Şimali Kiprdə Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı konsert keçirilib

15:15 21.10.2011
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanlı tələbələr bir araya gəlib

Şimali Kipr Türk Cümhuriyyətində yeləşən Doğu Akdeniz Universitetində, eyniadlı universitetin təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə konsert keçirilib.
Konsert Azərbaycan Respublikasının və Türk Cümhuriyyətinin dövlət himni ilə açıq elan edilib. Bundan sonra Şimali Kipr Türk Cühmurhiyyətində fəaliyyət göstərən və ölkəmizi təmsil edən “Buta“ rəqs qrupunun iştirakı ilə, Azərbaycan rəqsləri “Sarı gəlin“ və “Nəlbəki“ nümayiş etdirilib.
Rəqs tədbir iştirakçılarının böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.
Daha sonra izləyicilərə qrupun fəaliyyəti və məqsədi barəsində “Buta“ın yaradıcısı və rəhbəri olan, Doğu Akdeniz Universitetinin tələbəsi Rəhim Davudov ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan rəqslərini layiqincə təmsil etməyə çalışan “Buta“ 2011-ci ildə rəsmən yaradılıb: “Buna baxmayaraq, əvvəllər də universitedə və bir sıra dövlət orqanında keçirilən tədbirlərdə yaxından iştirak etmişik. Bundan başqa, bəzi xarici telekanallarda oyandığımız rəqslər nümayiş etdirilib. Bundan sonra da ciddi uğurlar qazanmağa çalışırıq. Fəxrlə söyləyə bilərəm ki, xarici tələbələrin nəinki “Buta“ya, həmçinin Azərbaycan rəqslərinə də marağı yüksək səviyyədədir. Elə bunu alqışlardan da asanlıqa hiss etmək olur“.
Çıxışdan sonra Azərbaycanın tarixi və mədəniyyətindən bəhs edilən slayd-şou göstərilib.
Universitetin rektoru proffessor Abdullah Öztoprak və onun müavini Məcid Haşhemipour keçirilən belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək, Azərbayan xalqını dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə təbrik ediblər.
Universitetin əməkdaşı İrfan Muxtarov isə konsertdə iştirak edərək birliyimizi sübut edən iştirakçılara öz təşəkkürünü bildirib. Konsertdə DAU-da təhsil alan 480 azərbaycanlı tələbə və universitetin müəllim və proffessor heyətilə yanaşı, Azərbaycandan Bakı şəhər Baş Təhsil İdarəsinin rəis müavinləri, ölkəmizin ən qabaqcıl 28 məktəbindən direktorlar iştirak edib.
Bakı şəhər Baş Təhsil İdarəsinin müavinləri Məhəmməd Bayramov və Məhəbbət Qarabağlı da təbriklərə qoşulub. Sonda ölkəmizdə Tələbə Qəbulu Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında 600-dən yüksək bal toplayıb və bu universitetdə təhsil almaq şansını qazanan 20 tələbəyə DAU-tərəfindən xüsusi mükafat təqdim olunub. Daha sonra tədbir konsert proqramı ilə izləyicilərin ixtiyarına verilib.
Konsertdə respublikamızın əməkdar artisti Tünzalə Ağayeva və ölkəmizi “Evrovision 2010“müsabiqəsində təmsil edən dünya şöhrətli müğənni Səfurə Əlizadə çıxış edib. Sonda onu da qeyd edək ki, konsertin təşkil olunmasına “Salamis Otel & Casino“ və “Green Wich“ şirkəti sponsurluq edib.