İcra başçılarının “özəl hərracları”

13:17 01.05.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Əksər rayonlarda icra başçıları istədikləri yeri özəlləşdirib özlərinə götürürlər

Azərbaycanda korrupsiya və rüşvətə qurşanmış məmurlara qarşı mübarizə davam edir. Buna baxmayaraq, bəzi icra başçıları baş verən həbslərdən nəticə çıxarmaq niyyətində deyillər və özlərini Prezidentin səlahiyyətli nümayəndəsi deyil, şah kimi aparmaqda davam edirlər.

Onların “rəhbərliyi altında” büdcə vəsaitləri və dövlət əmlakı talanır, vətəndaşlara yuxarıdan-aşağı baxılır, büdcə təşkilatlarında çalışanlardan “xərac” toplanır, yerli sahibkarlara fəaliyyət göstərmələri üçün “haqq” qoyulur. Elə icra başçıları da var ki, vətəndaş qəbulunu da kefinə uyğun təşkil edir. Yəni əhval-ruhiyyəsi yerində olmayanda başçının qəbuluna düşmək müşkül məsələdir. Bir sözlə, həmin icra başçıları özlərinə sərvət toplamaqla məşğuldurlar. Təbii ki, bu cür “idarəetmə” formasını seçən icra başçılarının hər birinə gec-tez məhbəs yolu görünəcək. Necə ki, Alimpaşa Məmmədov kimi.

Şəmkirin keçmiş icra başçısı da dövlət əmlakını talamaqda öz “dəst-xətti” ilə seçilir. Məsələn, təxminən, 3 milyon manata yaxın qiyməti olan dövlət əmlakını vur-tut 40 manata oğlunun adına özəlləşdirib.

Onu da qeyd edək ki, Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun həbsi ilə məhbus həyatı yaşayan icra başçılarının sayı 7-yə çatıb. Sözügedən şəxslə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumatda qeyd olunur ki, başlanılmış cinayət işi üzrə araşdırmalar zamanı Məmmədov Alimpaşa Adil oğlunun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan Çinarlı Qəsəbə MMC-nin bütün paylarını oğlu Adilzadə Adil Alimpaşa oğlu və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus Şəmkir Səbət Ticarət Mərkəzi MMC-yə cəmi 40 manata satılmasını, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan Abad Şəmkir MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib, xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, Alimpaşa Məmmədovun Şəmkir rayon ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı Ağstafasutikinti MMC-nin hesabına köçürülmüş 218 min manat külli miqdarda pul vəsaitini nağdlaşdıraraq təkrar mənimsəmə yolu ilə ələ keçirməsinə, Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeçiliyində olan şəxslər vasitəsi ilə rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib. Alimpaşa Məmmədovun, həmçinin rayon icra hakimiyyəti başçısının ərazi icra nümayəndələri və digər yerli dövlət təsisatlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında 3 min – 10 min manat məbləğində pul vəsaitləri tələb edərək almasına dair əldə edilmiş məlumatlar üzrə araşdırma aparılır. Eləcə də onun mənimsəmə və rüşvət alma yolu ilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədi ilə 832 min manat vəsaitin oğlu Adil Adilzadənin adına təsis etdiyi “Az Forel” MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Maraqlıdır, icra başçısı, təxminən, 3 milyonluq dövlət əmlakının 40 manata satılmasına necə nail ola bilib? Bu “özəl hərracı” kimlər təşkil edir? Ümumiyyətlə, özəlləşdirmə sahəsində Azərbaycanda vəziyyət necədir?

Hərracın təşkili və qiymətləndirmə ilə bağlı Milli Məclisdə qanun layihəsi hazırlanır

Məsələni hafta.az-a şərh edən millət vəkili Vahid Əhmədov deyib ki, özəlləşdirmə prosesinin qeyri-şəffaf keçirilməsi icra başçıları üçün əla fürsətdir:

“Burada qeyri-adi heç nə yoxdur. Bu hadisə bir Şəmkirdə deyil. Bütün rayonlarda belə faktlar var. Əksər rayonlarda icra başçıları istədikləri yeri özəlləşdirib özlərinə götürürlər. Özəlləşdirilən əmlakı da aşağı qiymətə danışırlar. Belə hadisələr bu gün də davam edir. Düzdür, Azərbaycanda özəlləşdirmə faktiki olaraq başa çatıb. İndi iri obyektlərin, səhmdar cəmiyyətlərin və s. özəlləşdirilməsi qalıb. Onların da özəlləşdirilməsi getməlidir, amma özəlləşdirmənin şəffaflıga gedən yolu hərracdır. Hərracın düzgün qurulması və düzgün qiymətləndirmə əsas şərtdir. Ümumiyyətlə, qiymətləndirmə çox ciddi məsələdir. Bu məsələ ilə əlaqədar indi Milli Məclisdə qanun layihəsi hazırlanır. Bu sənəd hazırlanır ki, sonradan qiymətləndirmə ilə bağlı hansısa suallar yaranmasın, çünki dəyərindən aşağı qiymətə hansısa obyektin satılması ancaq qiymətləndirmənin düzgün aparılmaması ilə bağlıdır”.

İcra başçılarının fəallıq göstərdiyi “özəl hərraclar”ın kimlər tərəfindən təşkil edilməsinə gəlincə, millət vəkili deyir ki, rayonlarda son sözü həmişə icra başçıları deyir: “İndi elə bir şərait yaranıb ki, icra başçılarının işinə heç kim, hətta hüquq mühafizə orqanları da müdaxilə eləmir. Əsas bu işə cavabdeh icra başçılarıdır. Bu kimi hərraclar məhz onların rəhbərliyi altında keçirilir. Ya əmlakı özlərinə götürürlər, ya da başqasının adına keçirirlər. Düzdür, bunu bütün icra başçıları barədə deyə bilmərəm. Bizdə də bu işlə məşğul olan icra başçıları ilə bağlı konkret məlumatlar var, yəni bu hadisə təkcə Şəmkirdə baş vermir”.

Milyonluq əmlaka dəfələrlə ucuz bir qiymət təyin edən qiymətləndirici şirkət də məsuliyyət daşımış olur

Məsələyə münasibət bildirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, hər hansı bir əmlakın üzərində qiymətləndirmə statusu varsa, həmin prosesdə dövlət və ya özəl qiymətləndiricilərin xidmətindən istifadə olunur:

“Mövcud qaydalara görə, qiymətləndirmə aparılarkən qiymət real bazar qiymətlərinə uyğun olmalıdır. Bu baxımdan, milyonluq əmlaka dəfələrlə ucuz bir qiymət təyin edən qiymətləndirici şirkət də məsuliyyət daşımış olur. Yəni, bu işi təşkil edən şəxslərlə bərabər əmlaka qiymət qoyan tərəf də məsuliyyət daşıyır. Belə işlərdə qiymətləndirmənin formal şəkildə həyata keçirilməsi, ümumiyyətlə, qiymətləndirmə aparılmaması və formal hərrac təşkil olunması da mümkündür. Ola bilər ki, minimal qiymətlə hərrac təşkil olunub, amma hərracda digər şəxslərin iştirakı təmin edilmədiyindən, elə bir nəfərə minimal qiymətə satılıb. Bunlar hər iki halda həm təşkilatçı, həm də qiymətləndirici üçün məsuliyyət yaradır”.

Oxunma sayı 2393