Prezident: “Bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb”

10:53 24.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bu gün bir çox ölkələrdə, inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir. Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb”.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışında deyib.

Prezident İlham Əliyev bildirib ki,  XXI əsrdə ilk dəfə olaraq, bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilib: “İndi buraya gələrkən mən ən azı üç müdafiə xəttini gördüm. Amma mənə hərbçilər tərəfindən verilən məlumata görə, beş müdafiə xətti var. Füzulidə də, həmçinin. Biz bu əsgər və zabitlərimizin qəhrəmanlığı, peşəkarlığı sayəsində müdafiə xəttini yarmışıq. Biz texniki cəhətdən ən müasir silahlarla təchiz edilmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, o videogörüntülər var. İndi onlar bir çox ölkələrdə öyrənilir və öyrəniləcək, hərbi kitablara salınacaq”.

Dövlət başçısı deyib ki, eyni zamanda, biz ordumuzun döyüş potensialını gücləndirirdik: “Çünki tam aydın idi ki, təkcə silahlarla qələbə qazanmaq mümkün deyil. Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular. Şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların valideynlərinə Allah səbir versin! Yaralı hərbçilərimiz var, onlar da sağalırlar. Onların bir çoxu artıq sağalıb. Allah onlara şəfa versin! Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq. Təkcə Şuşanın işğaldan azad edilməsi əməliyyatı, əminəm ki, tarixdə əbədi qalacaq. Demək olar ki, yüngül silahlarla dərədən, meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Qarabağın tacı olan Şuşanı azad etdik”.

Prezident İlham Əliyev bildirib ki, bütün bu amillər bizim qələbəmizi şərtləndirdi: “Mən bir daha qeyd etmək istəyirəm ki, ağdamlılar bu günü uzun illər ərzində - 30 ilə yaxın idi gözləyirdilər. Eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı da gözləyirdilər. Mən bilirəm və hiss edirəm ki, bizim şəhərlərimiz, rayonlarımız, kəndlərimiz işğaldan azad olunduqca ağdamlılar da fikirləşirdilər ki, nə vaxt onların kəndləri, Ağdam şəhəri azad olunacaq. Cəbrayıl azad olundu, Füzuli azad olundu, Hadrut azad olundu, Zəngilan, Qubadlı, Suqovuşan, Şuşa azad olundu və yəqin ki, ağdamlılar fikirləşirdilər ki, nə üçün Ağdam azad olunmur? İndi mən bunu deyə bilərəm. Amma mən istəyirdim, bunu hansısa formada ağdamlılara çatdırım, amma onlar da başa düşürlər ki, müharibə dövründə bunu edə bilməzdim. Burada beş müdafiə xətti var. Düşmən bizi buradan gözləyirdi. Biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək. Biz bu istiqamətdə kifayət qədər böyük hərbi birləşmə saxlamışdıq ki, düşmənin hərbi qüvvələri də burada qalsın, başqa yerə getməsin. Füzulini, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı azad edəndən sonra təbii ki, biz artıq Ağdam şəhərinə istiqamət götürmüşdük və əmr verilmişdi ki, növbəti istiqamət Ağdamdır. Düşmən də bilir və artıq etiraf edir ki, əgər onlar torpaqlarımızın azad edilməsi ilə bağlı mənim şərtlərimi qəbul etməsəydilər, burada məhv olacaqdılar. Çünki biz Ağdama gəlirdik”.

Oxunma sayı 1443
Gündəm rubrikasından digər xəbərlər