Multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasətidir - PREZİDENT

17:12 14.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur. Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir. Biz çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda və eyni zamanda, ənənəvi dəyərlər ruhunda tərbiyə alır. Hesab edirəm ki, Bakıda keçirilən Zirvə görüşünün mövzularından biri də məhz bu, olacaq. Çünki biz görürük ki, dünyada, dünyanın müxtəlif yerlərində ənənəvi dəyərlərə qarşı kampaniya aparılır, onlar gözdən salınır, bizim üçün yad olan, bizim milli təfəkkürümüzə uyğun olmayan yeni “dəyərlər” aşılanır. Biz özümüzü və xüsusilə gənc nəslimizi bu yad və bəd təsirdən qorumalıyıq. Ona görə hesab edirəm ki, ənənəvi dəyərlərin, ailə dəyərlərinin təbliğ edilməsi hamımızın işi olmalıdır. Yenə də deyirəm, Azərbaycanda bu istiqamətdə aparılan siyasət - həm dövlət, həm dini liderlər tərəfindən aparılan siyasət, hesab edirəm ki, çox böyük qiymətə layiqdir.

Bu fikirləri Prezident İlham Əliyev Bakıda Dünya dini liderlərinin II Sammitində söyləyib. Onun sözlərinə görə, Azərbaycan multikulturalizm dəyərlərini təbliğ edən ölkələrdən biridir: "Multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasətidir. Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə bir çox önəmli addımlar atılmışdır və bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Tədbirlərin bəziləri ənənəvi xarakter daşıyır. Məsələn, Bakı Humanitar Forumu ənənəvi olaraq keçirilir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT tərəfindən dəstəklənir. BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya dini liderlərinin Zirvə görüşləri, yəni, bütün bu tədbirlərin bir məqsədi var - dinlərarası dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmaq, multikultural dəyərləri təbliğ etmək və beləliklə, dünyada gedən müsbət proseslərə öz töhfəmizi verməkdir. Çünki biz yaxşı görürük və mətbuatdan da izləyirik ki, dini zəmində, etnik zəmində, məzhəb zəminində bir çox xoşagəlməz hallar - münaqişələr, qarşıdurmalar, müharibələr, qardaş qanının axıdılması baş verir. Əfsuslar olsun ki, bəzi hallarda psevdodini şüarlar altında cinayətlər törədilir. Biz bu istiqamətdə öz səylərimizi birləşdirməliyik".

Gündəm rubrikasından digər xəbərlər