Müdafiə Nazirliyi 100 min AZN cərimə edildi – Günün təzadları

18:50 17.01.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Müdafiə Nazirliyi İnzibati Xətalar Məcəlləsinin (İXM) 3 maddəsi ilə ittiham olunaraq cərimələndi. Hafta.az yazır ki, “Qafqazinfo”nun verdiyi xəbərə görə, bununla bağlı Xəzər rayon məhkəməsi 3 qərar çıxarıb. Belə ki, Müdafiə Nazirliyi İXM-nin 491.1-ci (Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) və 496.1-ci (gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə) maddələri təqsirli bilinərək Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli qərarı ilə 53620,38 manat cərimə edilib. Nazirlik eyni ittihamlarla noyabrın 29-da da 38611,08 manat cərimə edilib. Bundan başqa, MN İXM-nin 430ş4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) 3825 AZN cərimələnib.

Nazirlik hər 3 qərardan apelyasiya şikayəti verilib. Hazırda şikayətləri Bakı Apellyasiya Məhkəməsinin müxtəlif hakimləri tərəfindən baxılır.

 

Neftçalada məktəb direktoru dünyasını dəyişdi

Neftçala Rayon Uşaq-Gənclər İdman və Şahmat məktəbinin direktoru Dadaşov Abdulhəsən Nadir oğlu  vəfat etdi.  Hafta.az-ın yazdığına görə, “Report”un Aran bürosu xəbər verir ki, 64 yaşlı məktəb direktoru şəkər xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, A. Dadaşov 20 ildir ki, sözügedən məktəbin direktoru işləyib. 1990-cı il 25 yanvar Neftçala hadisələrinin iştirakçısı olub.

 

Biləsuvarda xama qutularından narkotik çıxdı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikasının iki vətəndaşı saxlanıldı. Hafta.az yazır ki, DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Musavat.com -a verilən məlumata görə, hər iki vətəndaşın əl yükləri rentgen yük yoxlama qurğusundan keçirilən zaman şübhəli cizgilər müşahidə olunub. Şifahi sorğu-sual zamanı vətəndaşlar üzərlərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildiriblər. Yüklərin yoxlanması zamanı isə 14 ədəd üzərində “Pegah Cream dairy” yazısı olan xama qutularının içərisində olan rezin şarlarda, çəkisi 1619 qram təşkil edən narkotik vasitə-heroin, üzərində “Mihan white cheese” yazılan pendir qutularının içərisində 117 qram psixotrop maddə-metamfetamin və 21 qram narkotik vasitə-tiryək aşkarlanıb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir. Faktla bağlı araşdırma aparılır.

 

Baş nazir istefa verdi

Ukraynanın baş naziri Aleksey Qonçaruk istefa verdi. Hafta.az Musavat.com-a istinadla  xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində bəyan edib. Ukrayna baş nazirinin bu günlərdə hökumət iclasında qeydə alındığı iddia olunan lent yazısının yayılmasından sonra işdən çıxmaq haqqında ərizə verməsi diqqət çəkib. Həmin iclasda A.Qonçaruk prezidenti “başı dumanda olan”, “iqtisadiyyatdan başı çıxmayan” kimi təsvir edib. Baş nazir həmin lent yazılarının montaj olunduğunu və ona qarşı aparılan kampaniyanın tərkib hissəsi olduğunu söyləyib. Onun iddiasına görə, onu aradan götürmək maliyyə axınlarına çıxış əldə etmək istəyən bir sıra nüfuzlu qruplara sərf edir. “Mən vəzifəyə prezidentin proqramını icra etmək üçün gəlmişdim. O, mənim üçün açıqlıq və dürüstlük nümunəsidir. Lakin aramızdakı hər hansı hörmətsizlik şübhəsinin ortadan qalxması üçün istefa ərizəsi yazaraq onu parlamentə təqdim etməsi üçün prezidentə göndərdim”,-deyə Qonçaruk yazıb.

Baş nazir Vladimir Zelenskini ukraynalıların əsl inam bəslədiyi insan olduğunu və onun da öz komandasının hər bir üzvünün səmərəliliyini yoxlamaq hüququna malik olduğunu bildirib.

 

İtlə fotosessiya çəkdirmək qıza baha başa gəldi

Argentinada qonşusunun iti ilə şəkil çəkdirmək istəyən qız gözsüz və burunsuz qalmaq təhlükəsi ilə üzləşdi. Hafta.az-ın yazdığına görə, “The Mirror” xəbər verir ki, fotosessiya zamanı it qızın üzünü dişləyib. Xəsarət o qədər ciddi olub ki, qızın üzünə 40-dan çox tikiş qoymalı olublar. Qız hələ də itin onu nəyə görə dişlədiyini bilmir.

Oxunma sayı 344