Müəllimlərin yeni sınağı – sertifikatlaşdırma

11:41 15.06.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ekspertlər hesab edirlər ki, təhsilverənlərin müasir çağırışlara cavab verə bilməsi üçün bu proses qaçılmazdır

Azərbaycanda bu il müəllimlərin sertifikasiyadan keçirilməsi gözlənilir. Əgər ölkədə epidemioloji vəziyyət sabit olarsa, payız aylarında pilot olaraq sertifikasiya keçiriləcək. Bunu təhsil naziri Emin Əmrullayev “Facebook” hesabında canlı yayım zamanı deyib. O bildirib ki, burada məqsəd keyfiyyətli müəllimlərin düzgün qiymətləndirilməsi və təhsildə keyfiyyətin artırılmasına xidmət edir: “Müəllimlərimizin daim peşəkarlıq səviyyəsini artırmağın tərəfdarıyıq. Azərbaycanda müəllimlər 20 yaşlarından işləməyə başlayır və adətən 40 il məktəbdə çalışır. Bu dövrdə ibtidai sinif müəllimi 10 sinfə dərs deyir. Hər sinifdə 25 uşaq varsa, 250 insanın həyatını dəyişir. Kimya, fizika və digər fənlərdə yüzlərlə şagirdin həyatı dəyişir. Sertifikasiya zamanı səriştəli müəllimlərin seçilməsi və qiymətləndirilməsi əsas məqsəddir”.

Nazir qeyd edib ki, payıza doğru sertifikasiya keçirilə bilər: “Əgər pandemiya imkan versə, sertifikasiyanı keçirmək istəyirik. Yeganə ləngimə səbəbi pandemiya ola bilər. Ümidliyik ki, pilot olaraq sertifikasiyanı payıza doğru keçirə bilərik. Ola bilər ki, bu, kiçik qrup olsun. Pedaqoji heyət üçün müxtəlif sınaqların, sessiyaların keçirilməsinə də çalışacağıq. Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq yox, onları daim inkişafda saxlamaqdır. Birinci il keçməyən müəllimlər, il ərzində ikinci dəfə sertifikatlaşdırmadan keçə bilər. Proses humanist əsaslarla hazırlanıb. Sertifikasiyada yaş həddi də nəzərə alınacaq. İşə yeni qəbul olan müəllimlər 5 il sertifikasiya olmayacaqlar, yuxarı yaş həddində olan müəllimlər də yəqin ki, ilk mərhələdə sertifikatlaşdırmadan keçməyəcəklər. Prosesə cəlb olunacaq pedoqoji heyət üçün sınaqlar keçiriləcək. Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil, müəllimləri daim inkişafda saxlamaqdır”.

Qeyd edək ki, Nazirlər Kabinetinin ötən il təsdiqlədiyi qaydalara görə,  sertifikatlaşdırmanın sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə (ixtisasına) və tədris etdiyi fənnə aid olmaqla tərtib edilir.Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid 60 (altmış) sual təqdim edilir.

Test mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir. Sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir.Test mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir. Əlilliyi olan şəxslərin sertifikatlaşdırmanın test mərhələsində iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılır. Həmçinin I dərəcə gözdən əlilliyi olan təhsilverənlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test mərhələsinin davametmə müddəti 60 dəqiqə artırılır. Sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində hər bir təhsilverənə 20 (iyirmi) dəqiqə vaxt ayrılır. Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 (iyirmi) bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər. Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri proqram təminatına daxil edilir. Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində elan edilir və təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların―Şəxsi kabinet‖inə göndərilir. Sertifikatlaşdırmadan keçmiş müəllimlər 5 il müddətində təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Elçin Əfəndinin fikrincə, sertifikasiya imtahanı da müəllimlərin işə qəbul müsabiqəsində olduğu kimi eyni proqram əsasında  təşkil olunacaq: "Sertifikasiya imtahanları ilə bağlı qorxulu heç nə yoxdur. Burada dərsliklərdən, MİQ proqramından, təhsil qanunları və konsepsiyalardan kənarda heç nə öz əksini tapmır. Düşünürəm ki, imtahanda müəllimlər ciddi sıxıntı yaşamazlar. Əlbəttə, burada hazırlıqlı olmaqdan çox şey asılıdır. Hər hansı namizəd sadəcə suallar necə olacaq, nə cür olacaq deyə-deyə vaxt itirirsə, onun üçün müsabiqə çətin olacaq. Ona görə də yuxarıda qeyd etdiyim ədəbiyyatlarla tanış olsunlar, öyrənsinlər. Bu zaman məzmunlar barədə bilgiləri olacaq. İmtahanda sualların çətinlik səviyyəsi demək olar ki, MİQ-lə eyni səviyyədə olacaq. Sadəcə burada daha diqqətli və hazırlıqlı olmaq lazımdır ki, suallar doğru cavablandırıla bilsin”.

Məsələyə münasibət bildirən təhsil eksperti Asif Cahangirov da sertifikatlaşdırma prosesinə müsbət yanaşdığını deyib.Onun sözlərinə görə, müəllimlərin sertifikasiyası konseptual baxımdan tamamilə fərqli prosesdir: “Bu zaman hər bir müəllim müstəqil qiymətləndirilmədən keçirilir, onun biliyi, səriştəsi müəyyən olunmuş qaydada dəyərləndirilir və konkret parametrlər əsasında aparılan qiymətləndirmə nəticəsində onun pedaqoji fəaliyyəti müəyyənləşdirilir. Bu, beynəlxalq praktikada da var. ABŞ-ın bir neçə ştatında 5-7 ildən bir müəllimlər sertifikasiyadan keçirilir. O cümlədən qonşu Gürcüstanda ingilis dilini mükəmməl bilən, imtahan nəticələri yaxşı olan müəllimlər daha çox əməkhaqqı alırlar. Düşünürəm ki, bu sistemi bizdə də tətbiq edilsə, əla nəticələr əldə etmək olar. Bunun məqsədi də ildən-ilə inkişaf edən təhsildə müəllimin zəmanəyə, müasir təhsilə nə dərəcədə uyğun olmasını yoxlamaqdır. Hesab edirəm ki, sertifikasiya təhsilin inkişafına yönəlmiş addım olacaq. Belə ki, bu, ilk növbədə müəllimlərin hazırlıq səviyyəsini və savadını müəyyən edir. Sertifikatlaşma nəticəsində müəllim müəyyən dövr üçün müasir tələblərə cavab verəcək və istənilən məktəbdə işləmək üçün müsabiqələrə qoşula biləcək. Müəllimlik dünyada nüfuzlu sahələrdən biridir. Amma bu sahədə əməkhaqqı azdır. Ümumiyyətlə, müəllimlər dünyanın bir çox ölkələrində az əməkhaqqı alırlar. Düşünürəm ki, bu sahədə çalışan insan yaxşı əməkhaqqı almalıdır ki, işini də keyfiyyətli görə bilsin, gördüyü işdən zövq alsın. Sertifikatlaşma imkan verəcək ki, imtahanda yaxşı nəticə göstərən müəllimlər yüksək əməkhaqqı alsınlar. Bu təklif həm də rəqabəti artıracaq”.

Sertifikasiyanın diaqnostik qiymətləndirmədən fərqinə gəlincə, ekspert vurğulayıb ki, diaqnostik qiymətləndirmə bir sınaqdır: “Belə ki, diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınır, amma onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə alınmır. Diaqnostik qiymətləndirmənin özünün xidmət etdiyi konkret istiqaməti var. Diaqnostik qiymətləndirmə Azərbaycanın bir sıra rayonlarında müəllimlərin hazırlıq səviyyəsi və pedaqoji səriştələrinin hansı səviyyədə olmasını müəyyən etmək üçündür. Bu diaqnostika nəticəsində Təhsil Nazirliyi düzgün olaraq sertifikatlaşdırma xəttini seçib. Bu, dünya təcrübəsində yenilik deyil, düzgün yanaşmadır. Təhsil daim inkişaf edən sahədir. Bu sistemdə çalışan müəllim müasir tendensiyaları anlamalı, qəbul etməli və ona uyğun olaraq öz peşəkarlıq səviyyəsini yüksəltməlidir ki, müasir çağırışlara cavab verə bilsin».

Oxunma sayı 2357