Araz Əzimov Ermənistanın planlarını açıqladı

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt
Dağlıq Qarabağ probleminin həllində əsas məqsəd Azərbaycanla Ermənistan arasında münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında nizamlanmasıdır. Bu isə Azərbaycanın ərazi bütövlüyünün, hazırda işğal altında olan 20 faiz ərazinin qeyd-şərtsiz tanınmasını nəzərdə tutur. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Ukraynanın “Den“ nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Azərbaycan bundan sonra da münaqişənin nizamlanması üçün siyasi səy göstərməyə hazırdır. “Bununla yanaşı, Minsk Qrupu çərçivəsində son vaxtlar Rusiya prezidenti Dmitri Medvedyevin fəal iştirakı ilə həyata keçirilən və həyata keçirilməsi davam etdirilən danışıqlar prosesinin nəticəsinin olmaması məsələsi meydana çıxır“, - nazir müavini qeyd edib.
Əzimov təəssüflə bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündə nəticə əldə olunmadı və bundan sonra bir qədər fasilənin yaranması hissi meydana çıxdı. Bununla yanaşı, o qeyd edib ki, bu ilin avqustunda Soçidə prezidentlər Əliyev və Medvedyevin görüşü keçirildi və “biz ümid edirik ki, Rusiya bu görüşün yekunu üzrə öz fəaliyyətində düzəliş edəcək və Minsk Qrupunun iki digər həmsədri ilə birgə prosesi aktivləşdirməyə cəhd göstərəcək. Təəssüf ki, biz Ermənistan prezidentindən getdikcə daha çox spekulyativ təsir bağışlayan hücum xarakterli bəyanatlar eşidirik. Söhbət Nyu-Yorkda verilən və Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının zəruriliyi barədə bəyanatdan gedir. Biz habelə Ermənistanın həm də hücum xaraketerli silahlar almaqla bağlı gücləndirilmiş səyləri ilə üzləşirik“, - Əzimov deyib: “Mənə elə gəlir ki, onlar məqsədyönlü şəkildə Rusiya sülhməramlılarının tez bir zamanda iştirakına hesablanan hansısa böhran yaratmağa çalışırlar. 2008-ci ilin avqustunda qonşu Gürcüstanda baş verən hadisələrlə analogiya apara bilərəm. Proqnozlaşdırılması asan olan bu kimi böhranın inkişafı son dərəcə neqativ nəticələrə gətirib çıxara bilər. Azərbaycan hansısa böhranın baş verməsində maraqlı deyil. Biz ərazimizin bütövlüyünü və toxunulmazlığını, əhalinin işğal olunmuş ərazilərinə qayıdışını, kommunikasiyaların bərpasını təmin edəcək və növbəti mərhələdə siyasi problemlərin nizamlanması üçün qonşu dövlətlərlə əməkdaşlığının əsasını qoyacaq sakit, normal razılaşmaların əldə olunmasında maraqlıdır“.
Araz Əzimov Ukraynanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında oynaya biləcəyi rolu da dəyərləndirib: “Ukrayna da Azərbaycan kimi ATƏT-in üzvüdür, buna görə də Ukraynanın bütün nöqteyi-nəzərlərdən, tərəfdaşlıq, əməkdaşlıq maraqlarından çıxış edərək bu münaqişənin tez bir zamanda nizamlanmasında maraqlı olması üçün bütün əsaslar var. Bilirik ki, Ukrayna münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasını dəstəkləyir. Ukrayna bir vaxtlar ölkəmizə qarantiya verib ki, əgər münaqişə zonasında sülhməramlı əməliyyat keçirilsə, ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrinin tərkibində bu əməliyyatda iştirak etməyə hazırdır. Bundan başqa, Ukraynanın bu münaqişənin nizamlanmasında maraqlı olması üçün hər cür əsas var. Burada Ukraynanın tezliklə ATƏT-ə sədrlik edəcəyi amili də az rol oynamır. Bu məsələdə Ukraynaya çoxlu uğur diləmək istəyirəm, lakin kontekstdə də müəyyən çətinliklər var. Ukraynanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə pozitiv töhfə verəcəyinə ümidvarıq. Bunun üçün Ukraynanın imkanları var“.
Azad Əliyev