Qafqaz Universitetində “Təhsilimizin ulduzları - 2011“ mövzusunda tədbir keçirilib

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
Qafqaz Universitetində Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin və “Çağ“ Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətə başlamasının 20-ci ildönümünə həsr edilmiş “Təhsilimizin ulduzları - 2011“ mövzusunda tədbir keçirilib. Əvvəlcə bu il “Çağ“ Öyrətim İşlətmələri Şirkətinin (ÇÖİŞ) təhsil müəssisələri şagirdlərinin beynəlxalq olimpiadalarda qazandıqları uğurlardan bəhs edən qısametrajlı film nümayiş etdirilib.

Müvafiq qurumların nümayəndələrinin, təhsil işçilərinin, tələbələrin, şagirdlərin iştirak etdikləri tədbirdə ÇÖİŞ idarə heyətinin sədri Ənvər Özərən ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, ulu öndərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Azərbaycan ilə Türkiyənin tarixi birliyindən, qardaşlıq münasibətlərindən danışan Ə.Özərən dahi şəxsiyyət Heydər Əliyevin “Biz bir millət, iki dövlətik“ kəlamını xatırladıb. “Çağ“ Öyrətim İşlətmələri Şirkətinin inkişaf mərhələlərindən bəhs edən Ə.Özərən bu qurumun ölkəmizdə fəaliyyət göstərən liseylərində və digər təhsil ocaqlarında qazanılan nailiyyətləri diqqətə çatdırıb, Azərbaycan, Türkiyə, ABŞ, Qazaxıstan, Gürcüstan, Tayvan və digər ölkələrdə keçirilən olimpiadalarda şagirdlərin xeyli qızıl, gümüş və bürünc medallara layiq görüldüklərini bildirib. Eyni zamanda qeyd edilib ki, 2011-2012-ci tədris ili üçün ali məktəblərə keçirilmiş qəbul imtahanlarında 700 bal toplayan 4 abituriyentin hamısı Qafqaz Universitetini seçib. Bu il Qafqaz Universitetinə qəbul olunmuş tələbələrdən 25-i Prezident təqaüdünə layiq görülüb. Qafqaz Universitetinin rektoru Ahmet Saniç də çıxışında rəhbərlik etdiyi təhsil müəssisəsinin uğurlarından, əldə edilmiş nəticələrdən söz açıb.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov da çıxışında Azərbaycanın təhsil sahəsində əldə etdiyi uğurlardan söz açıb. Bildirib ki, son illərdə bu sahədə bir sıra mühüm işlər həyata keçirilib, Azərbaycan dövləti təhsil sahəsinin dünya standartları səviyyəsində inkişafını təmin etmək üçün xüsusi diqqət və qayğı göstərir. Nazir müavini “Çağ“ Öyrətim İşlətmələri Şirkətinin Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə də toxunub.
Digər çıxış edənlər də qeyd edilən təhsil müəssisələrində qazanılan uğurlardan danışıblar.
Tədbirdə beynəlxalq olimpiadalarda uğur qazanan Qafqaz Universitetinin tələbələrinə və müvafiq təhsil müəssisələrinin şagirdlərinə mükafatlar təqdim edilib.
Bəhruz