“Qarabağdakı xarı bülbüllər hər bahar şəhidlərimiz üçün açacaq” – Türkiyə səfiri

11:57 03.05.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı vətəndaşlara müraciət ünvanlayıb.

Hafta.az-ın yazdığına görə, səfir bildirib ki, Türkiyə ilə Azərbaycan arasında ürəklərdə unikal və köklü olan müstəsna qardaşlığın şahidiyik. Şübhəsiz ki, bu qardaşlıq ümumi tarixdən, müştərək mədəniyyətdən kök alır. İki dövlətin qurucuları olan Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” sözləri və prezidentlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin “Gücümüz birliyimizdə, birliyimiz gücümüzdədir” bəyanatları bu qardaşlığı qorumağa içilən andın və ikitərəfli əlaqələrimizi daha da irəliyə aparmanın iradəsidir.

Azərbaycanın qədim torpağı Qarabağda ermənilərin təxminən otuz illik qanlı işğalına 44 gün sürən Vətən Müharibəsi nəticəsində son qoyuldu. Son zamanlar Azərbaycan - Türkiyə münasibətlərində bütün sahələr üzrə böyük irəliləyiş qeydə alınıb: “Bu zəfər qardaşlarımız qədər bizi – Türkiyədəki vətəndaşlarımızı da sevindirib. Türkiyə bu müharibədə qardaşlığın tələblərinə əsasən Azərbaycanı yalnız buraxmadı. Müharibənin başından axırınadək qardaşlarımızın yanında olsuq, hər cür dəstək verərək dosta və düşmənə birliyin gücünü isbatladıq. Biz inanırıq ki, artıq Qarabağdakı xarı bülbüllər hər bahar şəhidlərimiz üçün açacaq, onların qoxusunu Qafqazın incisi Qarabağdan bütün türk dünyasına yayacaqlar” deyən səfir Bağçı əlavə edib ki, Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticari, hərbi, sosial və mədəni əlaqələr bu gün geosiyasi mahiyyət daşımaqdadır.

Bakı – Tiflis – Ceyhan neft boru kəməri və Bakı – Tiflis - Ərzurum təbii qaz boru xəttindən sonra enerji sahəsində tədarük təhlükəsizliyi, müxtəliflik baxımından regional və qlobal önəmə sahib olan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) fəaliyyətə başlayıb. Bakı-Tbilisi-Qars dəmir yolu həm də Türkiyə və Azərbaycanın rəhbərliyi altında bölgədə nəqliyyat şəbəkələrinin inkişafı üçün əhəmiyyətli potensiala malik olan bir layihədir. İkitərəfli əməkdaşlığımız artıq yalnız Türkiyə və Azərbaycana fayda gətirmək hüdudlarını keçərək regional əməkdaşlığa yol açıb. Türkiyə və Azərbaycan bölgənin təhlükəsizliyinə və sabitliyinə töhfə vermək üçün bütün imkanlarını və güclərini birləşdirib” deyən cənab Bağçıya görə, ikitərəfli əməkdaşlığın yüksək inkişaf etdiyi və bir çox yeni fürsətin yarandığı belə bir tarixi dövrdə Türkiyənin Bakıdakı səfiri kimi xidmət etmək onun üçün böyük şərəfdir: “Bütün iş yoldaşlarım, əlaqədar təşkilat nümayəndələri və mülki strukturlarla birlikdə bu vəzifənin əhəmiyyəti və məsuliyyətini dərk edərək səylə, çox ciddi şəkildə, diqqətlə, səmimiyyətlə və fədakarlıqla çalışacaq, münasibətlərimizi daha da irəli aparmağa və qüvvətləndirməyə səy göstərəcəyik. Səfirliyimizin bu səyləri Naxçıvan və Gəncədəki konsulluqlarımız, eləcə də Lənkərandakı Fəxri Konsulluğumuz tərəfindən dəstəklənir. Türkiyənin Azərbaycandakı bütün rəsmi nümayəndələri olaraq, biz ev sahibi olan Azərbaycan səlahiyyətliləri və qardaşımız olan Azərbaycan Türkləri ilə sıx əməkdaşlıq etməyə çalışacaq, eyni zamanda, bu ölkədə Türkiyə Cümhuriyyəti vətəndaşlarına kömək və rəhbərlik edəcəyik”.

Oxunma sayı 2353