“Hiss etmək üçün gərək sən Suma olasan...” - Müsahibə

13:59 18.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bəzən fiziki qüsuru olan şəxslərə bacarıqsız, cəmiyyətə yararsız insan kimi baxırıq. Xanəndə Suma Tapdıqova bu gün öz əzmi və zəhməti ilə bir çoxlarına nümunədir.

Hafta.az-ın budəfəki müsahibi görmə məhdudiyyəti VII Beynəlxalq Muğam Müsaqibəsinin xüsusi laureatı xanəndə Suma Tapdıqovadır. Buyurun, siz də oxuyun:

- Mən Tapdıqova Suma Seyidabbas qızı 1991-ci ildə mayın 8-də Şamaxıda anadan olmuşam. İlk təhsilimi 5 nömrəli orta məktəbdə almışam. 2014-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə, 2019-cu ildə isə Konservatoriyanın magistr pilləsinə daxil olmuşam. Hal-hazırda təhsilimi davam etdirirəm.

- Bu sənətdə sənə ən çox dəstək, motivasiya verən kimlərdir?

- Valideynlərim, eləcə də müəllimlərim. Valideynlərim çox əziyyət çəkib. Atam 10 ildir ki, hara getsəm yanımdadır.  Müəllimlərim Gülyanaq Məmmədova, Teyyub Aslanov, Zabit Nəbizadədir. Onlardan çox razıyam, hətta belə deyərdim ki, onları özüm  seçmişəm. Xüsusilə müəllimlərimdən xalq artisti, Gülyanaq xanım mənə daha çox can yandırır. Müəllim insana düzgün istiqamət göstərən şəxs olmalıdır. O da belələrindəndir. Düzdür, insanın çox ustadı ola bilər. Elə müəllimlər var ki, bir dəfə sual verirsən, ikinci dəfə deyir özün oxuyub öyrənərsən. Gülyanaq xanım isə belə deyil. Bir sualı dəfələrlə versən də yorulmur, usanmır. Digər ustadlarım da mənə hər zaman dəstək olublar. Biri əlimdən tutubsa, o biriləri də qapı açıb.

- Deyirlər, görmə qabiliyyəti məhdud olan insanlarda hissiyyat güclüdür. Sizdə hansı hiss güclüdür?

- Əvvələr gözlərim görüb deyə rəngləri ayırd edə bilirəm. Hətta geyim mağazasındakı libasları özüm seçirəm. Satıcı mənə hansısa geyimi təsvir edəndə artıq onun rəsmi gözümün qarşısında canlanır. Görmə məhdudiyyəti insanların yaddaşıda güclüdür. Məsələn, bir yolu ikinci dəfə gedirsənsə, yıxılmamaq üçün həmin yolu yadda saxlamağa məcbursan. Bəzən adamın səsindən hiss eləyirəm ki, o mənim hansı tərəfimdə dayanıb danışır. Yəni bu, hissiyyatla əlaqələnir. Hərdən qarşımdakı insan mənim gözümün zəif olduğuna inanmır. Dəfələrlə Gülyanaq xanımın evinə getmişəm. Ziya müəllim ayaqüstə olanda yer verməyə çalışmışam. O zaman dedi ki, görəsən, Suma bizi aldadır? Müəllimim məndə səhv tuta bilmir. Hissiyyatı güclü olsa belə, yenədə çox vaxt nəyisə hiss edə bilmirsən. Bir dəfə hər tərəfi dəmirlə əhatə olunan 10 metr hündürlükdən yıxılmışam. Bu, məndə heç bir fəsad yaratmadı. Bəlkə də gözüm görsəydi, yıxıldığım yerdən qalxmazdım. Elə şeylər var, onu sözlərlə ifadə etmək olmur. Hiss etmək üçün gərək sən Suma olasan, onun yaşadıqlarını yaşayasan, çəkdiyi əziyyətləri çəkəsən.

- Belə bir əngəlin olması sizdə nə vaxtsa kompleks yaradıbmı?

- Həyatım öz əlimdə olsaydı, özümə hamıdan gözəl həyat yazardım. Hərdən düşünürəm, görəsən, niyə belə oldu? Uğurlarıma baxanda sevinirəm. Bir çoxları mənim oxuduğum yerdə olmaq istəyirlər, lakin buna nail ola bilmirlər. Məsələn, mən magistrdə oxuyuram, halbuki 5 ildi hazırlığa gedən var, heç bakalavr pilləsinə qəbul olmayıb. Onda özüm-özümə deyirəm ki, Suma, sən dahisən, görürsən? Hərdən mənə yaxınlaşıb sual verirlər ki, neçənci kursda oxuyursunuz. Təəccüblənirlər. Deyirlər, sən hara, bura hara? Mənim hər şeyimi, gözümü, əlimi, ayağımı,əlimdən ala bilərlər. Amma ağlımı əlimdən ala bilməzlər.

- Sizi ən çox sevindirən hadisə nə olub?

- Ən çox sevindirən hadisə... 7-ci Muğam müsaqibəsinin iştirakçısı statusu qazanmağım. Bu müsabiqədə xüsusi mükafata layiq görülmüşəm.

- Sizin üçün uğurun bir sirri varmı?

- Uğurlarımın sirri Allahdadır. Ən böyük uğurum isə yaddaşımın güclü olmasıdır. Universitetə hazırlaşanda təsəvvür edin, 2 günə 7 illik dərs materiallarını öyrənmişəm. Halbuki, musiqi təhsilim olmayıb. İnsanda fil yaddaşı deyirlər. Məndə də elədir. Neçə il keçir, heç nə yaddaşımdan çıxmır. Hərdən özümü başqaları ilə müqayisə edirəm. Adi bir əşyanı belə qoyduğu yerdə unudur. Amma 10 il keçsə, yenə də unutmuram. Belə deyim, yaddaşsız Suma heç nədir.

- Xüsusi hobbin var?

- Şoppinq etməyi çox sevirəm. Geyim həvəskarıyam. Evdəkilər halımın pis olduğunu görəndə, şoppingə aparırlar.

- Deyirlər, insan arzuları tükənməzdir. Bəs Sumanın ən böyük arzusu nədir?

- Arzusuz insan ölüyə bərabərdir. Ən böyük arzum Əməkdar artist, qismət olsa, Xalq artisti adını almaqdır. Ailəmin, müəllimlərimin fəxri olmaq istəyirəm. Sənətimdə ucalmağı arzu edirəm. Hərdən tələbələr deyirlər ki, mən Nəriman müəllimin tələbəsiyəm. İstəyirəm, mən də elə olum. Gələcəkdə Suma müəllimənin tələbisiyəm desinlər. Yəni müəllimin özü qədər olmasa da, ən azı zərrəsi olmağı istəyirəm.

Ən böyük arzum ana olmaqdır. Övladımın olmasını istəyirəm. Bu isə həm əlçatmazdır, həm də əlçatan...

- Gənclərə uğur qazanan və bu yolda əzmlə çalışan bir gənc kimi nə tövsiyə edərdiniz?

- Vaxtlarnı mənalı işlərə sərf eləsinlər. Çox oxusunlar. Demirəm, bütün günü oxusunlar. Onların da gəzməyə haqqı var. “Həyatda kim olmalıyam?”, “Kim olacam?” sualını özlərinə versinlər. Məqsədli yaşamaq lazımdır. Ən azından, özünə bir yol cızmalıdır. Çünki sən insansan. Bilirsiniz, mənim üstümə ləkə düşsə, deyəcəklər gözü belədir deyə oldu. Amma normal insanın üzərinə düşəndə, deyir fikir verməyib.

- Suma, hansı sualın ona çox verilməsini istəyər?

- Elə bir zirvəyə çatım ki, desinlər, Suma necə oldu gəlib bu bu məqama çatdın? Mən bu suala sevincimdən cavab tapa bilməyim. Bu həyatda bəzilərinə nümunə, bəzilərinə sınaq olaraq gəlmişəm. Nümunə kimi göstərəcəklər, sınaq kimi də deyəcəklər, sənin nəyin ondan əskikdi. Dekabrın 3-ü əlillər günüdür. Hami bayramımı təbrik edirəm deyir. Kiməsə ehtiyacı olan birisinin  bayramı ola bilər? Əlilin bayramı ola bilməz. O gün qara gündür. “Təbrik edirəm...”. Nəyi? Hansı uğurumu? Əlil olduğuma görə təbrik edirsən... Mən avtomobil qəzasından sonra belə olmuşam. Dünyaya normal insan kimi gəlmişəm.

- Gələcəklə bağlı planların?

- Öz sənətimdə ucalmaq istəyirəm. Hamı desin ki, Suma gəlir. Böyük mənasında yox. Mən heç vaxt özüm kimi məhdudiyyəti olan insanlarla yarışmağı sevməmişəm.  Ancaq sağlamlarla rəqabət aparmışam. Maraqlıdır, cəmiyyətdə inteqrasiya deyirlər, amma bizi ayırırlar. Əgər bizi belə qəbul edirlərsə, niyə bizi seçirlər? Niyə sağlamla yanaşı ola bilmərəm? Nə səbəbə? Əqlimdə problem varsa, razıyam. Amma mən səndən də yaxşı duyuramsa, hiss edirəmsə, nəyə görə mənim problemimi önə çıxarırsan? Hətta elə olur ki, efirlərə dəvət edirlər. Təqdim edəndə ilk olaraq, “dünya işığından məhrum olmuş Suma Tapdıqova gəlir” deyirlər. Axı sən məni səsə görə dəvət etmisən. Mənim gözüm sənin üçün ikinci planda olmalıdır. Yəni reklam xarakteri daşımamalıdır. Elementar bir söz belə adamın həvəsini öldürür. Adam var deyir ki, məni heç  görmürsən? Sənə mənim görüb-görməməyim lazımdır? Əgər mən səni görməklə nəsə dəyişiləcəksə, bu başqa məsələ. Əsas odur ki, sən məni görürsən. Sən məni gör, dəyərləndir. Görüm  bunu bacara biləcəksən? Hərdən sən onsuz da heç kəsi görmürsən və sənə oxumaq daha asandır deyirlər. Amma oxumaq nədir ki... Onların nəfəsini hiss edirəm. Oxuyanların onsuz da çoxu gözünü yumub oxuyur. Əksinə, səhnəyə çıxanda narahat oluram ki, birdən mikrofonum səhv olar, səslənmə yaxşı çıxmaz. Amma normal insan bunu düşünmür. Siz  indi fikirləşin, mənə daha asandır, yoxsa onlara?..

Şahnun Qasımova