NASA Marsın üfüqünün təəccüblü görüntüsünü yayımladı

09:15 01.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

NASA-nın “Odyssey” orbitatoru Mars üfüqünün heyrətamiz görüntüsünü yayımlayıb.

Hafta.az-ın yazdığına görə, sözügedən görüntü koordinasiya üçün aylar sürən iş nəticəsində çəkilib. Üstəlik, alimlər bunun Marsla Yerin müqayisəsinə imkan verəcəyini deyirlər.

2001-ci ildə orbitə buraxılan və “Qırmızı Planet”in orbitində fırlanan “Odyssey” təsviri təxminən 400 kilometr yüksəklikdən qeydə alıb. Bu məsafə 1990-cı illərdən Yer ətrafında dövr edən Beynəlxalq Kosmik Stansiyanın (BKS) Yerə olan məsafəsi ilə eynidir.

ABŞ-ın Arizona Dövlət Universitetindən astronom Conatan Hill, "Marsın orbitində astronavtlar olsaydı, onlar da görünərdilər" deyib. “Daha əvvəl Marsda heç bir kosmik gəmi bu cür mənzərəni qeydə almayıb”, - astronom əlavə edib.

Görüntü “Odyssey”in Thermal Emission Imaging System (THEMIS) sayəsində qeydə alınıb. Alimlər kosmik gəminin gövdəsinə bərkidilmiş bu cihazın sözügedən səhnəni qeydə alacaq vəziyyətdə olmasını gözləməli olublar.

Oxunma sayı 76