ABŞ və Rusiya arasında Qəbələ RLS müzakirəsi

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt

Ekspertlər stansiyadan birgə istifadənin baş tutmayacağını deyirlər

Oktyabrın 11-dən Moskvada Rusiya və ABŞ arasında raketdən müdafiə sistemi üzrə danışıqlara start verilib. Bu barədə “MilAz“ İA ABŞ Dövlət Departamentinə istinadən bildirir. Verilən məlumata görə, ABŞ dövlət katibinin Silah Nəzarəti və Beynəlxalq Təhlükəsizlik üzrə yardımçısı Elen Tauçer (Ellen Tauscher) ABŞ və Rusiya arasında raket əleyhinə müdafiə sistemi üzrə problemləri müzakirə etmək üçün artıq Moskvadadır. Səfər zamanı xanım Tauçer Rusiya xarici işlər nazirinin müavini Ryabkovla raketdən müdafiə üzrə əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Vaşinqtondakı hərbi mənbələrdən verilən məlumata görə, ABŞ-Rusiya danışıqlarında Qəbələ RLS-lə də bağlı fikir mübadiləsi aparıla bilər. “Bu günlərdə Azərbaycan tərəfi ABŞ-dan xahiş etmişdi ki, stansiyadan gələcək istifadə perspektivlərinə ABŞ-ın töhfəsinin verilməsi istiqamətində işlər görülsün“, - deyə mənbə bildirdi. Amma o, ABŞ və Rusiya arasında Qəbələ RLS-dən birgə istifadə perspektivinin demək olar ki, olmadığını qeyd etdi. “Söhbət yalnız informasiya mübadiləsindən gedə bilər“, - deyə o qeyd etdi.
Xatırladaq ki, Rusiya və NATO 2010-cu ilin noyabrında Lissabonda Rusiya - NATO sammiti çərçivəsində razılaşdırmışdılar ki, raketdən müdafiə sisteminin qurulması üzrə birgə çalışsınlar. Lakin problemlər ortaya çıxıb. NATO istəyir ki, bu mexanizm iki müstəqil sistem üzrə qurulsun və informasiya mübadiləsi aparılsın. Amma Rusiya tam imkanlara malik birgə sistemin yaradılmasına üstünlük verir. Moskva həmçinin tələb edir ki, NATO RƏM sisteminin Rusiyaya qarşı yönəlməyəcəyi barədə təminat versin. NATO isə hesab edir ki, hər hansı təminatın verilməsinə ehtiyac yoxdur.
Qeyd edək ki, ABŞ Türkiyədə və digər Avropa ölkələrində raketdən müdafiə sistemləri yerləşdirməsi ilə bağlı razılaşmalara nail olub.
Politoloq Cümşüd Nuriyev “Həftə içi“nə bildirdi ki, Qəbələ RLS-ə ABŞ-ın ehtiyacı yoxdur. Onun sözlərinə görə, ABŞ Polşa, Rumıniya və Türkiyənin Malatya şəhərində antiraket sistemlərini quracaq: “Bununla da Rusiyanın qərb hissəsini nəzarətdə saxlayacaqlar. Əfqanıstanda hələ müharibə gedir. Ona görə Rusiya bundan narahatdır. Moskva siyasi pubrikaya bu informasiyanı ötürməklə Amerikaya təklif edir və Qəbələ RLS-dən birgə istifadə etsinlər. Bunun əvəzində də ABŞ Avropada raketdən müdafiə sistemləri qurmasın. Amma ABŞ-ın Qəbələ RLS-in imkanlarından Rusiya ilə birlikdə yararlanması inandırıcı görünmür. İlk növbədə Qəbələ RLS-in texnologiyasında ciddi müasirləşdirmə aparmaq zəruridir. Buna da bir müddət vaxt lazımdır. Bundan başqa, hazırda Amerika istəməz ki, öz siyasətinin içərisinə Rusiyanı salsın. Çünki Amerikanın siyasətində Rusiyanı əsrin 50-ci illərinə qədər çökdürmək planı var. Yaxın 20-30 il ərzində ABŞ-ın planı Rusiyanı parçalamaq və bundan öz maraqları üçün istifadə etməkdir. Bununla da dünyanın vahid ağasına çevrilmək istəyir. Təbii ki, Rusiya və ABŞ-ın Qəbələ RLS-də birgə istifadə etməsi ilə bağlı razılığa gəlinməsi Azərbaycanın xeyrinə olar. Amma inanmıram ki, ABŞ-ın ötən əsrin 70-ci illərində tikilmiş hansısa radiolaksiya stansiyasına ehtiyacı olsun. ABŞ hazırda ulduz müharibələri ilə maraqlanır. O, göydə daimi peyk stansiyaları yaratmaq istəyir“.
Politoloq Qabil Hüseynli isə diqqətə çatdırdı ki, Amerika raketdən müdafiə sistemlərinin elementlərinin yerləşdirilməsinə artıq başlayıb: “Proses gedir. ABŞ-ın raketdən müdafiə sistemləri ilə Qəbələ RLS-in parametrləri üst-üstə düşmür. Rusiya da Qəbələ RLS məsələsini ona görə ortaya atır ki, Amerika raketdən müdafiə sistemlərini qurmaqdan imtina etsin. Amma ABŞ-ın bu sistemlərini qurması Rusiyaya deyil, İrana qarşıdır. Amerika da bundan imtina etmək niyyətində deyil. Ona görə də Rusiya şərtsiz Qəbələ RLS-dən birgə istifadəyə razılıq verərsə, Amerika buna gedə bilər. Əks təqdirdə bu alınmayacaq“.
Əli Zülfüqaroğlu