"Bizimlə bərabər özəl toxum şirkətləri də yaradılmalıdır" - Müsahibə

15:20 16.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Qeyri-neft sektorunun inkişafı Azərbaycanda kənd təsərrüfatı sahəsində də özünü göstərir. Yaxın vaxtlarda Prezidentin müvafiq fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik hüquqi şəxs statusunu aldı. Hafta.az TETİ-nin direktoru Elmar Allahverdiyevlə müsahibəni təqdim edir. 

- Prezident kənd təsərrüfatı sahəsinə xüsusi diqqət ayırır. Bu il kənd təsərrüfatına dair bir sıra fərmanlar verdi. Tərəvəzçilik Elmi-Tədiqiqat İnstitutu bu fərmanlara uyğun olaraq hansı işlər görür və yeniliklər varmı?

- Cənab Prezidentin müvafiq əmri ilə 2016-ci ildə İnstitutun bazasasında milli-tərəvəzçilik-kartofçuluq müəssisəsinin yaradılmasına başlanıldı. Toxumçuluqla bağlı müasir istixanalar tikilib istifadəyə verildi. Azərbaycanda ilk dəfə tərəvəz toxumlarının emalı məntəqəsi yaradıldı. Bununla yanaşı İnstitutun labaratoriyaları tam yenidən quruldu, infrastruktur yeniləndi. MDB ölkələri üzrə ən müasir texnologiyalar və yenilənmiş infrastruktur kimi ön sıralarda qərarlaşan bir müəssisəyik deyə bilərik. Prezident bu il TETİ-ni publik hüquqi şəxs elan etdi. Publik hüquqi şəxsə çevrilməklə İnstitutun imkanlarını bir neçə dəfə artmış oldu. TETİ tərəvəz-bostançılıq, kartof toxumu emalı sahəsində özünün imkanlarını genişləndirib. Həmçinin institutun əməkdaşlarının üzərinə daha böyük məsuliyyət yükü düşür. Biz öz məsuliyyətimizi hiss edirik. Yeni sortların, hibridlərin yaradılması, eyni zamanda istixana sahəsində yeni mütərəqqi becərmə texnologiyaları, aqrokimyəvi qulluq və s. birbaşa bizim funksiyamıza daxildir. Bu istiqamətdə olduqca intensiv işlər aparılır.

- TETİ publik şəxs kimi fəaliyyət göstərir. Fərmandan sonra hansı dəyişikliklər var?

- Müvafiq fərmandan sonra hal-hazırda sənədləşmə işlərini həyata keçiririk. Çünki bu fərmanla bizim nizamnaməmiz, strukturumuz dəyişməlidir. Ən sevindirici hallardan biri odur ki, biz daha yüksək ixtisaslı kadrları cəlb edə biləcəyik. Çünki əvvəllər işçilərin əməkhaqqı mövcud duruma görə qiymətləndirilirdi. Etiraf edək ki, bu bəzən kadrları cəlb etmə imkanı vermirdi. İndi isə kifayət qədər artımlar olacaq. Bu isə öz növbəsində yüksək ixtisaslı kadrların birbaşa İnstitutumuza cəlb olunmasına şərait yaradacaq.

- Mətbuatda gedən xəbərlərdə də tez-tez rast gəlirik ki, ölkədə toxumçuluq fəaliyyəti inkişaf etdirilir. Maraqlıdır, tərəvəzçilik sektorunda ölkəmizi lazımi qədər toxumla təmin edə bilirsinizmi?

- Toxumçuluq qida zəncirinin ən önəmli komponentlərindən biridir. Çünki sağlam toxum, sağlam məhsul deməkdir. Eləcə də əhalinin sağlam olmasına gətirib çıxaran bir önəmli faktordur. Azərbaycanın indiyə  qədər tərəvəz toxumçuluğu sahəsində xaricdən asıllığı var idi. Əksər toxumlar xaricdən idxal olunurdu. Bu isə ölkənin bu sahəyə əlavə pul xərcləməsi demək idi. Maya dəyəri aşağı olan toxumlar ölkəmizə qat-qat baha qiymətə gətirilirdi. Bu hal özünü daha çox istixana tərəvəzçiliyində göstərirdi. Bizim İnstitutla yanaşı bölgələrdə stansiyalarımız var. Onların da infrastrukturunun yenilənmısi üzərində işlər aparılır. Qarşımızda duran məsələ növbəti üç ildə Azərbaycanın tərəvəz toxumçuluğ təlabatının 15 faizini ödəməkdir. Dövlət tam bunu ödəyə bilməz. Bizimlə bərabər özəl toxum şirkətləri də yaradılmalıdır. Hansı ki, institut onları yönləndirməlidir. Bu praktika xarici ölkələrdə var. Biz artıq hiss edirik ki, institutun gördüyü işlər özəl fermer sahiblərinə də stimul verib. Bütün ölkədə bu marağı hiss etmək olur. İnsanlar müxtəlif vasitə ilə bu yüksəlişi bizə bildirirlər. Yaxın günlərdə ən böyük istixana istehsalçıları ilə bizim görüşümüz keçirildi. Onların özləri üçün də maraqlıdır ki, xaricdən baha almaq əvəzinə o keyfiyyətdə bizdən ucuz qiymətə əldə edə bilsinlər. Biz artıq alternativ rolunu oynaya bilmişik. Biz aqronomluq sisteminin qurulmasına çalışırıq.

- İnstitutda bostan-tərəvəz bitkilərinin yeni sortları yaradılırmı?

- Əlbəttə, yeni sort hibridlərimiz var. Hibridlər daha məshuldar olurlar. Adi saf xətlərdən 30-40 faiz məhsuldar olmaqla yanaşı, zərərvericilərə qarşı möhkəm olurlar. Bu il istixana şəraitində pomidorun 150 sortunu sınaqdan çıxartdıq. Onların içindən 10 dan artıq sort seçmişik ki, məhz bu sortlar yerli bazara uyğundur. Növbəti ildə onların hibridləşməsini həyata keçirəcəyik. İlk dəfə olaraq badımcanın iki perspektiv sortunu sınaqdan çıxartdıq. Bundan əlavə bibərin sortlarında bu proses aparıldı. Belə ki, şirin bibərin rayonlaşmış olan “töhvə”sortunu yaratdıq. İlk dəfə olaraq kahıların müxtəlif növlərinin selseksiyasını həyata keçirməyə başladıq. Səbzə və tərəvəzlərin toxumlarına ehtiyac böyük olduğu üçün onun sortunu artırmağa başladıq.  Xiyar bitkisinin rayonlaşmış “bahar” sortu və eləcə də yeni xiyar sortları üzərində işlər apardıq. Bundan əlavə istixana şəraitində qarpız və yemiş üzərində işlər davam etdirildi. Açıq sahədə bostan bitkilərinin yeni hibridləri yaradılıb. Sarımsağın iki sortunu biz təqdim etdik. Birinci mövsüm üçün hesabat vermiş olsaq görəririk ki, bu sahədə çox böyük işlər görülüb.

- Bəs  xaricə bu toxumlar ixrac olunurmu?

- Yaxın günlərdə Yaponiyaya göndərmişik. Onların öz istəkləri əsasında biz toxumları göndəririk. Pomidorun “leyla” sortundan göndərmişik. İndi bizdə əsas məsələ ölkənin daxili təlabatını ödəməkdir. Qarşıdakı illər üçün Azərbaycanın toxuma olan təlabatını tam olmasa da, qismən ödəyə bilməkdir. Azərbaycanın kartof toxumuna olan təlabatı 180-200 min ton, tərəvəz toxumlarına olan tələbat 350 ton, bostan toxumlarına olan təlabat 95 tondur. Bu rəqəmlər elə də kiçik rəqəmlər deyil. Əgər biz bunu ölkə üçün təmin edə bilsək böyük gəlirlər gətirmiş olar. İdxaldan asıllıq azalar. Fermerləri ucuz və keyfiyyətli toxumla təmin etmək kimi qarşıya qoyulan bir məqsəd var. Gələcəkdə isə xarici ölkələrə toxum sata bilərik. Əsas işləri başlamaq idi, artıq biz bu işləri uğurla başlamışıq.

- Sağlam toxum texnologiyası dediniz. Sağlam toxum necə alınır, onun texnologiyası haqqında da məlumat verməyinizi istərdik.

 - Sağlam toxum alınması prosesi çox çətin məsələdir. Sağlam toxum deyəndə xəstəliklərdən, viruslardan azad olan toxum deməkdir. Sort qarışığı olmur, sortluluq keyfiyyəti yüksək olur. Həmçinin emalı prosesi və saxlanması işin 50 faizdir. Əgər kartof toxumlarının saxlanması üçün lazımı texnologiya və şərait olmadıqda 40 faiz məhv olur. Tərəvəz toxumlarının da saxlanma rejimləri var. Toxum emalı məntəqələrimiz fəaliyyət göstərir ki, beş mərhələli olan prosesdir.

- İnstitutun bölgələrdə təcrübə stansiyaları var. Bəs onlar regionların toxuma olan təlabatını ödəyə bilirlər?

- İnstitutun regional stansiyaları var: Lənkəran Təcrübə Stansiyası, Xaçmazda Qusarçay Təcrübə Stansiyası, Tovuz Təcrübə Stansiyası, Şəmkirdə isə Dayaq Məntəqə stansiyası fəaliyyət göstərir. Bu stansiyalar hər biri öz sahəsi üzrə ixtisaslaşıb. Məsələn, Lənkəran Təcrübə Stansiyasında faraş tərəvəzçiliyin inkişfı və tədqiqi, tezyetişən toxumların seleksiyası işləri üzrə ixtisaslaşıb. Şimal bölgəmizdə olan stansiyada konserv, emalyönlü toxumların becərilməsi, Tovuz Təcrübə Stansiyasında əsasən kartof toxumçuluğu, soğan, sarımsağın toxumçuluğunun alınması üzrə işlər aparılır. Şəmkir Dayaq Məntəqəsində elit kartof toxumların istehsalı nəzərədə tutulub.

- TETİ həmçinin doktorant və dissertlar qəbul edir. İl ərzində bu sahədə nə qədər gənc tədqiqatçı öz təhsilini davam etdirə bilir?

- Publik hüquqi şəxsə çevrilməmizə baxmayaraq yenə də əsas vəzifələrimizdən biri olan kadr hazırlamaq işini davam etdiririk. Bu istiqamətdə 6 nəfər doktoranturaya, bir nəfər dissertanturaya qəbul olub. Növbəti illər üçün bu sayı artırmaq istəyirik. Atıq doktorant və dissertantların hazırlanması üçün burada çox geniş imkanlar var. Hal-hazırda bura elm mərkəzinə çevrlib. Bu sahə üzrə tədqiqat aparmaq üçün hər bir şərait yaradılıb.

- Əməkdaşlarınızı xarici ölkələrdə praktika keçmək üçün göndərirsinizmi?

- Bir nəfər əməkdaşımızı Türkiyənin Ege Universitetinə göndərmişik. Dekabr-yanvar aylarında üç əməkdaşımızı Türkiyəyə göndərmişdik. Bir nəfəri iki həftəlik bu il Taylanda göndərdik. Mən özüm Fransada oldum. Müxtəlif elmi-tədqiqat müəssisələrində olduq. Artıq müəyyən müqavilələr bağlamaq üçün təkliflər aldıq. Əvvəllər də əlaqə olub, lakin bu əlaqələr kəsilmişdi. Bunları bərpa etmək üçün xaricdə görüşlərimiz olur. Çalşırıq ki, xarici dövlətlərin praktikasını öyrənib tətbiq edək. Bununla bərbarə xaricdən də yüksək səviyyəli ekspertləri İnstituta cəlb edirik.