Yanvarın sonunda Moskvada metro qatarlarından birində Çin dilində metro xəritəsi peyda olub. İndi isə Moskva Nəqliyyat Departamentinin açıqlamasına görə, metronun xəritəsi ərəb dilinə tərcümə edilib.
Hafta.az-ın yazdığına görə, Moskva merinin müavini Maksim Liksutov açıqlamasında bildirib ki, bu xəritəni 30-dan çox “Canlı Ünsiyyət” (Живое общение) məntəqələrindən pulsuz əldə etmək olar. Moskvanın Rusiyanın ən məşhur turistik yerlərindən olduğunu vurğulayan Liksutov, həm yerli əhali, həm də xarici qonaqlar üçün nəqliyyatı daha rahat etməyi hədəflədiklərini söyləyib. "Biz Yaxın Şərqdən gələn turistlər üçün Moskva metrosunun xəritəsini ərəb dilinə tərcümə etdik" deyib.
Yeni xəritə A3 formatında hazırlanıb, ona görə də üzərindəki bütün simvolları aydın görmək mümkündür. Onu akkordeon formalı qatlanan dizaynı sayəsində daşımaq da asandır.
Tərcümə zamanı semantik üsul və transliterasiya birlikdə istifadə edilib. Bu yolla ərəbdilli turistlər Moskvada və metroda daha rahat hərəkət edə biləcəklər.
Məsələn: “Kuznetsky Most” stansiyası ərəb dilində “Kuznitski Must” kimi transliterasiya edilib və xəritədə كوزنتسكي موست kimi yazılıb. “Delovoy Tsentr” (Biznes Mərkəzi) stansiyası müvafiq olaraq “Markaz Aamal” (مركز أعمال) kimi tərcümə edilib.
Bu yeni tənzimləmə Moskvaya gələn ərəbdilli turistlər üçün daha rahat nəqliyyat təcrübəsi təmin etmək məqsədi daşıyır.