Monqolustan Rusiya-Çin qaz kəməri layihəsini təsdiqləyib

09:35 03.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Monqolustanın Dövlət Ekspert Komissiyası Rusiyadan Çinə qədər uzanacaq “Soyuz Vostok” təbii qaz kəməri layihəsini rəsmən təsdiqləyib. Bu xətt "Sibirin Gücü - 2" layihəsinin davamı olaraq təbii qazı Monqolustan vasitəsilə Çinə nəql edəcək.

Hafta.az-ın yazdığına görə, bu inkişaf Rusiya və Çinin Qərbin təzyiqlərinə qarşı əməkdaşlığını daha da gücləndirdiyinin göstəricisi kimi şərh olunur.

Monqolustan təkcə tranzit ölkə olmayacaq, həm də Rusiya qazından faydalana biləcək. Rusiyanın energetika naziri Sergey Tsivilyovun Monqolustanın xüsusi nümayəndəsi Zandaahu Enxoldla görüşündə təbii qaz kəmərinin tikintisi və mümkün qaz təchizatı məsələləri müzakirə olunub.

Bir çox analitiklərin fikrincə, bu layihə ABŞ prezidenti Donald Trampa ümumi cavabdır. Xüsusilə Vaşinqtonun təzyiq siyasətləri və ticarət müharibələri səbəbindən Çin və Rusiyanın iqtisadi və strateji əlaqələrini gücləndirdiyi vurğulanır.

Rusiya Energetika Nazirliyi bu layihənin regional enerji təhlükəsizliyini artırmaqla yanaşı, Rusiya və Monqolustan arasında uzunmüddətli əməkdaşlığa yeni təkan verəcəyini vurğulayıb.