Ölkəmizin strateji valyuta ehtiyatları 2 dəfədən çox artacaq

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın strateji valyuta ehtiyatları 45 milyard dollara çatıb. Yaxın 10 ildə ehtiyatların 100 milyard dolları keçəcəyi proqnozlaşdırılır. Məlumat üçün bildirək ki, strateji valyuta ehtiyatları Dövlət Neft Fondunun vəsaitlərindən, Mərkəzi Bankın valyuta ehtiyatlarından və dövlətin depozitlərindən ibarətdir. Sözügedən məsələyə münasibət bildirən iqtisadçı-ekspert Xalid Mikayılovun sözlərinə görə, ölkənin strateji valyuta ehtiyatlarının çoxalması ilk növbədə kredit reytinqinin yüksəlməsinə müsbət təsir edir: “Həmin ehtiyatların artması xarici investorlar üçün həmin ölkəni cəlbedici edir. Çünki investorlar sabit iqtisadiyyatlı ölkələrə meyilli olurlar. Sadəcə, öhdəliklər yerinə yetirilmədiyi halda onlar pullarını həmin ölkədən çıxarırlar. Azərbaycanın valyuta ehtiyatlarının artması investorlar üçün mesajdır. Belə ki, bu həm ölkənin ödəniş qabiliyyətli olması, həm də öhdəliklərini vaxtında yerinə yetirə bilməsi deməkdir“.
Həmsöhbətimiz vurğuladı ki, bu ehtiyatlardan səmərəli istifadə edilmədikdə ehtiyatların artımı ölkə iqtisadiyyatı üçün yalnız simvolik məna kəsb edir: “Strateji valyuta ehtiyatlarının idarə olunması istiqamətində hökumət tərəfindən çevik siyasət yürüdülməlidir. Praktika göstərir ki, ehtiyatların uzun müddət dollar, avro, həmçinin qiymətli kağızlar şəklində ABŞ və Avropa ölkələrində saxlanması strategiyası əlverişli deyil. Nəzərə alsaq ki, ABŞ-da və Avropa ölkələrində böhran prosesi gedir, bu dövlətlərin valyutalarının ucuzlaşması Azərbaycanında da valyuta ehtiyatlarına mənfi təsir göstərir“.
Mütəxəssis bildirdi ki, vəsaitlərin bir qisminin ölkə iqtisadiyyatına yönəldilməsi daha səmərəlidir: “Hesablamalarımıza görə, vəsaitlərin bir qismi, yəni təqribən 4,5 milyard dolları ölkə iqtisadiyyatına yönəldilərsə, neft hasilatının azalması səbəbindən zəifləyən Azərbaycan iqtisadiyyatında artım tempi sürətlənər. Eyni zamanda, ölkədə bir çox sosial problemlər həllini tapar. Məsələn, bu vəsaitlər ipoteka fondu vasitəsilə gənc ailələrin və gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasına, ölkə iqtisadiyyatına kredit qoyuluşlarının artırılmasına gətirib-çıxara bilər“.
Təbriz Vəfalı