Separatçı rejim Hadrut ermənilərini Şuşanın Malıbəyli kəndinə köçürür

19:00 29.07.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Kənd ərazisində 2022-ci ilin sonunadək “bütün müasir tələblərə cavab verən 240 mənzildən ibarət 15 bina tikilməsi planlaşdırılır”…

“Yaxın gələcəkdə “Hayastan” ümumerməni fondunun hesabına Stepanakertin Açapnyak rayonunda yeni yaşayış məhəlləsinin inşasına başlanacaq. Yeni tikilmiş mənzillərdə müharibə zamanı  Hadrutdan köçən ermənilər yaşayacaq”.

Hafta.az xəbər verir ki,  bunu Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasının müvəqqəti olaraq Rusiyanın rəsmən sülməramlı sayılan hərbi kontingentinin nəzarətində olan hissəsində tör-töküntüləri hələ də qalan  separatçı-terrorçu rejimin oyuncaq rəhbəri Araik Arutyunyan  özünün “Facebook” səhifəsində yazıb.

“Rayonda bütün müasir tələblərə cavab verən 240 mənzildən ibarət 15 bina olacaq. Yaşayış kompleksinin istismara verilməsi 2022 -ci ilin sonuna planlaşdırılır”- deyə Araik ardınca məlumat verib. Separatçı başçı tikilməsi nəzərdə tutulan yaşayış kompleksinin planını əks etdirən fotolar da paylaşıb.

Zəruri şərh:

“Stepanakertin Açapnyak rayonu” adlanan ərazi əslində Xankəndi şəhərindən cəmi 2,5 kilometr məsafədə yerləşmiş Şuşa rayonunun Malıbəyli kəndidir.  Son 30 ilə yaxın işğal müddətində Xankəndində tikintilər çoxaldığından Malıbəyli, demək olar ki, şəhərə bitişmiş və separatçı erməni rejimi tərəfindən “Açapnyak” rayonuna çevrilmişdir. Yəni belə bəlli olur ki, Araikin kriminal xuntası hadrutdan köçmüş ermənilərin bir hissəsini Şuşa rayonunun Malıbəyli kəndində yerləşdirmək niyyətindədir...

Zəruri arayış:

Malıbəyli — Azərbaycan Respublikasının Şuşa rayonunun Malıbəyli kənd inzibati ərazi dairəsində kənddir. Qarqarçayın sahilində, Şuşa şəhərindən 15 km şimalda, dağətəyi ərazidə yerləşir. Malıbəyli Xankəndindən avtomobil yolu ilə cəmi 2,5 kilometr məsafədə yerləşirdi, Şuşadan 18, Ağdamdan isə 51 kilometr aralı idi. Kəndin dörd bir tərəfi erməni kəndləri ilə əhatələnmişdi.

1992-ci il 11 fevral tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Malıbəyli yaşayış məntəqəsi XVIII əsrin axırları və XIX əsrin əvvəllərində sahibkar Malıbəyə məxsus ailələrin Malıbəy kəndindən köçüb bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Malıbəy (şəxs adı) və -li (mənsubiyyət bildirən şəkilçi) komponentlərindən düzəldilmişdir. 1912-ci ildə nəşr olunmuş Qafqaz təqvimi jurnalında  Yelizavetpol quberniyasının Şuşa qəzasına aid edilən kəndin əhalisi 1.060 nəfər təşkil edir, onların əksəriyyəti tatar kimi qeyd olunan azərbaycanlılardan ibarətdir. 1921-ci ildə aparılmış siyahıya almanın nəticələrinə əsasən kənddə 942 nəfər yaşayırdı və onların hamısı azərbaycanlılardan ibarət idi. 1986-cı ildə aparılan siyahıya almanın nəticələrinə görə kənddə 1224 nəfər yaşayırdı və onların hamısı azərbaycanlılardan ibarət olub.

Kənd Qarabağ müharibəsi dövründə böyük ziyan görüb, bir neçə dəfə erməni qüvvələri kəndə hücumlar təşkil edib. Kəndə edilən hücumların bir neçəsi qeydə alınıb.

23 dekabr 1991-ci ildə Şuşa rayonun Malıbəyli kəndində 1 nəfər qətlə yetirilmişdir.

29 dekabr 1991-ci ildə Şuşa rayonun Malıbəyli, Kosalar, Qeybalı kəndində 16 nəfər dinc sakin qətlə yetirilmişdir.

17 yanvar 1992-ci ildə Şuşa rayonunun Kosalar və Malıbəyli kəndlərinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.

25 yanvar 1992-ci ildə Şuşa rayonunun Xəlfəli və Malıbəylə kəndlərinə silahlı basqın nəticəsində 4 nəfər qətlə yetirilmişdir.

1992-ci il fevralın 8-dən 12-dək Malıbəyliyə 366-cı polk və Xankəndində yaşayan erməni özünümüdafiə dəstələri hücum etdilər. Bu hücum davamlı olaraq 5 gün çəkdi... 

Nəhayət, 1992-ci ilin fevralın 10-dan 11-nə keçən gecə kənd ermənilər tərəfindən tutularaq tamamilə yandırılıb. Nəticədə 50 nəfər dinc sakin həlak olub.

1992-ci il oktyabrın 10-da Malıbəyli kəndi üzərində Ermənistan ordusunun zenit bölmələri tərəfindən Azərbaycan HHQ-nə məxsus “Su-25” təyyarəsi vurulub. Pilot katapult etsə də, paraşütü açılmadığından həlak olub.

Azərbaycan ordusunun 44 günlük müzəffər savaşından sonra Şuşa rayonunun Malıbəyli kəndi müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində qalıb...

Oxunma sayı 10077
Siyasət rubrikasından digər xəbərlər