"44 günlük müharibədə Qafqazda imici ən çox zədələnən Qərb oldu" - Fuad Çıraqov

10:40 30.11.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Bu müharibədə regionda, ən azından Azərbaycanda, imici daha çox zədələnən Qərb oldu".

Hafta.az yazır ki, bu sözləri Azərbaycan ordusu otuz ildən bəridir Ermənistanın işğalı altında qalmış torpaqlarımızı azad etmək üçün hərbi əməliyyatlar keçirdiyi 44 gün ərzində Qərb siyasi dairələrinin və mediasının prosesə reaksiyasına münasibət bildirərkən deyib. "Qərbin mətbuatını da, siyasilərinin mövqelərini də gördük. Bunu 2018-ci ildə Brüsseldə Avropa Parlamenti binasının yanındakı Avropa tarixi muzeyində olanda bir daha çox yaxşı anladım. Bu haqda əvvəllər yazmışam da, siz də gedin o muzeyə, görüb daha yaxşı anlayacaqsız. Zamanın testi Azərbaycanın xarici siyasətinin alternativinin olmadığını göstərdi. Qərb dostumuz olmayacaq, ancaq ən yaxşı halda partnyorumuz ola bilər. Buna da çalışmalıyıq. Hərçənd, "Soyuq müharibə"dən sonrakı düzən artıq dağıldıqca, Qərbin özü nə deməkdir, getdikcə daha amorf bir anlayışa çevrilir. Amma burada bir məqam var: bəzilərindəki məyusluq və nəticə, bizi birdəfəlik Avropanın və Qərbin inkarına gətirib çıxarmamalıdır. Əksinə daha çox orada olaraq, mövqelərimizi gücləndirməli, daha çox tanımalı, daha çox universitetlərində oxumalı, daha çox ordakı ən yaxşı şeyləri bura gətirməyə və daha çox şey öyrənməyə çalışmalıyıq" deyən F.Çıraqov əlavə edir ki, yalnız bu halda daha güclü ola bilərik.

Politoloq fikirlərini əsaslandırmaq üçün misallar çəkir. Deyir ki, yəhudiləri Qərbdəki kimi başqa heç bir yerdə təqib edib, incitməyiblər və təbii ki, son olaraq Xolokostu yaşadıblar. Amma yəhudilər İsrail dövlətini məhz Qərbin içindən tapdıqları güclə qurublar. F.Çıraqov əminliklə qeyd edir ki, bu gün də həm anti-semitizm ən çox Qərbdədir, həm də bütün liberal-sol düşüncə sahibləri düşməndir. Amma İsrail yenə əsas gücünü onun içindən - şirkətlərindən, universitetlərindən və sair alır. "Elə götürək qonşu İranı, bütün siyasi elita Qərbdə təhsil alıb, hansı universitetə, hansı düşüncə mərkəzinə getsək, mütləq bir iranlını, yaxud da çinlini görəcəyik. Çinlilər 1979-cu ilədək qapalı qaldılar, amma baxdılar ki, alınmır, açılıb doldular Qərbin ən yaxşı universitetlərinə, kapitalı və texnologiyanı özlərinə çəkdilər və indi bütün Qərb əlacsız qalıb Çin ekspansiyasının qarşısında. Bizim indiyədək zəifliyimizin, geriliyimizin və milli şüurumuzun gec oyanmasının əsas səbəblərindən biri də o olub ki, yeni dövrdə Qərblə birbaşa ünsiyyətimiz gec başlayıb. Əhməd bəy Ağaoğlunun Parisdə oxuduğu dövrə aid xatirələrini oxumaq lazımdır. Ailəsi onu dini təhsil almaq üçün Quma, Nəcəfə göndərmək istəyirmiş, bu isə atasından və əmisindən gizli, anasının qızıl sikkələri ilə rus dilini öyrənib. Əvvəl Peterburqa gedir, evdə ondan inciyirlər, oradan Parisə gedəndə isə, ümumiyyətlə üz çevirirlər. Parisə gedəndə görür ki, o zamanın ən yaxşı universitetləri hesab edilən məktəblərdə onlarla erməni və gürcü təhsil alır, yeganə azərbaycanlı isə özüdür" deyən politoloq təəssüflə qeyd edir ki, hər şeydə gec qalmışıq, heç olmaya keçmişdə yaşananlardan nəticə çıxarıb, göstərilən münasibətlərdən inciməməli, əksinə, yüksək siyasət işlədib onlardan daha çox yararlanmalıyıq. 

Oxunma sayı 1654
Siyasət rubrikasından digər xəbərlər