Nədənsə, saza qarşı bir qısqanclıq yaranıb - MÜSAHİBƏ  

11:04 29.08.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

XVI əsr Sarı Aşıq yaradıcılığında cinaslı bayatılar sonralar təcnis, şeir və başqa şeir növlərinin meydana gəlməsində təkamül olmuşdur. Tanınmış şair Adil Cəfakeş Laçın saz-söz xəzinəsindən zənginləşərək, eləcə də ümumi Azərbaycan şeiriyyətindən bəhrələnərək, həm şair kimi, həm də müəllim kimi ustad fəaliyyəti ilə şəyirdlər yetişdirmişdir.

Adil Cəfakeş  bizimlə söhbətə sənət yolundan danışdı:

- Dörd saz havası: “Cəfakeş”, “Adil gözləməsi”, “Üç yarpaq”, “Adil müxəmməsi”  bəsləməklə, çalıb saz-söz ifaçılığını mənimsəyib təbliğ etmişəm. Eyni zamanda,  belə sənət yolunu nizamlamaqla Laçın saz-söz ədəbi məktəbini formalaşdırmışam. Hal-hazırda  Adil Cəfakeş saz-söz məktəbinin istedadlı şagird nümayəndələri Aşıq Təşəkkül, Aşıq Seymur kimi sənətkarlar bu yolu davam etdirirlər. Musiqi xəzinəmizin unudulmaqda olan “Laçın gülü” –Aşıq Ələmşah, “Zəngəzur gözəlləməsi” - Aşıq Cəfərqulu saz havalarının  ustadlarımdan öyrənib, mənimsəmişəm. Eləcə də unudulmaqda olan, ustadlarımdan öyrəndiyim və bir çox sənətkarların eşidib-bilmədiyi “Dərvişi”, “Laçını sarıtorpaq” havalarını da saz-söz xəzinəmizə təqdim etmişəm.

- Necə oldu ki, aşıq sənətinə yiyələndiniz?

- Bu sənət bizdə irsən keçmədir. Atamın əmisi Aşıq Cəfərqulu öz dövrünün məşhur aşıqlarından olub.

- Deyilənə görə, siz həm də  məşhur sazbəndsiniz.  Bu sənəti öyrənməkdə ustadınız kim olub?

- Sazbəndlik özü bir sənətdir. Bu sənəti özüm öyrənmişəm. 1992-ci ildən bu sənətlə məşğulam. Xatırladım ki, ki, qaçqınlıqdan əvvəl sazım girov qalıb Laçında. Laçının ermənilər tərəfindən işğalından sonra gəlib Bakıda, Səbail rayonunun Badamdar qəsəbəsində məskunlaşdıq.

...Ağır şərait idi. Saz almağa maddi imkanım olmadı. Özüm üçün bir saz düzəltməyə başladım. Açığını deyim, sazbəndlik məndə zərurətdən  yaranmışdı. Çörəyimi bu sənətdən çıxardım. Tanınmış aşıqlar mənim əl qabiliyyətimi görüb sifariş verdilər. Aşıq Əli, Aşıq Seymur, Aşıq İsa kimi tanınmış aşıqların sazlarını mən düzəltmişəm.

- Bir sazın düzəldilməsi neçə günə başa gəlir və onu neçəyə satırsınız?

 -  Əvvəla, qeyd edim ki, milli musiqimizin təməli sazla başlayıb. Sazın tarixi çox qədimdir, demək olar ki, bilinmir. Saz əvvəllər 9 simdən ibarət idi. İndi isə təkmilləşdirilərək 11 simə qədər artırılıb. Saz 6 hissədən – aşıq, qol, beçə, qanad və xərəkdən ibarətdir. Sazın qanad hissəsi tut ağacından, qol hissəsi isə qozdan hazırlanır. Onu düzəltmək çox çətindir, vaxt aparır. Xüsusən də böyük səbir, zərgərlik tələb edir. Saz həm də öz incəliyi və səsinin sehri ilə digər musiqi alətlərindən fərqlənir. Onun üstünlüyü və sehri ondadır ki, milli ruhda köklənir. Saz havaları həmişə ruhumuzu yerindən tərpədir.

Sazı bir aya düzəldirəm. Qiymətlər müxtəlifdir. Saz var, 300 manata, saz da var, 500-1000 civarında satılır. Mən sazı 500-1000 manata düzəldirəm. İndi xəstəlikdən əziyyət çəkirəm. Artıq səhhətim yol vermədiyindən,  sazbəndlik sənətini  dayandırmışam.

- Nədənsə, sazdan söhbət açanda fikrə gedirsiniz, həm də sözlü adama oxşayırsınız. Sanki içinizdə bir sıxıntı var?

- Azərbaycan Yazıçılar Birliyində keçirilən tədbirlərdə sazın çalınmasına qadağa qoyulub. Guya sazın səsi insanların rahatlığını pozur. Halbuki saz sözlə yanaşıdır, çalınanda ruhumuzu dilləndirir, əsəbləri sakitləşdirir, bizi uzaq keçmişə, sirlər dünyasına aparır. Açığını deyim,  saz indi bayağılaşdırılıb, necə gəldi çalırlar. Yəni sazı çalmaqdan çox foks göstərirlər.

Nədənsə, saz alətinə qarşı bir qısqanclıq yaranıb. Bu gün klassik aşıq sənəti tənəzzül dövrünü yaşayır. Bir sazı, ən azı, bir aya düzəldirəm. Sazbəndlik çətin sənətdir. Böyük səbir, zərgərlik tələb edir. 

- Bir qədər də şairliyinizdən söz açaq. Nə vaxtdan şeir yazırsınız?

- Şairlik özü bir istedad, Tanrıdan gələn  vergidir. Uşaqlıq illərindən şeir yazıram. AYB-nin və Aşıqlar Birliyinin üzvüyəm, bu günədək 4 kitabım işıq üzü görüb.

- Siz, əsasən, şeirin hansı janrında daha çox yazırsınız?

- Yaradıcılığımda poeziyanın bütün janrlarından orijinal nümunələrim var. Əsasən, yaradıcılığımda “təcnis” janrına daha çox üstünlük verilib, klassik mükəmməl formada inkişaf etdirilib. Bu da mənim xalq yaradıcılığına, saza-sözə sərrast münasibətimdən irəli gəlir:

Adiləm, ah-naləm, gün-ahım indi,

Çıxır qabağıma günahım indi.

Gördüm yüzü keçib günahım indi,

Daldalayıb yarıdandı gözlərim...

- Əvvəllər “Adil” təxəllüsü ilə mətbuatda çıxış edərdiniz. Bəs “Cəfakeş” təxəllüsünü haradan tapıb adınıza birləşdirdiniz?

- Laçının işqalınadək “Adil”  təxəllüsü ilə tanınırdım. Elə ki torpaqlarımızı itirdik, ağır, cəfakeşli günlərimizi yaşadıq. Elə gün olmur ki, torpaqlarımız yadıma düşməsin. Laçın hər gün gözlərimin önündə canlanır, sinəmə nisgili çökür, çalın-çarpaz həsrət dağını çəkir.

Şair həm də yaradıcılığında cəfakeş olmalıdır. Cəfakeşliyi onun ruhunda, qələmə aldığı şeirində özünü göstərməlidir.

- Siz həm də Sarı Aşıq adına “Sazlı-sözlü Ədəbi Məclis”in həm yaradıcısı, həm də rəhbərisiniz. Bu gün onun fəaliyyəti nə yerdədir?  Sizə dəstək olan varmı?

- Bu gün 100-dən çox üzvü birləşdirən Ədəbi Məclisdə tanınmış şair və aşıqlar iştirak edirlər. Tədbirlərimiz çox olur. Məclisin fəaliyyətində  Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov həmişə bizə dəstək olur. Rayonda yaradıcı adamların tədbirləri və görüşləri təşkil edilir. Eləcə də Badamdar Bələdiyyəsi öz köməkliyini bizdən əsirgəmir, bizə həm maddi, həm də mənəvi dəstək olur. Bu yaxınlarda Səbail RİH-in və Badamdar Bələdiyyəsinin birgə təşkilatçılığı ilə təzə işıq üzü görən “Açmışam öz içimdə” kitabımın təqdimatı keçirildi. Yaxşı olardı ki,  digər rayon rəhbərləri və bələdiyyələr Səbail rayonundan nümunə götürəydilər. Ərazilərində yaşayan yazarlarımıza həmişə dəstək olaydılar.