Nə belə bir icma, nə də Dağlıq Qarabağ deyilən ərazi var – Tural Gəncəliyev

11:41 01.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ictimaiyyətə müraciət edib. Müraciətdə bildirilir ki, İctimai Birlik təşkilatın buraxılmasına qərar verib.  “Qarabağa dönüş” adlı İctimai Birlik yaradılır. Bu və digər maraqlı məsələlərlə bağlı “Həftə içi”nin suallarını, artıq ləğv edilən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinın sədri, Xankəndinin millət vəkili Tural Gəncəliyev cavablandırıb. Onunla bu qərarın verilməsinin səbəbləri, yeni ictimai birliyin fəaliyyət prinsipləri, sülhməramlıların fəaliyyəti və s. məqamlarla bağlı söhbətləşdik.  

 

Sual: Dağlıq Qarabağın Azərbaycanlı İcmasının əsasında yeni birlik yaradılması haqqında qərar verildi – “Qarabağa dönüş” İctimai Birliyi. Bu, hansı zərurətdən yarandı və səbəblər nə idi?  

Cavab: Dağlıq Qarabağ Azərbaycanlı İcmasının üzvləri  videokonfrans şəklində görüşərək, Dağlıq Qarabağ azərbaycanlı İcması İctimai Birliyinin buraxıldığını bəyan etdik. Bildiyiniz kimi, uzun illər ərzində Ermənistan işğalı davam etdiyi dövrdə  Dağlıq Qarabağdan məcburi köçkün düşmüş, etnik təmizləməyə məruz qalmış 100 minlərlə insanı birləşdirən Qarabağ İcması indiyədək fəaliyyət göstərirdi. Biz bu illər ərzində Ermənistanın təcavüzünün ifşa edilməsi, hüquqlarımızın bərpa edilməsi, öz torpaqlarımıza, əzəli dədə-baba yurdlarımıza geri dönmək uğrunda mübarizə aparırdıq. İctimai Birlik olaraq, istər ölkə daxilində, istərsə də beynəlxalq istiqamətdə fəaliyyətimizi davam etdirirdik. Beynəlxalq konfranslara gedir, görüşlər keçirir, dəfələrlə erməni icmasına müraciətlər edirdik ki, gəlin sülh şəraitində bir yerdə yaşayaq. Təəssüflər olsun ki, bu illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirdi və bizim çalışmalarımız reaksiya verilmədən qaldı. 44 günlük Vətən müharibəsi baş verdi. Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızı işğalçılardan azad etdik və yeni reallıq yarandı. Yeni reallığa görə, nə Dağlıq Qarabağ deyilən ərazi mövcuddur, nə də status var. Təbii ki, Dağlıq Qarabağda nə erməni, nə də azərbaycanlı icması ola bilməz. Yəni öz ictimai əhəmiyyətini və aktuallığını itirmişdi. Dağlıq Qarabağ ərazi vahidi mövcud olmadığına görə yalnız Qarabağda Azərbaycan Respublikasının vətəndaşları var və biz də bu dediyimiz məqamlardan irəli gələrək, Dağlıq Qarabağ Azərbaycanlı İctimai Birliyinin buraxıldığını bəyan etdik. Hal-hazırda missiyamız, fokusumuz ondan ibarətdir ki, biz torpaqlarımıza qısa zamanda geri dönməyə hazırlaşırıq, quruculuq-bərpa işləri gedir.  Həmin quruculuq-bərpa işlərində iştirak etmək, geri dönməklə bağlı qarşıda duran yaxın və orta müddətə olan problemlərin, çağırışların öhdəsindən gəlmək məqsədilə, həmçinin cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən bu yenidənqurma və bərpa işləri, tarixi-mədəni abidələrimizin bərpası kimi işlərin uğurla həyata keçirilməsinə dəstək olmaq üçün Qarabağa Dönüş İctimai Birliyinin təsis edildiyini bəyan etdik. Hesab edirəm, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən yeni Qarabağ, Qarabağımızın çiçəklənməsi, qurulması missiyasına öz tövhəmizi verəcəyik. Artıq fəaliyyətimizi Qarabağa dönüş İctimai Birliyi adı altında ən yüksək səviyyədə davam etdirəcəyik.

Dağlıq Qarabağın Azərbaycanlı İcması tarixə qovuşdu

Sual: Dağlıq Qarabağ Azərbaycanlı İcması anlayışı bundan sonra necə olacaq və ümumiyyətlə, bu məfhum işlənəcəkmi?

Cavab: Dağlıq Qarabağın Azərbaycanlı İcması tarixə qovuşdu. Nə belə bir icma, nə də ümumiyyətlə, Dağlıq Qarabağ deyilən ərazi var. Azərbaycan Respublikasının Qarabağ bölgəsi var. Necə ki, Azərbaycanın digər bölgələri kimi, Qarabağ da bizim ayrılmaz tərkib hissəmizdir və orada yaşayan Azərbaycan vətəndaşları digər rayon və şəhərlərdə yaşayan  insanlar kimi orada yaşayacaq. Azərbaycan Respublikası dünyaya bir nümunədir. Müxtəlif etnik, milli azlıqlar çox firavan şəkildə yaşayır. Erməniəsilli vətəndaşlarımız ölkəmizin digər ərazilərində olduğu kimi, Qarabağda da Azərbaycan vətəndaşları olaraq öz həyatlarını sürəcəklər, firavan yaşayacaqlar. Cənab Prezidentin dediyi kimi, Qarabağ təkə Azərbaycanın deyil, dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. Şuşa şəhəri mədəniyyət paytaxtımız kimi Qarabağın incisi, dünyanın ən gözəl şəhərlərindən biri olacaq. Biz də bu işlərin tərkib hissəsi olaraq, bu məsələlərə töhfə verməkdən ötrü əlimizdən gələn hər şeyi edəcəyik.

Əsas fəaliyyətimiz geriyə ləyaqətli şəkildə dönmək üçün hazırlıqlarımızı sürətəndirməkdir

Sual: Yeni yaradılan Birliyin əsas fəaliyyət istiqamətləri və gələcək planları nədən ibarətdir?

Cavab: Əsas fəaliyyətimiz geriyə ləyaqətli şəkildə dönmək üçün hazırlıqlarımızı sürətəndirməkdir. Qarabağlılarımız, insanlarımız geriyə nə cür dönəcəklər, bu hansı mərhələlərdə həyata keçiriləcək, yeni infrastruktur xətləri, evlərimiz, dağılmış tarixi-mədəni abidələrimizin bərpası necə baş verəcək? Bütün bu məsələlər haqqında məlumat verəcəyik. Qarabağdan olan keçmiş məcburi köçkünlərlə iş aparmaq, onların istər psixoloji, istər sosial problemlərinin həllinə dəstək, onların ləyaqətli şəkildə geri dönüşünə şərait yaratmaq, bu işə töhfə vermək də fəaliyyət prinsiplərimizə daxildir. Məsələn, götürək adi minalanmış əraziləri. Əgər minalanmış ərazilərin xəritəsini Ermənistan tərəfi vermirsə və bu, bilavastə humanitar hüquqa ziddirsə, biz dönməmişdən öncə öz insanlarımızla iş aparmalıyıq. Minaların təmizlənməsi prosesi nə deməkdir və necə gedir? Biz necə edək ki, təhlükəsizliyimiz təmin olunsun, gedib orada minalardan zərər görməyək? Təəssüflər olsun ki, Ermənistanın bu  cinayəti nəticəsində, artıq onlarca mülki vətəndaşımız öz həyatını itirib. Ləyaqətli, təhlükəsiz dönüş bu deməkdir. İş yerləri necə bərpa olunacaq, bunları biz müzakirə etməliyik. Qarabağlılarla birgə harada idik, bu gün haradayıq və səhərisi gün hara gedirik? Yol xəritəmiz artıq müəyyən olunub və bu addımları bir yerdə atacağıq.

Sual: Qeydiyyatla bağlı nə vaxt müraciət edəcəksiniz? Üzvlər kimlər olacaq? Yenə də Dağlıq Qarabağ İctimai Birliyindəki üzvlərmi təşkil edəcək yeni yaradılan birliyin əsasını...

Cavab: Bunlar texniki detallardır, yaxın günlərdə öz həllini tapacaq və aydınlıq gətiriləcək. Əsas olan konseptual yanaşma ilə desək, fəlsəfəmiz ondan ibarət idi ki,  Dağlıq Qarabağ Azərbaycanlı İcması öz əhəmiyyətini itirdi, yoxdur. Yeni Qarabağa Dönüş ictimai Birliyi var.

Ermənilərdən biz əsasən sosial şəbəkələr vasitəsilə müraciətlər alırıq

Sual: Dağlıq Qarabağa Qayıdış İctimai Birliyi tərəfindən indiki Xankəndidə və digər ərazilərdə yaşayan ermənilərlə ünsiyyət qurulması nəzərdə tutulubmu? Bu hansı mərhələdə və hansı meyarlar əsasında həyata keçiriləcək?

Cavab: Mən özüm Xankəndinin millət vəkili olaraq, Xankəndi şəhərini təmsil edirəm.  Orada yaşayan azərbaycanlı və erməni  vətəndaşlarımızın təmsilçisi olaraq,  istər azərbaycanlı vətəndaşlarımızdan, istərsə də erməniəsilli vətəndaşlarımızdan müraciətlər alıram. Təbii ki, ermənilərdən biz əsasən sosial şəbəkələr vasitəsilə müraciətlər alırıq. Onlara izah edirik ki, yaxın gələcəkdə Xankəndidə, Qarabağın digər şəhərlərində, qəsəbələrində Azərbaycan Respublikasının bayrağı, qanunları çərçivəsində firavan yaşayacağıq. Buna hamının razı və hazır olması, məqsədlərə, amallara çatması üçün birgə fəaliyyət aparılmasına tərəfdar olmasını bildiririk. Yəni erməniəsilli vətəndaşlarımız da Azərbaycan Respublikasının vətəndaşı olmaq şərəfindən, o imtiyazlara sahib olmaqdan qürur duyacaqlar. Regionun ən güclü iqtisadi, siyasi, sosial dövləti Azərbaycandır. Azərbaycan Respublikasının vətəndaşı olmaq, təbii ki, imtiyaz yaradır. Bunu cənab Prezident də qeyd etdi, artıq yeni reallıqlar var. Zəngəzur dəhlizi fəaliyyətə başlayacaq. Region bütövləşəcək, yeni əməkdaşlıq platforması çərçivəsində Çindən Avropaya qədər insan daşımaları məhz Azərbaycan üzərindən həyata keçiriləcək. Şimaldan Hind okeanına qədər yeni şimal-cənub dəhlizinin Azərbaycan ərazisindən keçməklə ehtiva olunması və ərsəyə gəlməsi – bunlar onu göstərir ki, Azərbaycan Respublikası, artıq müharibədən sonra yeni real güc mərkəzi olaraq,  meydana çıxmışdır. Bütün dünya ölkələri, dünya liderləri məhz cənab Prezidentə bu məsələ ilə bağlı müraciətlər edirlər. Qarabağda yenidənqurma, bərpa işlərində fəal iştirak etmək istəyirlər. Hər bir ölkə istəyir ki, öz şirkətini, investisiyasını regiona gətirsin. Sizin Cənubi Qafqazın xəritəsinə baxanda avropalı, amerikalı olaraq, birinci görmək və əməkdaşlıq etmək istədiyiniz ölkə Azərbaycandır. Digər ölkələr potensial olaraq, Azərbaycanın kölgəsində geridə qalır.

Sülh yarandıqdan sonra artıq sülhməramlılara da ehtiyac olmayacaq

Sual: May ayının 9-da rus sülhməramlıları Xocalıda parad keçirmək istəyir. Bu məsələyə münasibətinizi və ən əsası, sülhməramlıların fəaliyyətinin sizi qane-edib-etməməsini öyrənmək istərdim.

Cavab: Hesab edirəm ki, orada yerləşdirilmiş sülhməramlıların əsas missiyası daimi deyildir. Onlar öz missiyalarını həyata keçirdikdən sonra öz ölkələrinə geri dönəcəklər. Müharibədən sonra olacaq reallıq hər bir tərəfə, o cümlədən Ermənistana, onun havadarlarına, bizim regionda olan istənilən ölkəyə göstərir ki, onlar öz hərəkətlərində korrektə etməlidirlər. Azərbaycan Respublikası öz milli maraqları çərçivəsində addımları müstəqil şəkildə atır və tərəfdaşlarımıza da biz bunu bildiririk. İstər Rusiya, istərsə də qardaş Türkiyə ilə münasibətlərimizi elə qururuq ki, dialoq və tərəfdaşlıq çərçivəsində Rusiya sülhməramlıları məhz 3 tərəfli sazişdən sonra Qarabağda öz fəaliyyətlərini sülh yaratmaq missiyası çərçivəsində həyata keçirib, missiyalarını bitirib geri dönəcəklər. Sülh yarandıqdan sonra artıq sülhməramlılara da ehtiyac olmayacaq. Əgər regionda sülh varsa, erməniəsilli vətəndaşlar azərbaycanlılarla birgə Azərbaycan Respublikasının Konstitutsiyasına hörmət edərək, sülh və firavan yaşayacaqlarsa, sülhməramlılara da ehtiyac olmayacaq. Qaldı ki,  sülhməramlıların Xocalıda parad keçirməsinə münasibətimə, sözün açığı, bu barədə heç bir rəsmi məlumat eşitməmişəm. Bu barədə yalnız sosial şəbəkələrdə məlumat yayılıb. O səbəbdən də yaxşı olardı ki, rəsmi məlumat dərc olunsun və biz də bu barədə hansısa bir fikir bildirək.

Mən Xankəndi şəhərini təmsil edirəm. Gələcək fəaliyyətimi də orada görürəm

Sual: Siz Xankəndinin deputatısınız. Ora səfər etməyi planlaşdırırsınız. Bir müddət əvvəl informasıya yayıldı ki, Tural Gəncəliyev Xankəndidə ofis açacaq, bu da ermənilər tərəfindən xeyli səs-küyə səbəb olmuşdu...

Cavab: Biz həqiqətən öz torpaqlarımıza geri qayıtmağa hazırlaşırıq və bu yaxın vaxtlarda, şübhəsiz ki, baş tutacaq. Təbii ki, geri qayıtmaq öncəsi hər bir insan kimi mən də Xankəndi millət vəkili olaraq, gələcəkdə doğma şəhərimdə yaşayacam. Harada işləyəcəyəm, harada iş yerim olacaq, ofisim harada fəaliyyət göstərəcəksə bununla bağlı araşdırma aparıram. Bu da təbii məsələdir. Sözün əsl mənasında, biz buna inanırıq və əminik ki, bu belə olacaq. Mən Xankəndi şəhərini təmsil edirəm. Gələcək fəaliyyətimi də orada görürəm. Ona görə də indidən müvafiq olaraq, araşdırmalar aparmışam. Bilirik ki, biz harada fəaliyyət göstərəcəyik. Paylaşımlarımıza xüsusilə də kəskin və məntiqsiz reaksiyaların Ermənistan tərəfindən gəlməsini başa düşmürəm.  Azərbaycan Respublikasının suveren ərazisi var. Azərbaycan vətəndaşı ölkənin istənilən şəhərində, qəsəbəsində, xüsusən də millət vəkili olaraq yaşamaq və işləmək, orada fəaliyyət göstərmək üçün öz arzusunu reallaşdıra bilər. Ona görə də bu erməni tərəfinin hələ də reallıqlarla barışa bilməməsinin təzahürüdür. Yaxın gələcək bizim nə qədər doğru yolda olduğumuzu bir daha təsdiqləyəcək.

Tünzalə İsmayılova

Oxunma sayı 4762