Krımın cinayətkar deputatı Qarabağa kömək gətirib

18:55 29.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qarabağ məsələsində birmənalı şəkildə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Ukraynada bütün təbəqələrdə münaqişəyə yanaşma eynidir – Qarabağ Azərbaycanın bir parçasıdır.

Hafta.az-ın yazdığına görə, bu məsələdə Krım tatarları da öz sözlərini deməkdədirlər. Tatarların rəsmi təmsilçiləri olan, Krım Tatar Milli Məclisinin sədri, eləcə də Dünya Krım Tatar Konqresinin başqanı Refat Çubarov və Ukrayna Ali Radasının üzvü, deputat Rüstəm Umerov bəyanatla çıxış edərək, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğunu bildiriblər. Çubarov və Umerov Ermənistandan qeyd-şərtsiz olaraq öz silahlı qüvvələrini Azərbaycan torpaqlarından çıxarmasını və işğala son verməsini tələb ediblər.

Ukraynalı millət vəkili Rüstəm Umerov deyib ki, sitat: Ukrayna dövləti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir parçası olaraq qəbul edir. Beynəlxalq ictimaiyyət Ermənistanın Dağlıq Qarabağdakı varlığını işğal olaraq tanımaqdadır.

Millət vəkili əlavə edib ki, Azərbaycan da birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə haqqın yanında olduğunu ilk başdan sübut edib. R.Umerov bildirib ki, Azərbaycan, Krımı Ukraynanın bir parçası olaraq tanıyır. Azərbaycan, Qara dəniz, Azov və Xəzər dənizlərinin güvənliyi məsələsində Ukraynanın təbii və çox vacib ortağıdır. O, SSRİ dağılandan sonra Qara dəniz, Azov və Xəzər dənizləri, eləcə də bütövlükdə Qafqaz reginonunda “dondurulmuş” münaqişələri təhlükəsizlik məsələsinə ciddi maneə adlandırıb. “Dondurulmuş münaqişələrin” Gürcüstan, Azərbaycan, Moldova və Ukraynanın ortaq problemi olduğunu vurğulayan R.Umerov deyib: “Dondurulmuş münaqişələr birbaşa və ya dolayı yolla Rusiyanın regiona müdaxiləsi və müstəqil ölkələrin daxili işlərinə qarışması səbəbindən mövcuddur. Doğrudan da, Rusiyanın ayaq basdığı hər yerdə problem yaşanır. Bu səbəbdən də, heç şübhə yoxdur ki, münaqişələrin ortaq problemi elə Rusiyadır”.

Krım Tatar Milli Məclisi sədri Refat Çubarov da deyib ki, müharibə birbaşa Azərbaycan torpaqlarında gedir. Bu gün Azərbaycan, 30 ildir Ermənitanın işğalı altında olan torpaqlarını azad etmək üçün mübarizə aparır.

Dağlıq Qarabağda 3 dəfə atəşkəs elan edildiyini, ancaq hər dəfə 1 gündən artıq sürmədiyini xatırladan R.Çubarov deyib ki, uzunmüddətli atəşkəs üçün Ermənistanın birmənalı şəkildə silahlı qüvvələrini Azərbaycan torpaqlarından çıxarması şərtdir. Müharibənin tamamilə başa çatması üçün isə, Azərbaycanın ərazi bütövlüyünün qorunacağına tam təminat verilməlidir.

Yalnız bundan sonra bölgədəki erməni azlığın Azərbaycan dövlətinin ərazisində və təbii ki, azərbaycanlılarla birlikdə necə yaşayacağına dair bir forma axtarıb tapmaq olar. Amma yenə deyirəm, bunun üçün ilk növbədə döyüşlər dayanmalı, Ermənistan qoşunları son nəfərinədək Azərbaycan torpaqlarını tərk etməlidir”, - deyib Krım Tatar Milli Məclisinin sədri. 

Amma Krım əhalisinin heç də hamısı Azərbaycana eyni səmimi münasibətdə deyil. Bunun da səbəbləri sırf siyasidir. Fikir verin, yarımadanın türk-tatar icması Azərbaycana dəstək nümayiş etdirsə də, orada yaşayan rus və erməni icması əleyhimizə çalışmaqdadır. Söhbət Rusiya tərəfindən yaradılan rəsmi yerli qanunverici orqan olan Krım parlamentindən gedir. Parlamentin deputatı, erməni mənşəli Armen Martoyan bu günlərdə Dağlıq Qarabağa səfər edərək, qondarma rejimin elə özü kimi qondarma rəhbəri olan Araik Harutyunyanla görüşüb.

Armen Martoyan kimdir? Rusiya 2014-cü ildə, bir gecənin içində Krımı işğal (ardıyla da ilhaq) etməsində bu erməni böyük rol oynayıb. A.Martoyan həmin dövrdə Krım Milis güclərinin bölmə komandiri olub. Hətta deyə bilərik ki, məhz yarımadanın işğalına dəstək verdiyi üçün bu mənfur quldura Moskva tərəfindən Krım parlamentində kürsü verilib və ya deputat mandatı ilə mükafatlandırılıb (2019-cu il 8 sentyabr tarixindən deputatdır – V.T.). Bütün hallarda, Krımın timsalında de-fakto Rusiya siyasi cameəsini təmsil edən, Rusiyanın keçmiş yüksək rütbəli zabiti olan bir şəxsin hazırda qızğın döyüşlər gedən Qarabağ bölgəsində nə işi var? Cavab aydındır: A.Martoyan bir erməni olaraq şəxsinin və təmsil etdiyi Krımın siyasi elitasının Qarabağ separatçılarına dəstəyini bildirmək üçün Xankəndi şəhərində olub. Özü də Qarabağa gizli deyil, aşkar şəkildə gedib və hətta görüşdə çəkilən şəkli paylaşmağı da yaddan çıxarmayıb.

“Fotoşəkildə gördüyünüz adam Armen Martoyandır. Keçmiş Rusiya zabiti olan bu şəxs daha çox Samvel Mardoyan adıyla tanınır. Onunla üzbəüz oturan şəxs isə Araik Harutyunyandır – qondarma Dağlıq Qarabağ Respublikasının dırnaqarası prezidenti”, - deyib Krım Tatar Milli Məclisinin sədri R.Çubarov.

Çubarov sözünə belə davam edir: “Hazırda Martoyan qanunsuz olaraq seçilən “Birlik Rusiya” Partiyasından Krım parlamentinə seçilib. O, yarımadanın Rusiya tərəfindən işğalı zamanı “Krım milisi”in 4-cü bölüyünün komandiri olub. Yarımadadakı Akməscid Hava limanını ələ keçirmə əməliyyatını birbaşa bu şəxs icra edib. Ukrayna Ali Radasının deputatı Oleksey Qonçarenkoya və ukraynalı iş adamı Gennadi Balaşova qarşı sui-qəsd hücumunu da məhz Martoyan təşkil edib. 2014-cü il martın 3-də Akməsciddən qaçırılan Krım Tatar aktivisti Reşat Ametov cinayətində də birbaşa Martoyandan şübhələnilir. O, son günlər özünə bənzəyən quldurlardan ibarət “könüllülər” dəstəsi yaradıb və onları döyüşmək üçün Dağlıq Qarabağa göndərib”, - deyir Çubarov.

Xatırladaq ki, 1967-ci il təvəllüdlü Armen Martoyan Rusiyanın Volqoqrad şəhərindəki hərbi məktəbdə təhsil alıb. Uzun illər Krımda yaşayan Martoyan işğaldan öncə kiçik şəxsi müəssisəsi də varmış.

Rus asgərlər 2014-cü ilin martında Krım yarımadasını işğal etdiyi vaxt Martoyan qanunsuz şəkildə yaradılmış Krım milis batalyonunun 4-cü bölüyünün komandiri olaraq, bütün fəaliyyəti müddətində tanınmış simaları qaçırmaq, öldürmək və ya hədə-qorxu gəlməklə məşğul olub. Martoyan 2014-cü ilin martında Akməsciddə çəkiliş etmək istəyən tatar jurnalist Osman Paşayevi və həmkarlarını qaçırıb, sonra ölümcül döydürmüşdü. İnsan haqları təşkilatları bu qənaətdədir ki, qanunsuz yaradılan Krım milis batalyonu, çoxu hələ açılmamış xeyli sayda cinayətlər törədib...

Daha sonrakı dönəmdə də, Martoyan Donbas bölgəsində Rusiyanın dəstəklədiyi separatçılara qoşularaq Ukraynanın ərazi bütövlüyünə qarşı savaşıb. 2017-ci ilin oktyabrında, Ukrayna hökuməti Martoyanın həps olunmasına dair hökm verir və bu quldur hazırda beynəlxalq axtarışdadır.

Oxunma sayı 2232
Siyasət rubrikasından digər xəbərlər