Vergidən yayınmaya görə 426 cinayət işi açılıb

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
Cari ilin 9 ayı ərzində vergi cinayətlərinə qarşı mübarizə sahəsində Vergilər Nazirliyi tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və digər faktlarla bağlı materiallar üzrə 426 cinayət işi başlanıb və 235 iş üzrə ibtidai istintaq tamamlanıb. Nazirliyin analitik - informasiya şöbəsindən verilən məlumata görə, ibtidai istintaqı tamamlanmış cinayət işlərindən vergiləri ödəməkdən yayınmaya görə 25 iş, qanunsuz sahibkarlığa görə 4 iş, aksiz markası ilə markalanmamış malların satılmasına görə 1 iş olmaqla, özgə əmlakını mənimsəmə və vəzifə saxtakarlığına görə 1 iş olmaqla cəmi 39 nəfər barəsində 31 cinayət işi baxılmaq üçün aidiyyəti məhkəmələrə göndərilib.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 19 şəxs tutularaq Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq şöbəsinə təhvil verilmiş, ibtidai istintaqdan yayınan 184 şəxsin məcburi qaydada gətirilməsi, 128 şəxsin tapılıb istintaqa cəlb edilməsi, 85 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi yoxlamalarından yayınan 179 nəfər vergiödəyicisi tapılıb aidiyyəti vergi orqanlarına təqdim olunub.
Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.
Sevinc