İranın “AVA Diplomatic” saytında 20 Yanvar faciəsi ilə bağlı məqalə yerləşdirilib

21:04 18.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın “AVA Diplomatic” saytında 20 Yanvar faciəsi ilə bağlı məqalə yerləşdirilib.

Hafta.az xəbər verir ki, məqalədə Azərbaycanın İrandakı səfirliyinin 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar yaydığı bəyanatından istifadə edilib.

Məqalədə qeyd olunur ki, keçmiş Sovet İttifaqı rəhbərliyinin ölkədə yaşayan digər millətlərə qarşı yürütdüyü ədalətsiz siyasət, iqtisadiyyatda uzun müddət ərzində davam edən durğunluğun tədricən böhranla əvəz olunması və digər neqativ hallar vətəndaşların haqlı narazılığına səbəb olmuşdu. Azərbaycan xalqının illər boyunca öz daxilində yaşatdığı müstəqillik arzusunun gerçəkləşməsinə zəmin yaranmışdı. Bununla yanaşı, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi və Dağlıq Qarabağda qanunsuz fəaliyyətin baş qaldırması onsuz da mürəkkəb olan ictimai-siyasi vəziyyətin bir qədər də gərginləşməsinə gətirib çıxardı.

Beləliklə, bir tərəfdən Azərbaycan xalqının milli-azadlıq hərəkatının dirçəlməsi, digər tərəfdən isə ölkə daxilində ictimai-siyasi vəziyyətin kəskinləşməsi Sovet İttifaqının rəhbərliyinə bəhanə verərək Azərbaycana qarşı sərt addımların atılması üçün şərait yaratdı.

Yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olmuş sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyot və avtomatlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və xəsarət aldı. Sonrakı günlər də daxil olmaqla 147 nəfər həlak oldu. 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq idi.

Qanlı Yanvar hadisəsinə ilk həqiqi siyasi qiymət verən ümummilli lider Heydər Əliyev oldu. O, faciədən dərhal sonra özünün və ailəsinin həyatını təhlükə altında qoyub Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək kommunist rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pislədi, bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirdi, təqsirkarların cəzalandırılmasını tələb etdi və Azərbaycan xalqının kədərini bölüşdü. 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı.

Bu gün Prezident İlham Əliyev 20 Yanvar şəhidi ailələrinin və yaralılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslər və şəhid ailələri üçün təqaüdlərin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə, xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı. Həmin müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq mübarizəsinin rəmzidir.

Siyasət rubrikasından digər xəbərlər