İrana cavab olaraq İsraildə təcili səfirliyimiz açılmalıdır - Çağırış

12:08 14.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Yenə İrandan Ermənistan və Laçın dəhlizi ilə separatçılara tırlar vasitəsilə yüklər daşınır. Azərbaycan bu yükdaşımalarına görə dəfələrlə bu ölkəyə etiraz etsə də, proses davam edir. Ermənistan yenə 24 kilometrlik ərazi ilə bağlı çığır-bağır salır. Məlum Gorus-Qafan yolunda  İran nömrəli maşınlar sərhədçilərimiz tərəfindən yoxlanır.

Politoloq Qabil Hüseynli hafta.az-a şərhində bildirib ki, iran bu davranışları ilə açıq-aşkar Azərbaycanın istiqlalını qəbul etmədiyini göstərir.

Politoloq bildirib ki, İran qorxur ki, Azərbaycanın istiqlalı güneydə yaşayan 45 milyonluq Azərbaycan türkləri üçün bir nümunə olar və onlar da vahid Azərbaycan ideyasına köklənmiş olarlar.

“Ona görə də şiə, İslam həmrəyliyindən danışan İran xristianlığın bir qolu olan qriqorian erməniləri ilə daha çox əməkdaşlıq edir və çalışır ki, Azərbaycana daha çox ziyan vursunlar.  44 günlük müharibə dövründə Rusiyadan gələn hərbi yüklərin bir çoxu  iranın aeraportları vasitəsi ilə Ermənistana və Qarabağın dağlıq hissəsinə daşınıb ekstremistlərə verilirdi. Orada yaşayan Azərbaycan türkləri iki tank yüklənmiş  tıra od vurub yandırdılar. Təbrizdə və bir sıra yerlərdə etiraz nümayişi keçirdilər ki, Ermənistana kömək qardaş Azərbaycana xəyanətdir.  O zaman özlərini bir qədər yığışdırdılar. Müharibədəki qələbəmizdən sonra onlar yenə də  separatçı, ekstremist qüvvələri ayaqda saxlamaq üçün  köməklərini daha da artırıblar. Azərbaycan nota verdi və İranın bu hərəkətlərini pislədi. İranı yaxın qonşuluq münasibətlərinə riayət etməyə çağırdı. Amma nə fayda. İran ona verilən notalardan sonra Ermənistana yardımını dayandırmadı”.

Politoloq hesab edir ki, İranın bu davranışları onunla bağlıdır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bilməsin. Onlar Ermənistana dəstək durub, erməni ordusunun yenidən qurulmasına çalışır. 

“İran bölgədə balans yaratmaq istədiyini bildirir. Əgər balans yaratmaq istəyirsənsə, bu davranışların nədir? Sən balans yaratmırsan, sən faşistpərəst qüvvələri  Azərbaycana qarşı müharibəyə təhrik edirsən”.

Politoloq bildirib ki, Azərbayacan Gorus-Qafan yolunda polis postları qurub İrandan Ermənistana, Qarabağa gedən maşınları geriyə qaytarır:

“Bu onun suveren hüququdur. Eyni zamanda Azərbaycan peykləri regionu nəzarətdə saxlayır”.

Politoloq hesab edir ki, İranda yaşayan azərbaycanlılar hökumətə təsir göstərməlidir. İran azərbaycanlılarına xüsusi təbliğat televiziyası, mətbuat açmaq lazımdır.

“İranın bölgədəki ən böyük qənimi İsraildir. İsraillə əlaqələrimiz daha da genişləndirilməlidir. Orada təcili bizim səfirliyimiz açılmalıdır.  İran vaxtilə bizi ittiham edirdi ki, guya Azərbaycan İsrailə bölgədə hərbi baza yaratmaq üçün imkan yaradıb. Əslində belə bir məsələ yox idi, amma bunlar bizi sınağa çkirdilər. İndi Azərbaycanın geosiyasi rolu elədir ki, bu ərazidən İrana qarşı, istənilən dövlətə qarşı da baza yaratmaq olar. Azərbaycanın belə bir niyyəti yoxdur. Türkiyə bölgədə olduğu şəraitdə daha kimlərinsə bölgəyə gəlməsini istəmərik.  Bıçaq sümüyə dirəndiyi zaman biz İranın düşmənləri ilə də əlaqə yarada bilərik.  İranın da düşmənləri dünyada həddən artıqdır. Dövlət adından danışa bilmərik, amma belə məsələləri gördükcə bizim də verə biləcəyimiz tövsiyələr bu cür olur”-deyə Q.Hüseynli deyib.

Oxunma sayı 2340
Siyasət rubrikasından digər xəbərlər