Gürcüstan Rusiyanı işğal etdiyi ərazilərlə bağlı qərarını dəyişməyə çağırdı

13:24 06.08.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın ölkəmizdəki səfirliyi, 2008-ci ildə Rusiyanın Gürcüstana qarşı genişmiqyaslı hərbi müdaxiləsinin 12-ci ildönümü münasibətilə açıqlama yayıb.

Səfirlikdən Hafta.az-a daxil olan məlumatda deyilir ki, 12 il əvvəl, 2008-ci ilin avqustunda Rusiya Gürcüstana qarşı genişmiqyaslı hərbi təcavüz edərək, dövlətin bölünməz bölgələrini işğal edərək, suveren dövlət olan Gürcüstanın sərhədlərini zorla dəyişməyə çalışıb və bununla da Avropa təhlükəsizlik sisteminə ciddi ziyan vurub.

"On iki ildir ki, Gürcüstan hökuməti və beynəlxalq ictimaiyyətin səylərinə baxmayaraq, Rusiya hər il işğal olunmuş ərazilərdə təhlükəsizliyi, insan haqlarını və humanitar vəziyyətini ağırlaşdıran qanunsuz və təxribatçı hərəkətlərini davam etdirir. Rusiya, Avropa Birliyinin vasitəçiliyi ilə əldə olunmuş 12 Avqust 2008-ci il tarixli atəşkəs razılaşmasına hələ də əməl etmir və silahlı qüvvələrini geri çəkmək əvəzinə, Gürcüstanın işğal edilmiş ərazilərində hərbi iştirakını daha da gücləndirir. Eyni zamanda, Moskva Abxaziya və Tsxinvalinin de-fakto ilhaqı istiqamətində addımlar atır" deyilən açıqlamada əlavə olunur ki, hər gün əsas insan hüquqlarının kobud şəkildə pozulması halları baş verməkdədir. Abxaziya və Tsxinvali - Cənubi Osetiyanın işğal olunmuş ərazilərində davam edən işğal və qondarma sərhədləşmə prosesi daha da gərginləşir.

Qeyd edilir ki, yerdə davamlı təxribatların törədilməsi, istərsə tikanlı məftillərin salınması, qanunsuz həbslər, etnik zəmində ayrıseçkilik, Gürcüstan vətəndaşlarının həyatına qəsd, sərbəst hərəkətin məhdudlaşdırılması, ana dilində təhsilin qadağan edilməsi və sair müharibə və münaqişə vəziyyəti əziyyət çəkən əhali üçün ağır yükdur. Eyni zamanda, etnik təmizləmə nəticəsində işğal olunmuş ərazilərdən qovulmuş yüz minlərlə məcburi köçkün və qaçqınların hələ də evlərinə qayıtmasına icazə verilmir.

Açıqlamanın davamında deyilir: "Paralel olaraq, Rusiya hibrid vasitələrdən fəal şəkildə istifadə edir və istədiyi mesajları yaymaqla, o cümlədən tarixi saxtalaşdırmaqla qondarma "Yeni gerçəkliyin" qurulmasına çalışır. Gürcüstan münaqişənin sülh yolu ilə həlli siyasətini əzmlə davam etdirir və hökumət beynəlxalq birliyin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi, tanımama siyasətini və münaqişənin sülh yolu ilə həlli prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirir. Məhz beynəlxalq birliyin möhkəm və konsolidə edilmiş səyləri ilə, 2008-ci il avqust müharibəsinin ağır nəticələrini aradan qaldırmaq və Rusiya-Gürcüstan münaqişəsinin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həlli yolunda uğur əldə edilə bilər".

Açıqlamanın sonunda Gürcüstan tərəfi bir daha Rusiyanı ölkə ərazisindəki qanunsuz əməllərini dayandırmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə, xüsusən də işğal olunmuş bölgələrin qondarma müstəqilliyinin tanınması qərarını dəyişdirməyə, Avropa Birliyinin vasitəçiliyi ilə əldə edilmiş 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasına əməl etməyə çağırıb.

Oxunma sayı 5682
Siyasət rubrikasından digər xəbərlər