“Sarkozi ilə görüşə bilsəm ona deyəcəm ki“...

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt

Ömrünün 60 ilini Azərbaycanda yaşayan İmişli sakini, fransız əsilli İvonna Botto Jan Şirməmmədova öz xalqını istiqanlı azərbaycanlılara laqeyd qalmam

İmişli rayonunun Murğuzallı kəndində yaşayan və əslən Fransadan olan İvonna Botto Jan Şirməmmədova bir müddət öncə “Kür“ Vətəndaş Cəmiyyəti Qərargahına müraciət edərək daşqınlar zamanı qəzalı vəziyyətə düşən evinin təmir olunmasını və doğma vətəni Fransaya getmək arzusunu ifadə edən məktubunu ölkə Prezidenti İlham Əliyevə və fövqəladə hallar naziri Kəmaləddin Heydərova çatdırılmasını xahiş edib.

İvonna xanımın müraciətinə tez bir zamanda müsbət reaksiya verilib və artıq qəzalı evinin tikintisinə başlanılıb. Tikinti Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir. Xatırladaq ki, artıq Fransa jurnalistləri də bu fransız xanımı ilə maraqlanaraq, onun haqda Fransa mətbuatında yazılar dərc ediblər. Ona görə də biz də bu dəfə yolumuzu İmişli rayonunun Murğuzallı kəndində yaşayan Azərbaycan fransızı olan bu ağbirçəyin yaşadığı ünvana saldıq. Üzündə səmimi təbəssüm olan İvonna xanım bizi elə qapının astanasındaca qarşıladı. Öncə taleyini Azərbaycanla qovuşduran həyat hekayəsini oxucularımızla bölüşməyi xahiş etdik.

Ömür səhifəsinin payız yarpaqları...

İvonna ana bildirdi ki, o 1947 -ci ildə Azərbaycana gəlib. İvonna Bottonun atasının adı Jan, anasının adı isə Mariya olub: “Atam faşist Almaniyasının Fransanı işğal edəndən və ölkədə müqavimət hərəkatı vüsət aldıqdan sonra partizanlara fəal kömək etməyə başladı. O, ələ keçirdiyi silah və ərzağı partizanlara daşıyırdı“.
İvonna ana xatırlayır ki, atası ilə gələcək həyat yoldaşı dost olublar. Elə İvonna xanımı da orada bəyənib: “Daha sonra ailə qurduq“.
Gənc yaşında ölkəsini ailə qurduğu oğlana görə tərk edən xanım ömrünün 60 ilini Azərbaycanda yaşamalı olub: “Buraya, tamam başqa bir xalq, mədəniyyət, adət-ənənələr və ümumilikdə tamamilə yad bir həyat tərzi olan ölkəyə gəldim. Heç bir işi bacarmırdım. Həyat yoldaşım mənim üçün çox əziyyət çəkirdi. Biz 3 ay yol gəldik. Özü də ki, heyvan olan vaqonlarda. Bizi İmişlidə yoldaşımın qohumları qarşıladılar. Mən onlardan qorxurdum. Çünki məni, yoldaşımı hamısı elə bərk-bərk qucaqlayırdılar. Bütün bunlara baxmayaraq, hər şeyə çox tez alışdım. O vaxtlar Azərbaycanda vəziyyət çox pis idi. Aclıq və imkansızlıq hökm sürürdü. Lakin yoldaşımla bir-birimizi çox sevirdik. Bütün bunlara ona görə alışdım. O vaxt mən buranı Azərbaycan kimi tanımırdım. Mən elə bilirdim ki, bura Rusiyadır. Sonralar hər şeyi anladım. Lakin peşman olmadım. Həyat yoldaşım ibtidai sinif müəllimi işləyirdi. Digərlərindən fərqli dolnırdıq. Lakin biz cəmi bura gələndən sonra 3 il bir yerdə yaşadıq. Yoldaşım 1950-ci ildə dünyasını dəyişdi. Ondan sonra ömrümün çətin illəri başladı. Məcbur olub müraciət etdim ki, məni Fransaya göndərsinlər. Razılaşdılar. Lakin bildirdilər ki, oğlum məndən alınacaq. Oğlumun Azərbaycanda qalacağını biləndən sonra mən də qalmağa qərar verdim. Düşündüm ki, getsəm, yaxşı olmaz. 1954-cü ildə həyat yoldaşımın əmisi oğlu Şirməmmədlə yeni ailə qurdum. Sonra 3 oğlum, 3 qızım oldu. Daha sonra işlədik, dolandıq. Bu illər ərzində daim Fransada olmaq arzusu ilə yaşadım. Bütün bunlara bir oğlumun xatirinə qatlaşdım“.

7 azərbaycanlını qatar Berlinə aparırdıg

“Şəmməd danışırdı ki, digər altı azərbaycanlı ilə birgə əsir düşübmüş. Üç dəfə əsirlikdən qaçıb ələ keçdikdən sonra, faşistlər onları Almaniyaya yollamağı qərara alıblar“ - deyə, İvonnaə xanım birinci həyat yoldaşının Fransaya qədəm qoymasının tarixçəsindən söhbət açır: “Yeddi azərbaycanlını qatarla Berlinə apararkən, onlar vaqonun damını söküb dördüncü dəfə əsirlikdən qaçıblar. Bir neçə gün ac-susuz gəzib, dolaşdıqdan sonra azərbaycanlılar yenə də tanımadıqları silahlıların əlinə keçiblər. Növbəti dəfə faşistlərin əllərinə düşdüklərini zənn etsələr də onlar fransız partizanları olduqlarını bildiriblər“.
Bu minvalla müharibənin sonunadək Fransada müqavimət hərəkatında fəal iştirak edən azərbaycanlılar, müharibədən sonra Stalinin “əsir düşən əsgər mənə lazım deyil“ sözünə görə vətənə gələ bilməyiblər və bu ölkədə qalıb işə düzəliblər: “Çox yaxşı, mehriban, istiqanlı oğlan idi. Tez-tez evimizə gələrdi, atama ata, anama ana deyərdi. Hər dəfə gələndə də mütləq əlində hədiyyə olardı. Elə bu kimi sadaladığım cəhətlərinə görə də ona vurğun oldum“.

“Oktyabrın 9-da Fransaya yola düşəcəm“

60 il qəlbində gəzdirdiyi arzu nəhayət iki gündən sonra (oktyabrın 9-da) reallaşacaq. O vətəni Fransaya yola düşəcək: “Fransanın dövlət televiziyasının əməkdaşları gəlib, məndən müsahibə aldılar. Mən ora gedərkən TV jurnaslitləri məni müşayiət edəcəklərinə də söz veriblər. Çox həyəcanlıyam. Əslində Fransaya qayıtmaq mənim hər zaman arzum olub. Lakin burdan və övladlarımdan ötrü çox darıxacam. Orada mənim əmim qızı, qardaşım qızı yaşayır. Onları görmək üçün çox həyəcanlanıram. Əvvəllər çox darıxırdım, indi isə yox“. Övladların tərəfindən sevildiyini söyləyən xanım xoşbəxt olduğunu söylədi: “Lakin vətəndir, istər-istəməz məni çəkir. Ata-anam çoxdan dünyasını dəyişib. Onların məzarını ziyarət etməyi çox istəyirəm. 90-cı ildə qardaşımı da itirmişəm. Zabit idi, 25 il xidmət edib, təqaüdə çıxandan sonra dünyasını dəyişdi. Viza almışam. 1 ay orada qala bilərəm. Lakin baxacam. Əgər çox darıxsam, tez qayıdacam. Oğlumun biri də mənimlə gedir. Orada əmim oğlanları, əmin qızı, qardaşım qızı və başqa qohumlarım yaşayır. Ata-anam dünyasını dəyişəndə belə onların dəfnində iştiak edə bilmədim“.

“Oğlum da müharibə veteranıdır“

İvonna xanım onu da bildirdi ki, onu narahat edən əsas məsələlərdən biri də Dağlıq Qarabağ problemidir: “Evdə oğlum və nəvəm maharibə əlilidir. Sabah Fransanın ölkə başçısı bildiyimə görə Azərbaycana gəlir. Mən onunla görüşə bilsəm ona bildirəcəm ki, hazırda yaşadığım kəndə 8 şəhid gətirilib ki, onların hamısı mənim qohumlarımdır. Mən heç vaxt özümü Azərbaycansız təsəvvür etməmişəm. Ona görə də yoldaşımın qohumları mənim də qohumlarımdır. Oğlum və nəvəm bu müharibənin acısını çəkir. Mən onları hər dəfə gördükcə iztirab çəkirəm. Əgər Sarkozi ilə görüşə bilsəm ondan xahiş edəcəm ki, Azərbaycanın işğal olunan torpaqlarının geri qaytarılması üçün ədalətli olub bizə kömək etsin“.
1990-cı ildə baş verən 20 yanvar hadisələri zamanı bütün qəzetlərdə olan materialları Fransaya göndərdiyini söyləyən xanım bununla Fransa xalqına bildirmək istəyib ki, Azərbaycanda olan hadisələrə onlar da laqeyid qalmasınlar. “Bizim xalqlar arasında yaxşı münasibət olmalıdır“.

FHN xanıma 3 otaqlı mənzil tikir

Orada olarkən İvonna ananın yeni tikilən evinə də baş çəkdik. Ağbirçək bildirdi ki, bu tikintiyə görə fövqəladə hallar naziri Kəmaləddin Heydərova minnətdardır: “Bu günə qədər elə də kömək olmamışdı. Sağ olsun Kəmaləddin müəllim, onun qədər bizə heç kəs dəstək olmayıb. O mənim ömrüm boyu arzuladığım istəklərimin gerçəkləşməsinə yardımçı oldu. İnanın ki, onun sayəsində mən rahat şəraitdə yaşaya biləcəm. O bir fransız xanımına göstərdiyi bu qayğı ilə xalqlarımız arasındakı böyük mehribançılığı və Azərbaycanda həqiqətən də milli ayrı-seçkiliyin olmadığını bir daha təsdiqlədi. Buna görə mən Kəmaləddin müəllimə bir daha minnətdarlığımı bildirirəm“.
Tikilən evə də baş çəkdik. Usta bildirdi ki, iş ayın sonuna kimi yekunlaşacaq: “Ev 3 otaq və bir mətbəxtdən ibarətdir. Bizə tapşırıq verilib ki, qısa müddətdə işi yekunlaşdıraq“. Qeyd edək ki, bu işdə ilk addım atan müstəqil jurnalist Məhbub Zülfüqarov yazı hazırlayandan sonra “Kür“ Vətəndaş Cəmiyyəti Qərargahının iştirakı ilə İvonna xanımın ailə həyatı, keçdiyi ömür yolu təkcə yerli qəzet və televiziyaların deyil, beynəlxalq mətbuatın da diqqət mərkəzinə çıxıb. İmişli rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin məsul şəxsləri onunla görüşərək problemi ilə maraqlanıb və həllinə köməklik edəcəklərinə söz veriblər. Biz İvonna ana ilə söhbətləşən zaman eşitdik ki, həmsöhbətimizin sabah (bu gün ) Fransanın ölkə başçısı ilə görüşməsi üçün də müraciət olunub .

Pərvin İsmayılova

Bakı-İmişli-Bakı