“Müsavat Partiyasının  “mühacir olayları” partiyalar haqqında qanunun pozulmasıdır” – Aydın Mirzəzadə

12:29 19.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Müsavat Partiyasındakı “mühacir olayları” durmadan böyüyür. Hətta partiya üzvlərinin bir qismi partiyanın başqanı Arif Hacılını istefaya səsləyir. Özü də sosial şəbəkələrdə. Arif Hacılı isə get-gedə qaranlıqdakı “ciblərin” işığa çıxdığını görsə də, baş verənlərə hələ ki, məsuliyyəti üzərindən götürə biləcək açıqlama verməyib. Bu barədə “Müsavat” başqanı heç istəkli də görünmür.

Almaniyada saxlanılan və saxta mühacir sənədləri ilə “Berlin divarlarında” qalan Azərbaycan vətəndaşları ilə bağlı bir fakt danılmazdır: biabırçılıq. Bəs bu biabırçılığı kim yuyacaq?

Baş verənlər bir suala da cavab istəyir. Hələlik Müsavat Partiyasının boynunda qalan “mühacir işi” məsələsi Siyasi Partiyalar Haqqında qanunun pozulmasıdırmı? Eləcə də hakim Yeni Azərbaycan Partiyasının “Müsavat”dakı “qara haqq-hesablarla” mövqeyi nədir? 

Məsələ ilə bağlı millət vəkili, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə hafta.az-a açıqlamasında deyib ki, bu cür olaylar Azərbaycan haqqında mənfi imicin formalaşmasına səbəb olur: “Müsavat Partiyasının “mühacir olayları” ilə bağlı Yeni Azərbaycan Partiyası olaraq bəyanat səsləndirməyə ehtiyac görmürük. Bu gün müxalifət partiyalarından biri olan Müsavat Partiyasının təşkilat daxilindəki saxtakarlığı ictimaiyyətə məlum olub. Eyni zamanda, onun hərəkətlərində dövlətə qarşı da böyük cinayətlər var. Vətəndaşlarımıza saxta partiya biletləri verərək onların xarici ölkələrə mühacirət etməsinə saxta yollarla nail olmağa çalışıblar. Bu, xaricdə Azərbaycan haqqında mənfi imicin formalaşmasına səbəb olur. Düzdür, bu, dövlətin fəaliyyəti deyil. Ölkəmizdə fəaliyyət göstərən və həmişə seçkilərdə uduzan müxalif partiyanın fəaliyyətidir”.

Millət vəkili bildirib ki, bu gün onun məsuliyyətini də məhz Müsavat Partiyası daşıyır: “Verilən bütün bəyanatlara, üzrxahlıqlara baxmayaraq, partiyanın bu kimi çirkin işlərlə məşğul olduğu üzə çıxıb. Azərbaycan ictimaiyyəti bu partiyanın nə demək olduğunu bir daha gördü. Bundan sonra hansı üzlə insanların qarşısına çıxacaqlar? Hansı üzlə seçkiyə gedəcəklər? Məncə bu haqda hansısa fikir səsləndirmək bir qədər çətindir. Həmçinin, sabah digər müxalifət partiyalarının da bu cür çirkin işlərlə məşğul olmaları üzə çıxarsa, artıq heç kim təəccüblənməyəcək. Çünki ara-sıra şəhərin icazə verilməyən yerlərində mitinqlər təşkil etmək, polislə toqquşma yaratmaq tək Müsavat Partiyasının deyil, eyni zamanda, AXCP-nin də metodlarından biridir. İndi aydın olur ki, onlar nə səbəbə görə bu cür mitinqlərin keçirilməsini israrla təkid edirdilər. Bütün bunlar siyasi partiyalar haqqında qanunun pozulmasıdır”.

Bu arada onu da qeyd edək ki, Avropada mühacirətdə yaşadığını iddia edən bəzi soydaşlarımız da Almaniyadakı olaylara – biabırçılığa görə məhz Arif Hacılını qınamaqdadır.  

Siyasət rubrikasından digər xəbərlər