin bölgədə fövqəladə vəziyyət elan etməyi və kənar nəzarət yaratmağı planlaşdırdığını iddia edib.

Moldova Konstitusiya Məhkəməsi Qaqauziyanın baş prokuroru təyin etmək səlahiyyətini ləğv edərək, bölgənin muxtariyyətini məhdudlaşdırıb. Qərar Qaqauziyada etirazlara səbəb olub, regional hakimiyyət orqanları mərkəzi hökumətin onların muxtariyyət hüquqlarını pozduğunu bildirib.

Qaqauziyada baş verən hadisələr beynəlxalq ictimaiyyətin diqqətini çəkib. Regional hakimiyyət Moldova hökumətinin onların muxtariyyət hüquqlarını pozduğunu bildirərək beynəlxalq təşkilatları və ölkələri buna çağırıb. Bildirilib ki, Moldovanın Rumıniya ilə birləşməsi və ya Avropa İttifaqına daxil olması halında Qaqauziya öz müqəddəratını təyinetmə hüququndan istifadə edə biləcək.

Qaqauziyada baş verənlər Moldovanın daxili siyasi dinamikasını və regiondakı etnik azlıqların hüquqlarını bir daha gündəmə gətirib. Dialoq və qanunun aliliyinə əsaslanan həll yolları regionda gərginliyi azaltmaq və muxtariyyət hüquqlarını qorumaq üçün vacibdir.