“Bu yaxınlarda ermənipərəst millət vəkili ilə görüşüm olacaq” - Elxan Mirhəşimli

19:40 20.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ordusunun əks-hücum əməliyyatları nəticəsində 30 ildir erməni tapdağında qalmış torpaqlarımız qarış-qarış azad edilməkdədir. Böyük itkilər verərək, silah-sursatını ataraq geri qaçan düşmən nəinki məğlubiyyətini qəbul etmir, hətta dünyanın hər yerində Azərbaycana qarşı yalan-iftiralar yayır, əvvəldən arxasında dayanan özü kimi bədniyyət ölkələrin də fitnəsi ilə daha da azğınlaşır. Bu müstəvidə Niderland Krallığında yaşayan həmvətimiz, “Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli ilə söhbətləşdik

Müsahibimiz deyir ki, artıq 30 ildir qəlbimizin qopmayan yarası olan Dağlıq Qarabağ və ətraf rayonlarımız işğaldadır, qəsbkar Ermənistan dövləti sulh danışıqları ilə suveren torpaqlarımızı qaytarmaqdan imtina edərək, müharibə yolunu seçdi. “Beynəlxalq hüququ tanımayan və öz havadarlarına arxayın olan terrorçu Ermənistan bu dəfə də Azərbaycan yeni torpaqlarımızı işğal etməyə cəhd etdi. Azərbaycan ordusunun əks hücumu nəticəsində düşmən döyüşdə ağır itkilər verib. Ona görə də qaniçən Ermənistan Xocalıda olduğu kimi, döyüş meydanında deyil, dinc sakinləri hədəf alıb” deyən E.Mirhəşimli bildirir ki, onlar Niderlandda yaşayan azərbaycanlılar olaraq, Gəncədə, Tərtərdə, Bərdədə, Ağcabədidə, Mingəçevirdə, Xızı və Abşeron bölgələrində dinc, mülki insanların evlərinin Ermənistandan atılan ballistik raketlərlə vurulması xəbərlərini hər dəfə eşidəndə ürəkdən sarsılıblar. “Bu insanlıq suçunu bir insan kimi qəbul edə bilmədim, nə qədər qəddar insan olasan ki, dinc, günahsız insanları öldürməyə əmr verəsən, Bu hərbi cinayətdir, bu əmri verənlər beynəlxalq konvensiyalara uyğun olaraq cəzalandırılmalıdır. Çünki bu cür hücumlar 1949-cu il Cenevrə Konvensiyasına zidd cinayətdir. Əgər bu cinayəti edənlər cəzalandırılmasa, gələcəkdə belə hallar yenidən təkrarlanacaq. Ölən, yaralanan insanların yerində hər birimiz ola bilərik və bu səbəbdən də erməni vəhşətinin acısını hər birimiz yaşamalıyıq. Bu bizim qurtuluş savaşımızdır, Qarabağ türk dünyası birliyinin açarıdır” deyir E.Mirhəşimli.

Müsahimiz qeyd edir ki, hadisələrin ilk günündən Niderland əhalisini bölgədə baş verənlərin mahiyyəti ilə tanış etməyə çalışıblar. Siyasi partiyalarla online qaydada görüşlər keçirilir, yazışmalar olur. “Hazırda ermənipərəst millət vəkili ilə görüş təyin etmişəm və  bu yaxınlarda görüşəcəyik. Hakim partiyanin millət vəkilləri ilə də görüşüm təyin olunub, Xarici İşlər Nazirliyinə etirazımızı bildirmişik, siyasi arenada görüşlərimiz davam edir. Yerli mətbuatın fəaliyyəti bizi qane etmir, yenə də ikili standart var, işğalçı ilə işğala məruz qalan ölkəni eyni tərəzidə tuturlar. Hətta Azərbaycanın islamçı, Ermənistanın isə xristian ölkə kimi yazılıb təqdim edilməsi bizi narahat edir. Mətbuat açıq-aşkar tərəf tutur. Amma bunlar bizi nəinki ruhdan salmır, əksinə informasiya mübarizəmizi daha da əzmlə aparırıq. Yerli əhali Gəncədə törədilən erməni vəhşiliyini duyduqda çox üzülür və baş verənləri insanlığa sığmayan cinayət adlandırırlar” deyən E.Mirhəşimliyə görə, Niderlanddakı diaspor təşkilatları hazirda birlikdə mübarizə aparırlar,siyasi baxışlarından asılı olmayaraq, ordumuza, dövlətimizə dəstək nümayiş etdirirlər. “Bu gün Haaqa şəhərində böyük bir mitinq keçirdik. İnsanlarımız Azərbaycana dəstək verərək, Gəncədə mülki insanların qətlə yetirilməsinə etirazlarını bildirdilər. Türk təşkilatları hər zaman olduğu kimi bizimlə birlikdədir. Niderlanda yaşayan dost ölkələrin diaspor fəallari ilə əməkdaşlığı artırmağa çalışırıq” deyir müsahibimiz.

Oxunma sayı 1703
Siyasət rubrikasından digər xəbərlər