Bakıda beynəlxalq karikatura müsabiqəsinin sərgisi keçirilib

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt
Bakıda keçirilən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalq konfrans çərçivəsində Muzey Mərkəzində “Molla Nəsrəddin“ məcmuəsinin 105 illiyinə həsr olunmuş “Molla Nəsrəddin-Azərbaycan“ beynəlxalq karikatura müsabiqəsi “Narkotiklərə yox!“ devizi altında sərgi-müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Dövlət Gömrük Komitəsinin, Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının (FEKO) dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən müsabiqəyə münsiflər heyəti qismində Andrey Feldşteyn (ABŞ), Bayram Hacızadə (Azərbaycan), Mixail Zlatkovski (Rusiya), Bernard Boton (Fransa), Rəhim Baqqal Əsgəri (İran), Valentin Qeorqiyev (Bolqarıstan) kimi tanınmış karikatura ustaları dəvət olunublar. DGK-nın sədri Aydın Əliyev bildirib ki, müsabiqədə 63 ölkədən 307 rəssam 670 əsəri ilə iştirak edib. Müxtəlif ölkələri təmsil edən rəssamlar narkomaniya kimi ciddi bir bəlaya etiraz səslərini ucaldaraq müsabiqəyə bir-birindən maraqlı və orijinal əsərlər təqdim ediblər. Bu da narkomaniyanın dilindən, dinindən və irqindən asılı olmayaraq hər bir insan üçün ağrılı problem olmasının əyani göstəricisidir. Azərbaycana səfərindən şərəf duyduğunu bildirən FEKO-nun prezidenti Piter Nyuvandeyk bir neçə ölkədə olmasına baxmayaraq, Bakıda özünü dünyanın mərkəzində hiss etdiyini vurğulanıb. O, yüksək səviyyədə keçirilən tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.Qeyd olunub ki, Azərbaycanda artıq ənənəvi olaraq hər il keçirilən “Molla Nəsrəddin-Azərbaycan“ beynəlxalq karikatura müsabiqəsi bu il səsvermənin obyektivliyinə və demokratikliyinə, eləcə də sərginin yüksək səviyyədə təşkilinə görə Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası tərəfindən yüksək qiymətləndirilib. Sonra müsabiqədə qalib gəlmiş iştirakçıların mükafatlandırılması mərasimi olub. Münsiflər heyətinin qərarına əsasən, müsabiqənin qızıl medalına Alessandro Qatto (İtaliya), gümüş medalına Vladimir Kazanevski (Ukrayna), bürünc medalına Marat Valiaxmetov (İspaniya), xüsusi mükafatlarına isə Stanislav Aşmarin (Rusiya) və Boris Erenburq (İsrail) layiq görülüblər. Azərbaycanlı karikaturaçı Tural Həsənlinin əsəri Azərbaycan Rəssamlar İttifaqının xüsusi mükafatı ilə qiymətləndirilib.
Nigar