Müxalifətin qanunsuz aksiya yarışı  – ŞƏRH

15:54 13.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 12-də Müsavat Partiyası Bakı meriyasının, eləcə də “İçərişəhər” metrosunun önündə icazəsiz aksiya keçirməyə cəhd göstərdi. Təxminən 30-40 nəfər partiya fəalınının yarım saat ərzində aksiya cəhdləri iflasa uğradı. Gediş-gəlişin sıx olduğu ərazidə icazəsiz aksiya və ya piket cəhdinin qarşısı polis tərəfindən alındı. Asayiş qısa müdaxilələrdən sonra anındaca bərpa olundu.

Doğrudur, Müsavat Partiyası əvvəlcədən mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət etmişdi. Meriya da müxalif düşərgənin mitinq keçirmək arzusunu gözündə qoymamışdı. Yer ayırmışdı. Məkan isə Lökbatanda idi. Müxalifət “uzaqdı, kim gedəcək” bəhanəsi ilə meriyanın təklifini geri çevirdi. Əvəzində isə əhalinin gediş-gəlişinin sıx olduğu ərazidə mitinq keçirməyə cəhd göstərdi. Bu isə cəmiyyətin fəal və qeyri-fəal üzvləri tərəfindən birmənalı qarşılanmadı. Pislənildi. Səbəb kimi “Müsavat”çıların bu addımı ictimai asayişi pozmaq kimi qiymətləndirildi.

Əslində dünən müxalifət üçün növbəti uğursuz günlərdən biri idi. Çünki Müsavat Partiyası da AXCP, Milli Şura kimi düşünürdü. Elə bilirdilər ki, onların arxasınca kütlə gələcək. Arxalarında sosial eloktoratın dayanacağını zənn edirdilər. Amma dünənki uğursuzluq onu bir daha göstərdi ki, bunların arxasında heç kim, o cümlədən xalq yoxdur. Azərbaycan xalqı, hər hansı bir eloktorat bunları dəstəkləmir”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili, Cavid Osmanov deyib. Müsavat Partiyasının noyabrın 12-də Bbakı meriyası önündə keçirmək istədiyi və baş tutmayan icazəsiz piketini şərh edən deputatın sözlərinə görə, sözügedən müxalif düşərgənin heç bir sosial bazası yoxdur: “Bir müddət əvvəl Müsavat Partiyasının qərargahında dəyirmi masa təşkil olundu. Özlərini müxalifət lideri adlandıranlar bir araya gəlmişdilər. Dünənki icazəsiz piketi həmin “dəyirmi masa”nın nəticəsi kimi dəyərləndirmək mümkün deyil. Çünki həmin “dəyirmi masa”dan əvvəl Müsavat Partiyası mitinq keçirməklə bağlı bəyanat səsləndirmişdi. Təbii ki, Bakı Şəhər İcra hakimiyyəti Müsavat Partiyasının mitinq keçirmək qərarına müsbət cavab vermişdi. Lökbatanda onlar üçün yer də ayrılmışdı. Onlar əvvəldən bilirdilər ki, Lökbatanda mitinq keçirmək üçün elektoratları yoxdur. Ona görə də icra hakimiyyətinin təyin etdiyi yerdə, qanunla müəyyən olunmuş qaydada mitinq keçirməyə razı olmadılar”.

Millət vəkilinin sözlərinə görə, Müsavat Partiyasının icazəsiz piket keçirməyə cəhd göstərən üzvləri dünən növbəti dəfə sabitliyi pozmağa cəhd göstərib: “Onlar ictimai asayişi pozmaq istəyirdilər. Bu niyyətləri baş tutmadı. Əmin-amanlığı pozmaq onların qarşısına qoyulan tapşırıq idi. Bununla da kimlərinsə diqqətini buraya yönəltmək istəyirdilər. Bunlar özbaşına olan hərəkətlər deyil. Onların arxasında dayanan qüvvələr deyil. Onların arxasında dayananlar Azərbaycanı sevməyənlərdir. Bu, birmənalıdır. Eləcə də Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrdir. Həmin qüvvələr ölkəmizin inkişafından qıcıqlanırlar”.

Cavid Osmanovun fikrincə 12 noyabr icazəsiz aksiyasını keçirməkdə Müsavat Partiyası rəhbərliyinin əsas məqsədi ölkədəki ictimai-siyasi sabitliyə zərbə vurmaq idi: “Amma dünənki icazəsiz piketin baş tutmaması bir daha onu göstərdi ki, “dəyirmi masa” ətrafında oturanların özlərindən başqa heç kim yoxdur. Beş-altı nəfər otururlar, nəyisə müzakirə edirlər. Haradansa qrantlar almağı, erməni ağalarına nə cür xidmət etməyin yollarını axtarırlar. Ölkədə sabitliyi pozmaq, iqtisadi inkişafa hansı formada zərər vurmağın yollarını arayırlar. Onların məqsədi yalnız bundan ibarətdir. Hər axşam xarici ölkələrdə oturaraq internet kanallarda bir-birləri ilə dialoq aparırlar. Onlar fikirləşirlər ki, böyük qəhrəmanlıqlar edirlər. İnternet kanalların qarşısında dayanaraq ağızlarına gələni danışırlar. Əslində, xalqımız bunları baykot edib. Neçə illərdir müşahidə olunan mənzərə budur. Xalq cənab prezidentin apardığı siyasəti dəstəkləyir. Bugünki əmin-amanlığı dəstəkləyir və bu əmin-amanlığı onlara bəxş edən siyasi liderin yanında olduğunu öz dəstəyi ilə göstərməkdədir. Xalqımız insanların sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımları dəstəkləyir. Cənab prezident tərəfindən aparılan islahatlara öz dəstəyini ifadə edir. Cəmiyyətimizin aparıcı insanları, ictimaiyyət müstəqil Azərbaycanın ən böyük büdcəsini dəstəkləyir. Radikal müxalifət isə həm erməni ağalarından, həm də digər qüvvələrdən qrantlar almaq, şəxsi mənafelərini təmin etmək üçün “dəyirmi masa”larda birləşirlər. Bu dəyirmi masaların isə heç bir əhəmiyyəti yoxdur. Çünki bunların nə ağılı, nə də ideyası var. Ona görə də bunların arxasından heç kim gəlmir”.

Millət vəkilinin sözlərinə görə, radikal müxalifət rəhbərləri çox güman ki, mərhələli şəkildə sabitliyi pozmaqla bağlı qərarı da “dəyirmi masa”da qəbul ediblər: “Görünən odur ki, radikal müxalifət liderləri dəyirmi masa arxasında otursalar da, oturmasalar da ancaq özlərini fikirləşirlər. Dünənki icazəsiz və baş tutmayan piket də göstərdi ki, bunların vahid ideyası yoxdur. Çünki birləşməyə də cəhd göstərmirlər. Ona görə ki, bir-birlərinin sözləri boğazlarından keçmir. Birləşsələr də, birləşməsələr də, “dəyirmi masa”ları iki dəfə böyütsələr də onların arxasında özlərindən başqa heç kim olmayacaq. Bir daha deyirəm, xalqımız dövlət başçımızın yürütdüyü siyasəti təqdir edir. Bəyənir və dəstəkləyir”.

Müxalifətin ard-arda uğursuz mitinqlərinin nəyə hesablandığını yəqin ki, heç uğursuz piketləri təşkil edənlərin özləri də bilmirlər. Dəyişən heç nə yoxdur. Kiçik dəstələrlə iğtişaş və hay-küy salmaq... Bu isə siyasi partiya yox, siyasiyönümlü, radiakal dərnək mübarizəsidir. Onların əsdirmək istədiyi yel isə qayadan heç nə apara bilmir.

Siyasət rubrikasından digər xəbərlər