İşimizi asanlaşdıran kuryerlər – Onlar özlərini və bizi necə qoruyur?

16:37 23.09.2020
Yazını böyüt
Yazını kiçilt

Pandemiya həyatımıza maska, sosial məsafə qaydaları kimi kuryer xidmətini də gətirdi. İndi bu xidmətdən istifadə etməyən çox az adam tapmaq olar.

Ümumiyyətlə, son illərdə dünyada, eləcə də ölkəmizdə çatdırılma xidmətləri geniş yayılıb. Kuryer xidmətindən müxtəlif fəaliyyət sahələrində istifadə edilir ki, bunun da ən geniş yayılmış növü yemək daşımadır. Xüsusən də pandemiya müddətində onlara yaranan tələbat daha da artdı. Belə ki, sərt karantin günlərində restoranlar fəaliyyət göstərməsə də, ünvana çatdırılma xidməti maneəsiz şəkildə davam etdi. Bütün bu amilləri nəzərə aldıqda ortaya maraqlı suallar çıxır.

Kuryer xidmətində çalışanlar hansı şərtlərə əsasən işə götürülür, onların sağlam olmasına təminat verilirmi? Bu ağır rejimdə işləməkdən razıdırlarmı? Və ən əsası gündə xeyli insanla münasibətdə olan bu insanları özlərini necə qoruyur?

Bu və digər suallara aydınlıq gətirmək üçün, hafta.az-ın əməkdaşı Bakının müxtəlif restoranlarının kuryerləri ilə söhbət aparıb.

“Dominos Pizza” restoranının kuryeri Əli Cəfərov söyləyir ki, bütün işlərdə olduğu kimi, bu sahənin də öz çətin tərəfləri var.

“Biz hər zaman çalışırıq ki, sifarişləri ünvana vaxtında çatdıraq, lakin bununla bağlı restoran qarşımıza ciddi bir tələb qoymur. Ünvana gecikmə olduqda isə müştəriyə növbəti sifariş üçün endirim kuponu təqdim edirik”.

Həmsöhbətimiz onu da qeyd etdi ki, motosiklet özünün deyil, restorana aiddir, aylıq gəliri isə 600 manatdır.

“Aylıq gəlirim məni qane edir. O ki, qaldı virus təhlükəsinə, düşünürəm ki, bu bütün sahələrdə mövcuddur. Mən başqa bir peşədə işləsəm belə, lazımi qorunma tədbirləri görməsəm virusa yoluxa bilərəm. Buna görə də, hər şey özümüzdən asılıdır. Çalışıram ki müştəri ilə təmasda olarkən maska, əlcək və spirtdən istifadə edim”.

Bir digər müsahibimiz “moto kuryer” İsa Nəbiyev də, demək olar ki həmkarı ilə eyni fikirdədir.

O bildirir ki, motosiklet özünə aiddir. Əvvəllər sadəcə həvəs üçün aldığı minik növü, hazırda ona istədiyi qazancı əldə etmək üçün kömək edir. Belə ki o, gəlirindən və işindən olduqca razıdır:

“Aylıq qazancım 900 manatdır və səhər növbəsində işləyirəm. Bəzən yollarda avtomobil sıxlığına görə problem yaşasam da, bununla bağlı ciddi narahatlıqlarım yoxdur. Tıxac zamanı maşınların arası ilə rahat hərəkət etmək mümkündür”.

İsa bəy onu da dedi ki, nadir hallarda çatdırılma zamanı gecikmə yaranır, lakin restoran yeməyin müştəriyə tez çatdırılması üçün bizə ciddi təzyiq göstərmir:

“Təbii ki biz çalışırıq sifarişlər müştəriyə vaxtında çatdırılsın, lakin rəhbərlik bizə bildirir ki, ilk növbədə önəmli olan sizin təhlükəsizliyinizdir”.

Bundan əlavə o, pandemiya səbəbi ilə, tibbi maska, əlcək və digər qoruyucu vasitələrdən istifadə etdiyini də söylədi.

Şəhər, region eləcə də bütün dünya ölkələri üzrə beynəlxalq çatdırılmanı həyata keçirən “Zaman Express” şirkətindən Hafta.az-a verilən məlumata görə, iş prinsipləri hazırkı şərait nəzərə alınaraq həyata keçirilir.

İşçilərin eləcə də müştərilərin sağlamlığını qorumaq üçün, sosial məsafə qaydalarından tutmuş, tibbi maska, əlcək və antiseptik maddələrin istifadə edilməsinə qədər, şirkət tərəfindən ciddi nəzarət olunur.

Şəhər sakinlərindən də kuryer xidmətindən istifadə edib-etməmələri ilə bağlı sorğu keçirdik.

Gənc xanım Sevda Abdullayeva deyir ki, əslində bu xidməti özü üçün pandemiya başlayandan kəşf edib:

“Ümumiyyətlə, ehtiyac yaranmadıqca insan bəzi şeylərin varlığından belə xəbərsiz olur. Mənə rəfiqəm izah etdi. İndi anamgilə sovqatı belə kuryer vasitəsilə göndərirəm. Kuryer xidməti göstərən bir neçə taksi şirkəti var. Evdə uşaqlar darıxır, amma onları gəzməyə apara bilmirəm. Bu zaman kuryer xidməti dadıma çatır. Pizza sifariş verirəm. Bu onlar üçün xoş sürpriz olur”.

Tofiq İbrahimov yaşlı insandır. Onun sözlərinə görə kuryer xidməti ən çox yaşlıların işinə yarayır:

“Mənim işimin çoxunu onlar görür. Hətta marketdən evə ərzaq gətirənlər var. Nəyi pisdi ki?”.

Apardığımız müşahidələrdən, keçirdiyimiz sorğulardan belə məlum olur ki, bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da artıq bu xidmət inkişaf edir.

Banu

Oxunma sayı 2740
Sosial rubrikasından digər xəbərlər