“Münhen paneli Paşinyan üçün qara kabus demək idi” – Suren Sarqsyan

16:08 18.02.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Münhen Təhlükəsizlik Şurası çərçivəsində baş nazir Nikol Paşinyan və prezident İlham Əliyev arasındakı dialoq Ermənistanın baş naziri üçün saat yarımlıq qara kabus demək idi. O, müzakirəyə hazır deyildi. Bu, birmənalıdır. Münaqişənin həlli ilə bağlı səsləndirdiyi təkliflər paketi də səliqəsiz şəkildə təqdim olundu”.

Hafta.az tert.am-a istinadla xəbər verir ki, bunu Ermənistan – Amerika Strateji Araşdırmalar Mərkəzinin (EASAM) rəhbəri Suren Sarqsyan deyib. Ekspert bildirib ki, Nikol Paşinyanın Münhen debatında səsləndirdiyi fikirlər və arqumentlər onun bu görüşə məsuliyyətsiz yanaşdığının göstəricisidir: “Diplomatik dili də kobud seçmişdi. Yanaşmalarda yanlışlıqlar var idi. Əvvəlki mühafizəkar dövlət siyasəti və münaqişə ilə bağlı səsləndirilən “dəbilqəli dil”dən kənara çıxılmışdı. Daha təcrübəli olan qarşı tərəf isə baş nazirin buraxdığı səhvlərdən məharətlə yararlanmağa çalışdı və demək olar ki, bir çox hallarda buna nail oldu. Nikol Paşinyan özü ilə tərcüməçi götürməli idi. İxtisasyönlü ingilis dili bilgisinə güvənib siyasi şərh vermək çox bərbad görünürdü. Ümid edirəm ki, baş nazir gələn dəfəki görüşlərdə populizmdən yayınmağa çalışacaq”.