“Əməkdar müəllim” adı ilə bağlı təqdimatım Prezident Aparatına göndərilmədi – Müsahibə

14:53 13.07.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Bu gün  əlimdən tutub mənə əlifbanı, Ana dilimizi öyrədən müəllimlər müəllimi, qocaman pedaqoq Səməd müəllimin 90 yaşı tamam olur. Ömrünün 90-cı yayını arxada qoyan Səməd müəllimi neçə il idi ki, görmürdüm. Ona vaxtilə dərs demiş şagirdlərindən biri mənə telefon açıb dedi ki, “Xəbəriniz var?  Səməd müəllimin 90 yaşı tamam olur”. Düzü çox sevindim. Bir söz deməyib, Badamdar qəsəbəsinə üz tutdum.  

Heydər Əliyev parkının qabağından keçəndə Səməd müəllim əlində əsa üzüaşağı,  mağazaya tərəf gedirdi. Tez avtobusdan düşdüm. Səməd müəllimə çatdım və onunla görüşdüm. Səməd müəllim  əvvəlcə məni tanımadı. Tanışlıq verəndən sonra tanıdı, gəlişimə çox sevindi, sanki uçan bir qaranquşa  döndü.  Sonra gülümsəyib dedi ki, “Oğul, görünür bu, qocalığın əlamətidir. Nə etmək olar, qocalıqdır da, minnətsiz  gəlib oturub boynumuzda  öz işini görür”.  Sonra dedi ki, bu yaxın binada qalır. Marketə çörək almağa gəlib. Gəlişimin  səbəbini soruşanda bir söz demədim. Sadəcə olaraq  ona dedim ki,  gəldim ki,  sizinlə görüşüm. Əgər gəlişimin səbəbini desəydim, o mənə müsahibə verməyəcək və özü haqqında yazı yazmağa razı olmayacaqdı. Söhbət edə-edə onun qaldığı mənzilə  çatdıq. Evdə heç kəs yox idi. Həyat yoldaşı ilə özü qalırdı.

Səməd Həsənov 1930-cu ildə  Ağdam rayonunun Əliməddədli kəndində  doğulub, boya-başa çatıb. Məşəqqətli, həm də şərəfli  həyat yolu keçib. Valideynləri  nəsilliklə  Stalin  repressiyasının qurbanına çevrilib. Səməd müəllim  o acı, dözülməz, ağır uşaqlıq  illərini belə xatırlayır:

– Bizim Kolanı elində  Salman Bayramov kimi respublikada  sayılıb-seçilən ziyalılarımız, dövlət xadimlərimiz olub. Salman  bəy çox savadlı idi, 7 dil bilirdi.  Hardasa, 7 rayonun İcraiyyə Komitəsinin sədri vəzifəsində işləyirdi. İmkansız Kolanı uşaqlarının təhsil almasında onun böyük xidmətləri olub. İlk öncə kəndimizdə 7 illik məktəb açdırıb.  Ağır dövrlər yaşamışıq. O vaxtlar indiki kimi deyildi ki, hamı azad yaşasın, azad söz deyə bilsin. Əhali  Şura hökumətinin, sərt Stalin rejiminin altında qorxu içində yaşayırdı. Bir gecənin içində el-obamızın qeyrətli, savadlı, başbilən oğullarına “vətən xaini” damğası vurub, aradan  götürürdülər.  Aparıb harada güllələyirdilərsə, heç izi-tozu da bilinmirdi.

1937-ci ildə Şıxəvənd 7 illik kənd məktəbinin 1-ci sinfinə gedəndə dəftər, qələmi mənə Salman bəy  vedi. Kasıbçılıq idi. Elə həmin ildə də  bir qrup adamın əli ilə Salman kimi böyük  dövlər xadimi, ziyalımız  repressiyanın qurbanına çevrildi. 1940-cı ildə atam İbad Həsənovu da “vətən xaini”  kimi  aparıb güllələdilər. Qara günlərimiz başlandı. Tay-tuşlarımız  bizə “vətən xaini”nin övladı kimi baxırdılar. Kənd camaatı, hətta qohumlar da bizə salam verməyə qorxurdular.

– Atanızın günahı nə idi?

-Atamın Şura hökumətindən xoşu gəlmirdi. Cəllad Stalindən, Mircəfərdən zəhləsi gedidi. Ona görə ki, onlar qəddar, qaniçən, zalım idilər. Harada başbilən, xalqa düzgün yol göstərən, əl tutan başıpapaqlı, savadlı ziyalılarımız vardısa, onu aparıb güllələyirdilər.  Xəstəyə, qocaya, qadına, uşağa  rəhmləri gəlmirdi, nə qədər ailəni başsız, qadınlarımızı dul  qoydular. Atam da sözünü çəkinmədən deyən əsl xalq adamı idi. Kolxozda işləyirdi. Həmişə camaatın, ədalətin tərəfini tuturdu. Düz sözünə, həqiqətin gözünün içinə dik baxdığına görə, atamı da aparıb güllələdilər, bizi başsız, yetim qoydular.

...Hər çətinliyə sinə gərdik, dözdük. Atamıza layiq övlad olmağa çalışdıq. Uşaqlığımın bir hissəsi  Böyük Vətən müharibəsi illərinə təsadüf edir. İnsanlar yeməyə çörək tapmırdılar. Qadın, uşaq axşamadək acqarına kolxozda işləyirdi. Bütün ərzaq və kənd təsərrüfatı məhsulları cəbhəyə  göndərilirdi. Geyinməyə paltarımız, yeməyə çörəyimiz yox idi. Bir qarnı ac,  ayaqyalın,  başaçıq məktəbə gedirdik. Dərsdən gələndən sonra kolxozda işləməyə gedirdim. Yorğun, ac-susuz evə gəlib gecələr lampa işığında dərs oxuyurduq. Çox vaxt neft olmadığından, gecələr qaranlıqda qalırdıq.

1943-cü ildə çətinliklə olsa da, 7 illik məktəbi bitirdim, özü də əla qiymətlərlə. Üç il Molotov kolxozunda fəhlə işlədim. 1946-cı ildə təhsilimi davam etdirmək üçün  Ağdam Dövlət Pedaqoji Texnikumuna daxil oldum.  1950-ci ildə oranı bitirdim və  Ağcabədi rayon Boyat kənd 7 illik məktəbində sinif müəllimi kimi pedaqoji fəaliyyətə başladım. Söz düşmüşkən deyim ki, rəhmətlik bacım Leyli Həsənova də mənim kimi sinif müəllimi olub, o da mənimlə birlikdə Boyat məktəbimdə işləyib. Tanınmış yazıçı, millət vəkili Aqil Abbasa dərs deyib. Bir gün bacımı götürüb Aqil müəllimgilə getmək istədik ki,  onunla görüşək. Bacım razı olmayıb dedi ki, qaçqınlıq dövrüdür. Birdən Aqil müəllim elə düşünər ki, biz nəyə görəsə, bir diləyə gəlmişik. Bacım Aqil müəllimi çox sevərdi və deyərdi ki, dərs dediyi şagirdlərin içində ən çox Aqildən xoşu gəlirdi. O, yaxşı oxuyar, həm də dəliqanlı, çox səmimi idi, parlaq gələcəyinə inanırdı.

1958-1993-cü il Ağdamın işğalınadək Əlimədədli kənd orta məktəbində  sinif müəllimi işlədim.

– İşğaldan sonra necə, müəllimlik  fəaliyyətinizi  davam etdirə bildinizmi?

 – İki müharibə – 1941-1945-ci illər Böyük Vətən müharibəsi və Qarabağ müharibəsi  ömrünü yaşadım. 1993-cü il iyul ayının 23-də yurd yerlərimiz erməni faşistləri tərəfindən işğala məruz qaldı. Əllərimizin qabarı ilə min bir əzab-əziyyətlə tikdiyimiz evlərimiz yerlə-yeksan oldu. İsti ocağımızdan perik düşüb, Bakı şəhərinə pənah gətirdik və Badamdar qəsəbəsində məskunlaşdıq.  Elə həmin ildən də  sözügedən qəsəbədə fəaliyyət göstərən Bakı şəhər 236 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətimi davam etdirdim. Yeri gəlmişkən qeyd edim ki, həmin təhsil müəssisəsində, ancaq rus bolməsi fəaliyyət göstərirdi. Azərbaycan bölməsi yox idi.  Pedaqoji təcrübəmə arxalanaraq, həmin məktəbdə ilk dəfə olaraq Azərbaycan bölməsi üzrə 1-ci sinfi açdım. Uşaqlara Azərbaycan dilində dərs dedim. Sonra yaş həddimə görə təqaüdə çıxdım.

– Bu 60 il müddətində bir qocaman müəllim kimi, yetirmələrinizdən gəlib sizi axtarıb-arayan olubmu?

– Müəllimlik çətin peşədir. Aşağı siniflərdə dərs demək daha çətindir. Həyatını, sağlamlığını şagirdlərin tərbiyəsinə, təhsilinə  həsr edir. O müəllim xoşbəxdir ki, gələcəkdə şagirdləri ilə fəxr edir.Yüzlərlə şadirdə dərs demişəm. Onların arasında tanınmış elm xadimləri, şair və yazıçılar, vəzifə sahibləri var. Azərbaycanın Milli Qəhrəmanı Yelmar Edilova dərs demişəm. Dəqiq sayını bilmirəm, Ağdamın, Qarabağın müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə nə qədər şagirdim qəhrəmancasına şəhid oldu. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz unudulmamalıdır. Yaxşı olardı ki, ümumtəhsil məktəblərində  hər bir şəhid haqqında şagirdlərin iştirakı ilə gecələr təşkil ediləydi. Həmin gecəyə şəhid ailələri ilə yanaşı,  təhsil işçiləri də dəvət olunaydılar. Şagirdlərin şəhidlər haqqında bilgiləri olaydı. Onların qəhrəmanlığına baxıb vətənpərvər ruhda böyüyəydilər. Eləcə də televiziya kanallarında “şou”ları bir az azaldıb, şəhidlərimizin keçdiyi şanlı döyüş yollarına həsr edilmiş  verilişlərə yer versəydilər, daha yaxşı olardı.  Məni qınamayın,  bu gün orta və ali məktəblərdə təhsil alan şagird və tələbələrimiz Milli Qəhrəmanlarımızın nəinki adlarını, heç sayını da bilmirlər. Bu gün torpaqlarımız yağı əlindədir. Biz yaşlı adamlar 30 ilə yaxındır,  doğma torpaqlarımıza, o cür gözəl, mənzərəli, səfalı yerlərə həsrət qalmışıq.

Hər dəfə televizoru açanda və yaxud  qəzet oxuyanda Qarabağ adına rast gələndə ürəyim göynəyir.  O dağlı, sərinyaylaqlı kəndimizdə olsaydım, daha da gümrah olardım, xəstəlik nədir bilməzdim. Mən heç kəsdən, xüsusilə də şagirdlərimdən ummuram və küsmürəm də. Ona görə ki, sənətimi həmişə sevmişəm. Bir müəllim kimi vəzifəm uşaqlara bilik vermək idi. Balalarımızın yaxşı təhsil alması və gələcəkdə Vətənimizə layiqli  kadrların  yetişdirilməsi üçün əlimdən gələni onlardan əsirgəmədim. Təsadüf halda yolda qarşıma çıxan şagirdlərimdən biri mənə salam verib, halımı soruşub.

– Səməd müəllim, 60 il müəllim işləmisiniz, təhsilmizin yolunda can qoymusunuz. 90 yaşınız tamam olur. Bu müddət ərzində sizin əməyiniz qiymətləndirilibmi? Bir təcrübəli pedaqoq, peşəkar müəllim kimi pedaqoji təcrübənizdən istiifadə olunubmu?

– Mənim pedaqoji təcrübəm dərs dediyim məktəbdə istifadə olunub və olunur da. Gənc müəllimlər gəlib mənim təcrübəmdən bəhrələnirdilər. Açığını deyim,  müəllim nəinki sinifdə, cəmiyyətdə,  ictimai yerlərdə də özünü müəllim kimi aparmalıdır.  Müəllim sinfə girəndə uşaq onun ayağının səsindən hiss etməlidir. Ona görə ki, müəllim tək öyrətməklə kifayətlənməməlidir. O, bir pedaqoq, psixoloq kimi fərdi qaydada hər bir uşağın xarakterini bilməli, onların qəlbinə yol tapmalı, ələ almağı bacarmalıdır. İndiki cavan müəllimlərdə mən bunu görmürəm. Özlərini əziyyətə vermək istəmirlər. 60 il müəllim işləmişəm. Bu, böyük bir rəqəmdir. Hələ bir şagird dərsimdə səs salmayıb. Müəllimin zəhmi olmalıdır, bir sözlə, müəllim sinfə müəllim kimi daxil olmalıdır. Təəssüflər olsun ki, bu illər ərzində pedaqoji fəaliyyətim dövlət tərəfindən  yetərincə qiymətləndirilməyib. 80 yaşım tamam olanda Həmkarlar Komitəsi mənə pulsuz putyovka ilə Nabrana müalicəyə göndərib. Dəfələrlə Səbail Rayon Təhsil Şöbəsinin, Bakı Şəhər Təhsil İdarəsinin və eləcə də Təhsil Nazirliyinin Fəxri fərmanlarına layiq görülmüşəm.

– Bəs sizə fəxri ad verilməyib?

– Adamın gərək adamı olsun. 2012-ci ildə mənə “Əməkdar müəllim” adının verilməsi üçün Bakı Şəhər Təhsil İdarəsi tərəfindən təqdimat yazılıb Təhsil Nazirliyinə göndərildi. Sözügedən nazirlikdə şöbə müdiri İlham müəllimin qəbulunda oldum. Təəssüflər olsun, İlham müəllim həmin təqdimatı  özündə saxladı, təltif üçün Prezident Aparatına göndərmədi. Səbəb də bəlli idi.  Bununla bağlı  Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma müraciət etdim. Mənə “Əməkdar müəllim” adının verilməsi üçün sənədlərim yenidən Təhsil Nazirliyinə göndərildi. Təəssüflər olsun ki, məmur özbaşınalığı ucbatından bu günədək “Əməkdar müəllim” adına layiq görülə bimədim.

– Bəs aidiyyəti qurumlar,  Səbail RİH, Rayon Ağsaqqallar Şurası  sizinlə maraqlanırmı? Pandemiya ilə əlaqədar olaraq 90 illik yubileyiniz keçirilməsə də, heç olmasa, gəlib quru bir adla olsa da,  sizi qocaman müəllim-pedaqoq, uzunömürlü insan kimi təbrik edən varmı?

– Hələ ki, yox. Adımı anan da sağ olsun, anmayan da. Dərs dediyim şagirdlərin arasında ilk gələn siz oldunuz. Bu günə kimi heç kəs qapımı açmayıb.  Böyük dövlət sahibiyəm, 6 övladım, 15 nəvəm və 12 nəticəm var. Nəvələrim  məni çox istəyir, hamısı da ali təhsil alıb.  Aralarında Lalə Bayramova, Fəxriyə Saleh alimlik dərəcəsi alıblar...

 

Oxunma sayı 4986