Prezidentin yenicə publik hüquqi şəxs elan etdiyi müəssisədən REPORTAJ-FOTO

12:28 20.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bir il öncə mətbuatdan uzaqlaşıb elm sahəsinə baş vurmaq istədim. Yolumu Tərəvəzçilik Elmi-Tədqiqat institundan saldım. İlk gün instituta gedəndə balaca bir yosmaca binayla qarşılaşdım. Mənə oturmağa yer olmadığı üçün elmi katibin otağına göndərdilər. Qarşıdakı bir təzə inşa olunan binanı göstərib yaxın vaxtlarda ora köçəcəyimizi bildirdilər. Bu il Prezident həmin sözügedən binanın açılışını etdi. Binayla bərabər ucu-bucağı görünməyən anbarların, istixanaların işə düşməsi ölkə iqtisadiyyatı üçün böyük gəlirlər gətirəcək deməyə imkan verəcək.

İnstitut haqqında qısa məlumat verək: 1934-cü ildə Ümumittifaq Bitkiçilik İnstitutunun Azərbaycan filialının yaradılması və orada əsasən tərəvəz bitkilərinin dünya kolleksiyasının öyrənilməsi, 1946-cı ildə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun Qusarçay Zona Təcrübə Stansiyasının yaradılması və burada seleksiya və aqrotexnika sahəsində elmi-tədqiqat işlərinin həyata keçirilməsi, tərəvəzçiliyin elmi əsaslarla inkişafının Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu yaradılana qədər keçdiyi tarixi yolun qısa xülasəsidir. İnstitutun əsas məqsədi ölkədə tərəvəzçiliyin inkişafının etibarlı təminatı üçün, yüksək məhsuldarlığa və keyfiyyət göstəricilərinə malik, abiotik amillərin mənfi təsirinə, xəstəlik və zərərvericilərə davamlı, müxtəlif vaxtlarda yetişən tərəvəz, bostan və kartof sortlarının yaradılması və onun istehsalata tətbiqidir. Həmçinin, institut yüksək və getdikcə artan tərəvəz məhsulu becərilməsini təmin edən kompleks aqrotexnologiyaların işlənib hazırlanması, bölgələrdə torpaqların münbitliyini sabit saxlamaq və yaxşılaşdırılması üçün əlverişli sələf bitkilərinin əsasında növbəli əkin sistemlərinin hazırlanması, tərəvəz sortlarının ilkin toxumçuluğunun elmi əsaslarla işlənib hazırlanması, superelit və elit toxum istehsalına elmi-metodiki köməklik etmək, müxtəlif çeşidli tərəvəz növlərinin emal texnologiyasını öyrənmək, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsalata tətbiqinə və geniş yayılmasına metodiki rəhbərlik göstərməkdən ibarətdir. Strurktur etibarı ilə institut elm və istehsalat şəbəkələrindən ibarətdir. Elm  şəbəkəsinə tədqiqat işləri ilə məşğul olan şöbə və laboratoriyalar, istehsalat şəbəkəsinə isə 3 bölgə zona təcrübə stansiyası (Lənkəran BZTS-faraş tərəvəzçilik zonası, Qusarçay  BZTS-inkişaf etmiş konserv sənayesi zonası, Tovuz BZTS-kartofçuluq zonası), 1 dayaq məntəqəsi (Şəmkir Dayaq Məntəqəsi-yüksək keyfiyyətli toxumluq kartof məhsulunun alınması zonası) və 1 yardımçı təcrübə təsərrüfatı (Abşeron Yardımçı Təcrübə Təsərrüfatı) daxil olub, geniş tədqiqat işlərinin aparılmasını təmin edir.

Yaxın günlərdə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna yollandıq. Yaradılan şəraitlə tanış olmaq istədik. İlk öncə bizi institutun direktoru Elmar Allahverdiyev qarşıladı. Direktor yaradılan şəraitdən danışdı.

”Cənab Prezidentin müvafiq əmri ilə 2016-ci ildə İnstitutun bazasasında milli-tərəvəzçilik-kartofçuluq müəssisəsinin yaradılmasına başlanıldı. Toxumçuluqla bağlı müasir istixanalar tikilib istifadəyə verildi. Azərbaycanda ilk dəfə tərəvəz toxumlarının emalı məntəqəsi yaradıldı. Bununla yanaşı İnstitutun labaratoriyaları tam yenidən quruldu, infrastruktur yeniləndi. MDB ölkələri üzrə ən müasir texnologiyalar və yenilənmiş infrastruktur kimi ön sıralarda qərarlaşan bir müəssisəyik deyə bilərik. Prezident bu il TETİ-ni publik hüquqi şəxs elan etdi. Publik hüquqi şəxsə çevrilməklə İnstitutun imkanlarını bir neçə dəfə artmış oldu. TETİ tərəvəz-bostançılıq, kartof toxumu emalı sahəsində özünün imkanlarını genişləndirib. Həmçinin institutun əməkdaşlarının üzərinə daha böyük məsuliyyət yükü düşür. Biz öz məsuliyyətimizi hiss edirik. Yeni sortların, hibridlərin yaradılması, eyni zamanda istixana sahəsində yeni mütərəqqi becərmə texnologiyaları, aqrokimyəvi qulluq və s. birbaşa bizim funksiyamıza daxildir. Bu istiqamətdə olduqca intensiv işlər aparılır”.

Elmar müəllimlə sağollaşdıqdan sonra elmi katib Ramil Nəbiyev bizi institutda yaradılan şəraitlə tanış etdi. Laboratoriya otaqlarını, istixana və digər yeni yaradılan məntəqələri gəzdik. 

İlk öncə Aqrokimya labaratoriyasının müdiri  a.e.ü.f.d. Şakir Quliyev torpaqların analizi, təmiz torpaqlar haqqında bizi məlumatlandırdı.

Biotexnologiya laboratoriyasının müdiri Şəban Maxsudov və laboratoriyanın əməkdaşları aparatlar haqqında və işləmə texnologiyalarından danışdılar.

Daha sonra İnteqrir mübarizə texnologiyalar labaratoriyasının müdiri b.ü.f.d. Mahir Mustafayev bitkilərdə xəstəlik və zərərvericilərin təyini ilə bağlı çox geniş məlumat verdi.

Laboratoriyalarla tanış olduqdan sonra institutun ərazisində yerləşən Toxum saxlama, İstixanaların idarəetmə , Toxum satışı və Toxum təmizləmə məntəqələrində olduq.

Yaradılan bu şərait həm işçi heyətinin, həm ora təşrif buyuran qonaqların ürəyincədir. Xarici ölkələrdən gələn mütəxəsisslər də burada yaradılan hər cür şəraiti yüksək qiymətləndirirlər. Biz də uğurlar arzu edib, gələcəkdə daha yüksək nailiyyətləri üçün yenidən reportaj yazmağa dəvət etmələrini gözləyəcəyik...