Ermənilərin üç türk diplomatı qətlə yetirdiyi qanlı tarix

14:15 27.01.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hər günü tarixdə xatırladacaq mütləq nələrsə var. Bu günü – 27 yanvarı isə, təəssüf ki, acı hadisələr yada salır.

1973-cü il yanvar ayının 27-də qardaş Türkiyə dövlətinin Los Ancelesdəki Baş konsulu Məhmət Baydar, erməni terror təşkilatı ASALA tərəfindən Santa Barbara şəhərində qətlə yetirilib. Hadisədən sonra mərhum konsulun adı İstanbulun Avcılar rayonundakı liseyə (Məhmət Baydar Anadolu Liseyi) və Ankaranın Maltəpə bölgəsindəki küçələrdən birinə (Şəhid Məhmət Baydar küçəsi) verilib.

Eyni tarixdə Bahadır Dəmir adlı daha bir türkiyəli diplomat da ASALA terror təşkilatı tərəfindən Santa Barbarada (Məhmət Baydarla birlikdə) qətlə yetirilib.

Bahadır Dəmir, Ankara Universitetinin Siyasi Elmlər İnstitutunda Beynəlxalq Münasibətlər fakültəsini bitirib, məktəbi bitirər-bitirməz Türkiyə XİN-də işə başlamışdı.

Bu yerdə qeyd edək ki, Bahadır Dəmir və Məhmət Baydar ASALA terroruna qurban gedən ilk türk diplomatlardır. Araşdırma nəticəsində məlum olmuşdu ki, türk diplomatları 78 yaşlı amerikalı erməni Gurgen Yanikiyan öldürüb.

Hadisədən əvvəl diplomatlara zəng vuran erməni terrorçu deyib ki, guya Osmanlı sultanı Əbdülhəmidə aid bir rəsmi onlara bağışlamaq istəyir. Bu səbəbdən də onları Santa Barbaradakı “Baltimore Otel”ə dəvət edir. Görüşmək üçün yaxınlaşdıqda isə, o, odlu silahla hər iki diplomatı güllələyərək qətlə yetirir. Hadisədən dərhal sonra tutulan erməni terrorçuya məhkəmənin hökmü ilə ömürlük həps cəzası verilir. Amma təəssüf ki, Yanikiyan 1984-cü il dekabrın 31-də əfv edilərək sərbəst buraxılır və qısa müddət sonra, o, ölür.

Türk diplomatlara qarşı ilk hücum kimi tarixə düşən bu hadisə sonrakı terror aktlarının başlanğıcı olub.

Bu gün hər iki şəhid - Bahadır Dəmir və Məhmət Baydar, Zincirlikuyu məzarlığında yanaşı qazılmış qəbirlərdə uyumaqdadırlar…

Çox qəribədir ki, 9 il sonra - 1982-ci il yanvarın 28-də Los Ancelesdə daha bir türk diplomatına qarşı ermənilər tərəfindən terror törədilib. Bu dəfə Türkiyənin Los Ancelesdəki Baş konsulu Kamal Arıkan işdən evə gedərkən erməni terrorçular Hampig Sasunyan və Krikor Saliba tərəfindən öldürülüb.

1927-ci ildə doğulan Kamal Arıkan, Ankara Qazi Liseyini bitirib, arxasınca da Ankara Universitetinin Hüquq fakültəsində və Harvard Universitetində təhsil alıb. 1955-ci ildə Türkiyə XİN-də fəaliyyətə başlayan Arıkan 1957-ci ildən fərqli ölkələrdə diplomatik vəzifələri yerinə yetirib. O, 1978-ci ilin sentyabrından Türkiyənin Los Ancelesdəki Baş konsulluğunda çalışıb. Bu müddətdə ermənilər tərəfindən dəfələrlə hədələnib. Hətta 1980-ci il oktyabrın 6-da ermənilər evinə qumbara atıblar. Amma bu hücumlardan sağ-salamat qurtarmışdı…

Sonradan məlum olub ki, hücumlardan qorunmaq üçün, Arıkan Los Anceles polis idarəsindən mühafizə tələbi irəli sürüb, amma Amerika polisi bunu etməyib.

Siyasət rubrikasından digər xəbərlər