“Mühacir olayları” ciddi şəkildə araşdırılmalıdır” – Fəzail Ağamalı

17:15 19.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Düşünürəm ki, istənilən rəsmi qurum saxtakarlıqla, qanunla qadağan olunan fəaliyyət növü ilə məşğuldursa, şübhəsiz ki, məsuliyyət daşıyır. Ona görə də burada, konkret olaraq Müsavat Partiyasında bu prosesdə kim iştirak edib,  içərisində kim yer alıb, hamısı araşdırılmalıdır. Hər kəs də qanun qarşısında cavab verməlidir”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib. Almaniyada həbs edilən və Müsavat Partiyasından saxta mühacir statusu alan şəxslərlə bağlı günü-gündən böyüyən olayları şərh bildirən AVP sədri söyləyib ki, partiyanın rəsmi strukturunda və ya rəhbər orqanlarında təmsil olunanlar siyasətlə məşğuldurlar deyə məsuliyyətdən kənarda qalmamalıdırlar: “Düşünürəm ki, bu məsələnin hüquqi müstəvidə araşdırılmasına ciddi ehtiyac var. Məncə Azərbaycanın hüquq-mühafizə orqanları bununla məşğuldurlar. Onlar araşdırmalarını aparsınlar, baxaq  görək şəbəkəyə kimlər daxildir”.

Millət vəkilinin fikrincə bu şəbəkə təkcə qanunsuz miqrantlarla bağlı məsələdə deyil, eyni zamanda, onlar Azərbaycan dövlətçiliyinə qarşı şər-böhtan kampaniyasının içərisində yer alan insanlardır: “Onlar təkcə Azərbaycandan kənarda qanundankənar fəaliyyətlə məşğul deyillər. Bu və ya digər formada bir sıra qanunsuz addımların atılmasından da çəkinmirlər. Onlar şəbəkələrini genişləndirərək bunu xaricə qədər daşıyıblar. Düşünürəm ki, bu dövlətçiliyimizə təhdiddir. “Mühacir olayları” ciddi şəkildə araşdırılmalıdır. Hər kəs də qanun qarşısında məsuliyyət daşıyıb, törətmiş olduğu əməllərə görə cavab verməlidir. Bu məsələyə Milli Məclis səviyyəsində baxmaq üçün onu deyə bilərəm ki, burada parlamentin səlahiyyətləri çərçivəsində bir şey yoxdur. Məsələ ilə bağlı hər hansı münasibət bəslənə, fikir söylənə bilər. Əgər ehtiyac duyularsa, bu məsələyə hüquq-mühafizə orqanlarının araşdırmalarından sonra Ədliyyə Nazirliyi öz fikrini ifadə etməlidir. Çünki siyasi partiyaların qeydiyyatı Ədliyyə Nazirliyində həyata keçirilir. Əgər ehtiyac olarsa, bu məsələ ilə bağlı son sözü Ədliyyə Nazirliyi deməlidir”.

Millət vəkili “mühacir olayları”na dolayı yolla müsbət don geyindirməyə çalışan AXCP sədri Əli Kərimlinin məsələyə münasibəti ilə bağlı fikirlərini ifadə edib: “Əli Kərimli də bu prosesin içərisindədir. Xaricdə ən çox müdafiə olunanlardan biri də elə Əli Kərimli deyilmi?! Ona görə də AXCP sədri, onu xaricdə müdafiə edənləri ölkə daxilində müdafiə etmək missiyasını daşımalıdır. Çünki onalarla Əli Kərimlinin başları, məqsədləri, fikirləri tam üst-üstə düşür. AXCP sədrinin bu cür açıqlamalar verməsi başadüşüləndir. Onun bu açıqlaması Əli Kərimlinin özünün maraqları baxımından ortadadır. Bunun başqa izahı yoxdur”.

 

Siyasət rubrikasından digər xəbərlər